13 sentyabr 2024 17:46
189

Çində 1970-ci ildən sonra ilk dəfə pensiya yaşı artırılır: Kişilər 63, qadınlar 55-58 yaş...

Ümumçin Xalq Nümayəndələri Məclisi ölkədə pensiya yaşının mərhələli şəkildə artırılacağını elan edib.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Qeyd edilib ki, mövcud standartlar 1950-ci illərdə tətbiq edilmiş və 1970-ci illərdə təkmilləşdirilmişdir. Çinin pensiya yaşı indi dünyada ən aşağı yaşlardan biridir: kişilər üçün 60, qadınlar üçün isə 50 və ya 55 (fiziki və ya ofis işləri ilə məşğul olub-olmamasından asılı olaraq). İndi bu yaş tədricən kişilər üçün 63 yaşa, qadınlar üçün 55-58 yaşa qaldırılacaq. Bundan əlavə, 2030-cu ildən pensiya almaq üçün tələb olunan minimum iş stajının indiki 15 ildən 20 ilədək artırılması nəzərdə tutulur.

Qeyd edək ki, Çində kifayət qədər mürəkkəb pensiya sistemi var. Ölkədə dövlət pensiya sistemi, işçilər üçün könüllü pensiya ayırmaları və qeyri-dövlət pensiya fondları mövcuddur. Təqaüdlər ölkənin bölgəsindən asılı olaraq çox dəyişir və şəhər və kənd sakinləri arasında da fərqlənir. Bundan əlavə, daimi qeydiyyat yerində yaşamayan şəxslər ümumiyyətlə pensiya ala bilməzlər. 1990-cı illərin əvvəllərində Çində pensiyalar yalnız dövlət sektoru işçilərinə verilirdi, sonra pensiya ödənişlərinin xüsusilə gec tətbiq olunduğu kənd yerlərinin sakinləri də daxil olmaqla əhalinin digər kateqoriyalarına yayıldı. Bəzi hesablamalara görə, şəhərlərdə orta pensiya 450-500 dollar, Pekin və Şanxay kimi şəhərlərdə təqribən 850 dollar olduğu halda, bir çox kənd sakinləri yalnız 25-30 dollar baza pensiya alırlar.

Çində orta ömür uzunluğu 1960-cı ildəki 44 yaşdan 2023-cü ildə 78,6 yaşa qədər artıb. Eyni zamanda, getdikcə ölkə əhalisinin qocalması müzakirə mövzusudur. 2022-ci ildə əhalinin sayı 60 ildə ilk dəfə azalıb.