![]() |
Zahid Rza |
Dünyanın iqtisadi və siyasi böhranlar məngənəsində sıxıldığı bir dövrdə dövlət başçısı İlham Əliyevin dəqiq hesablamalara və reallığa söykənən daxili və xarici siyasəti xalqımızın maraqlarına, milli mənafelərimizin təmin olunmasına, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun daha da artmasına və dünya siyasətində söz sahibinə çevrilməsinə xidmət edir. Dəqiq müəyyənləşdirilmiş prioritetlər, xalqın mənafeyinə uyğun sosial-iqtisadi siyasət, çevik idarəçilik mexanizmi, diplomatiya sahəsində balanslaşdırma prinsipinə əməl olunması, milli maraqların qorunması müasir Azərbaycanın dinamik inkişafını və beynəlxalq aləmdə söz sahibinə çevrilməsini təmin edən başlıca amillərdir.
Vətəndaş cəmiyyətinin formalaşdırılmasının və inkişaf etdirilməsinin sosial-siyasi tərəqqinin başlıca amillərindən olmasını diqqətdə saxlayan ölkə rəhbərliyinin həyata keçirdiyi reallığa söykənən, praqmatik siyasətin nəticəsində bu sahənin inkişafına xüsusi diqqət ayrılıb, vətəndaş cəmiyyəti təsisatlarının, kütləvi informasiya vasitələrinin dövlət tərəfindən dəstəklənməsinə dair konkret mexanizmlər formalaşdırılıb. İnsan haqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə Milli Fəaliyyət Proqramı qəbul edilib, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi üçün qanunvericilik islahatları həyata keçirilib.
Məlum olduğu kimi, insan hüquq və azadlıqlarının qorunmasının səmərəliliyini artırmaq üçün Milli Fəaliyyət Proqramının qəbul edilməsi Azərbaycanın “Yaxın Qonşuluq Siyasəti” və “Şərq Tərəfdaşlığı” təşəbbüsləri çərçivəsində yaxından tərəfdaşlıq etdiyi Avropa İttifaqı, habelə ATƏT tərəfindən insan haqlarının qorunması istiqamətində mühüm addım kimi qiymətləndirilib.
Çox təəssüf ki, Azərbaycanın güclənməsini və müstəqil siyasət yeritməsini gözü götürməyən müəyyən dairələr, erməni lobbisinin və antiazərbaycançı qüvvələrin təsiri altında olan bəzi beynəlxalq hüquq müdafiə təşkilatları respublikamızda keçiriləcək referendum ərəfəsində ölkəmizə qarşı qarayaxma kampaniyasını işə salmağa cəhd edirlər.
Antiazərbaycançı qüvvələrin lokomotivlərindən olan “Freedom House”, “Amnesty İnternational” və “Human Rights Watch” kimi üzdəniraq təşkilatlar Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayaraq beynəlxalq ictimaiyyətdə ölkəmiz haqqında reallıqdan uzaq, şər-böhtan dolu fikirlər formalaşdırmaq üçün ən çirkin vasitələrdən istifadə edirlər. Belə təşkilatlardan bəzilərinin bu günlərdə konkret cinayət əməlləringə həbs edilmiş AXCP sədrinin köməkçisi Faiq Əmirlinin, REAL Hərəkatının icraçı katibi Natiq Cəfərovun həbsi ilə bağlı bəzi beynəlxalq qurumların verdiyi bəyanatlarda da özünü göstərir.
Bu gün beynəlxalq hüquq normalarından, insan hüquq və azadlıqlarından dəm vuran, ölkəmizdə qərəzli olaraq “insan haqları” axtarışına çıxan bəzi nüfuzlu beynəlxalq təşkilatlar nədənsə ABŞ və Avropada tüğyan edən rasizm, dini və irqi ayrı-seçkilik, polis özbaşınalığı, korrupsiya barədə danışmaq əvəzinə inadkarcasına susurlar. Onlar beynəlxalq hüququn bütün norma və prinsiplərini ayaqlar altına ataraq iyirmi ildən artıq bir müddətdə tarixi Azərbaycan torpaqlarını, Dağlıq Qarabağı işğal altında saxlayan işğalçı Ermənistan haqqında bir kəlmə də olsa danışmırlar. Məhz Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz ata-baba yurdlarından didərgin düşmüş bir milyondan çox azərbaycanlının hüquq və azadlıqlarının kobudcasına pozulmasından isə ümumiyyətlə, bəhs etmirlər. Son etirazlar zamanı Ermənistanda kobud şəkildə pozulmuş insan haqlarından danışmağı belə ağıllarına gətirmirlər.
Belə olan halda neoimperialistlərin bu muzdlu nökərləri, erməni lobbisinin buyruq qulları hansı üzlə ölkəmizdə mikroskopla insan haqları, bəşəri dəyərlər axtarışına çıxaraq, konkret cinayət əməllərinə görə həbs olunmuş şəxsləri müdafiə edərək onlardan “siyasi məhbus” düzəltməyə cəhd edirlər? Belə yerdə deyiblər: “Utanmasan oynamağa nə var ki?”