![]() |
Zahid Rza |
İşğalçı Ermənistanın vəziyyəti çox qarışıqdır. İqtisadi tənəzzül, əhalinin kütləvi surətdə yoxsulluq içində çabalaması bu ölkəni fəlakət girdabına sürüyüb. Ölkə xaos və anarxiya içindədir. Elə bir vəziyyət yaranıb ki, hətta havadarları belə ona kömək edə bilmirlər.
Ermənistan tamamilə güncə sığışdırılıb və hətta belə demək mümükünsə sındırılıb. Erməni mətbuatına açıqlama verən rusiyalı politoloq Andrey Piontkovski da bildirmişdir ki, bu ölkə hazırda küncə sıxışdırılıb: “Moskva Qarabağ məsələsində Ermənistanı sındıracaq. İrəvan kiməsə müqavimət göstərmək və öz şərtlərini yeritmək gücündə deyil. Ermənistan olduqca küncə sıxışdırılıb və bütünlüklə başqa dövlətlərdən asılıdır. Bu ölkənin azadlıq və müstəqillik əldə etməsi çətin olacaq...”
Artıq Qərbdə də Ermənistana qarşı münasibət dəyişib. Azərbaycanın qüdrəti, gücü qarşısında kimlərsə ermənilərə qahmar çıxmaq istəmir. Hətta erməni politoloqu Riçard Kirakosyan da deyib ki, belə getsə Qərb Ermənistanı təcrid edərək ona sanksiyalar tətbiq edəcək.
BMT İnsan Hüquqları Şurasının məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani bildirib ki, artıq Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə nail olmağın vaxtı çatıb: “Bu, Dağlıq Qarabağda vəziyyətin daha normal məcrada inkişafına şərait yaradacaq, eyni zamanda BMT-nin qəbul etdiyi qətnamələrin icrasına imkan verəcək”.
Azərbaycan Prezidenti İlham Əliyev 28 May Respublika Günü münasibətilə keçirilən tədbirdəki nitqində bildirdi ki, Ermənistana verilən vaxt artıq bitib, münaqişənin həlli üçün bütün lazımi diplomatik və hüquqi əsaslar qoyulub: “Münaqişə ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapa bilər. Beynəlxalq hüquq isə bizim mövqeyimizi müdafiə edir. Ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü mübahisə mövzusu deyil. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar predmeti olmayıb və olmayacaq. Münaqişə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında öz həllini tapmalıdır. Başqa həll variantı yoxdur. Biz imkan vermərik ki, öz ərazimizdə ikinci qondarma erməni dövlətini yaratsınlar. İkinci erməni dövləti olmayacaq”.
Dövlət başçısı dəfələrlə bəyan edib ki, nə qədər ki, torpaqlarımız işğal altındadır, müharibə bitmiş sayılmayacaq. Ermənistan müharibənin ikinci mərhələsinin başlamasını istəmirsə, işğal etdiyi torpaqlardan xoşluqla çıxsın: “Biz həmsədr ölkələrdən etimad tədbirləri haqqında dəfələrlə eşidirik. Ən gözəl etimad tədbiri erməni işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasıdır. Nə qədər ki, torpaqlarımız işğal altındadır, müharibə bitmiş hesab oluna bilməz. Mən dəfələrlə demişəm ki, müharibə davam edir. Müharibənin birinci mərhələsi başa çatıb. Ermənistan istəmirsə ki, ikinci mərhələ başlasın, onda düzgün nəticə çıxarsın, işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxsın. Bəlkə o vaxt gələcəkdə müstəqil erməni dövləti xəritədə qala bilər. Əslində bu gün də erməni dövlətini müstəqil adlandırmaq olmaz. Biz bundan sonra da münaqişənin həlli işində prinsipial mövqeyimizdən dönməyəcəyik və bütün imkanlardan istifadə edib Ermənistanı işğalçı, kriminal ölkə kimi ifşa edəcəyik”.
Göründüyü kimi, artıq Ermənistanın bütün sahələrdə limiti bitib. Əgər onlar bir xalq kimi yaşamaq istəyirlərsə Sarkisyanın kriminal, korrupsioner, quldur rejimindən canlarını qurtarmalı, qonşularla dinc yanaşı yaşamalıdırlar. Əks təqdirdə ermənilər daha böyük fəlakətlərlə üzləşəcəklər.