KÖŞƏ

Zahid Rza

“İblis!.. O böyük ad nə qədər calibi-heyrət...”

26 avqust 2016 15:59
1485

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məlum olduğu kimi, “Müsəlıman birliyi” hərəkatının “lideri” T.Bağırov qəsdən adam öldürmdə, qəsdən adam öldürməyə cəhddə, qanunsuz olaraq odlu silah əldə etmədə, qanunsuz olaraq silah gəzdirmədə ittiham olunur.  O ötən il noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov saxlanılıb.

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, və hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur. Məhkəmə prosesləri konkret maddi sübutlar, şahid ifadələri və s. ilə həyata keçirilir.

Qeyd edək ki, ölkənin hüquq- mühafizə orqanları 2015-ci il noyabrın  26-da Nardaran qəsəbəsində “Müsəlman birliyi” hərəkatının üzdəniraq “lideri” Taleh Bağırovun respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terror aktları, bütövlükdə konstitusiya quruluşunu dəyişdirməklə şəriət qanunları ilə idarə olunan dini dövlətin yaradılmasını planlaşdıran silahlı cinayətkar dəstəni zərərsizləşdirmək üçün əməliyyat tədbiri həyata keçirdilər.

Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərmiş cinayətkar dəstənin 4 üzvü məhv edildi, daha bir neçə nəfəri yaralandı. Xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirən polis serjantları Vüqar Nəsibov və İsmayıl Tağıyev qəhrəmancasına həlak oldular.

Hamımızın yaxşı yadındadır ki,  o günlərdə  bu terrorçu dəstənin silahlıları bütöv bir qəsəbəni girov götürərək dinc sakinlərin həyatını cəhənnəmə döndərmişdilər. İş o yerə çatmışdı ki, “Müsəlman birliyi” hərəkatının üzdəniraq radikal ünsürləri hüquqi, dünyəvi, demokratik dövlət quruluşuna və idarəçiliyinə qarşı çıxır,  hakimiyyət nümayəndələri ilə ultimatum dili ilə danışır, bölücülük xarakterli şərtlər və digər qanunsuz tələblər irəli sürməyə cəhdlər göstərirdilər. O günlərdə respublikanın hüquq-mühafizə orqanlarının yaydığı bəyanat da göstərilirdi ki,  terrorçu təşkilatın üzvləri, dini radikalizmi, ekstremizmi özlərinin əqidəsinə və həyat tərzinə çevirmiş həmin şəxslər qəsəbədə ölkənin qanunlarını, dövlət atributlarını inkar edir, Azərbaycan dilinin tətbiqi ilə bağlı qanunvericiliyin tələblərini qəsdən pozur, azyaşlı və yeniyetmələr arasında cəhaləti və zorakılığı təbliğ edirlər.

Antiazərbaycan dairələrin qulbeçəsi olan T.Bağırov başda olmaqla bu terrorçular qəsəbə sakinlərini konstitusion quruluşa qarşı çıxmağa, hakimiyyət nümayəndələrinə zor tətbiq etməyə, yolları bağlamağa, barrikadalar qurmağa çağırsalar da əhalinin etirazı ilə qarşılaşdıqlarından daha da aqressivləşirdilər.
 Şübhəsiz ki, o günlərdə Nardaran qəsəbəsində gərginliyin saxlanılmasına edilən cəhdlər  sakinlərdə, həmçinin ölkənin bütün vətəndaşlarında narazılıq, narahatlıq doğurur və onlar dövlətin Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə yönələn hüquqazidd əməllərin qarşısının alınmasını, qanunçuluğun, sabitliyin və ictimai qaydanın bərpa edilməsini, dövlət və bələdiyyə orqanlarının normal işinin təmin olunmasını, silahlı cinayətkar qruplaşmalara qarşı qətiyyətli tədbirlərin görülməsini tələb edirdilər.

Nardarandakı qanlı hadisələrdən sonra AXCP sədri Əli Kərimli, onun müavini Fuad Qəhrəmanlı kimilərin və onların tör-töküntülərinin cəmləndiyi “Milli Şura” adlı təşkilatın din pərdəsinə bürünmüş terrorçuları müdafiə etməsi bəzi mətləblərin üzərinə işıq saldı.

Heç kəsə sirr deyil ki, bütün bunlar- ölkəmizdəki sabitliyi, inkişafı, əmin-amanlığı pozmaq üçün planlaşdırılan qanlı hadisələr, məkrli proseslər, həm də onların yerli icraçıları-xaricdəki antiazərbaycan dairələrin yuva saldığı vahid mərkəzdən idarə olunur. Həmin proseslərə və onaların icraçılarına diqqət etdikdə açıq-aşkar görünür ki, belə təxribatçı, dağıdıcı, pozucu layihələrin konturları milli maraqlarımıza qarşı yönəldilmiş antiazəbaycan siyasətin tərkib hissəsi olaraq  məhz həmin mərkəzlərdə cızılıb. Bu günlərdə Əli Kərimlinin və Cəmil Həsənlinin dəstəyindən sonra erməni lobbisinin maşası, antiazərbaycan “orden”inin fəal “şövelye”lərindən olan Leyla Yunusun T.Bağırova yazdığı məktub bunu tam çılpaqlığı ilə ortaya qoyur.

Göründüyü kimi, hər iki şəxs və onlarla əlbir olanlar konkret cinayətə əməllərinə görə ittiham olunurlar. Buna baxmayaraq, xarici antiazərbaycan dairələrin güclü dəstəyini alan AXCP sədri Əli Kərimli və “Milli Şura” sədri Cəmil Həsənli  utanıb-qızarmadan məsələlərin əsl mahiyyətini ört-basdır etməyə çalışaraq onlardan yenə “siyasi şou” düzəltməyə çalışırlar. Ancaq bu üzdəniraqlar unudurlar ki, xəyanət və cinayət  heç zaman cəzasız qalmır. Ona görə də bütün ali dəyərləri ayaqlar altında tapdalayan, Azərbaycan əleyhdarlarının şeytani yuvalarından təlimat alaraq ölkəni xaosa, anarxiyaya sürükləməyə çalışan T.Bağırov və F.Qəhrəmanlı kimilər öz İblisanə əməllərinə layiq olduqları cəzanı alacaqlar...