![]() |
Zahid Rza |
Ölkəmizdə beynəlxalq əhəmiyyətli tədbirlərin, seçkilərin keçirildiyi ərəfədə antiazərbaycan dairələr və onların maliyyələşdirdiyi yerli xəyanətkarlar fəallaşaraq Azərbaycan əleyhinə irimiqyaslı kampaniyalar təşkil edərək, respublikamızda insan hüquq və azadlıqlarının pozulmasını, guya “siyasi fəalların” təqib edilməsini ortaya ataraq bulanıq suda balıq ovlamağa çalışırlar. Daha doğrusu, ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq, cəmiyyətdə süni qarşıdurma yaratmaq üçün dəridən qabıqdan çıxırlar.
Sentyabrın 26-da ölkəmizdə Konstitusiyaya dəyişiliklər etmək məqsədilə keçiriləcək referendum ərəfəsində də erməni diasporu və antiazərbaycan qüvvələr, onların təsiri altında olan media qrupları, ABŞ və digər Qərb ölkələrindəki bəzi dairələr, onların yerli əlaltıları Azərbaycana qarşı qarayaxma kampaniyasının miqyasını genişləndiriblər. Vahid mərkəzdən idarə olunan bu antiazərbaycan qüvvələr öz ənənələrinə sadiq qalaraq “Freedom House”, “Amnesty İnternational” və “Human Rights Watch”kimi üzdəniraq təşkilatları irəli verməklə kifayətlənməyib, “üslubları”na yeni rəng qataraq keçmiş “cib” diplomatlarını, ələbaxımlılığı özünə peşə edən “jurnalist” və “yazıçıları” da bu işlərə cəlb ediblər. Bu üzdəniraqlar 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, “Bakı-2015” birinci Avropa Oyunları zamanı olduğu kimi, referendum ərəfəsində də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayaraq beynəlxalq ictimaiyyətdə ölkəmiz haqqında həqiqətdən uzaq, şər-böhtan dolu fikirlər formalaşdırmaq üçün ən çirkin vasitələrdən istifadə edirlər.
Erməni lobbisinin çirkli maliyyəsi ilə bəslənən bu mənfur niyyətli qüvvələr özlərinin “sınanılmış” təzyiq formalarına “yeniliklər” əlavə edərək müxtəlif beynəlxalq təşkilatlara tez-tez məktublar ünvanlayaraq Azərbaycana təzyiqlər edilməsini tələb edirlər. Özlərinin antiazərbaycan obrazlarını yaratmış “Human Rights Waths”, “Amnesty İnternational” kimi təşkilatların, keçmiş diplomat Riçard Kozlariç, Devid Kramer kimilərin bir müddət bundan əvvəl ölkəmizlə bağlı ABŞ senatorlarına məktub ünvanlamalarını yaxşı xatırlayırıq. Bugünlərdə həmin R.Kozlariç yenə ölkəmiz haqqında şər-böhtan dolu açıqlamalar verərək öz mənfur, ermənipərəst xislətini bir daha nümayiş etdirdi. Bu üzdəniraq “demokratiya carçısı”nın N.Cəfərli, T.Bağırov, F.Qəhrəmanlı kimilərin həbsi ilə bağlı açıqlamaları da məlum şər-böhtan kampaniyasının tərkib hissəsi kimi dəyərləndirilməlidir. R.Kozlariçin öz ampluasında qalaraq ölkəmizdə insan haqlarının “pozulmasından” dəm vurub Azərbaycanı öz beynəlxalq öhdəliklərini yerinə yetirməməkdə ittiham etməsi təbii ki, absurddur.
Şübhəsiz, belə bədxahlarımızın bütün cəhdləri uğursuzluğa düçar olacaqdır. Beynəlxalq ictimaiyyət və xalqımız yaxşı bilir ki, belələri və onların arxasında gizlənənlər “insan haqları”, “vətəndaş cəmiyyəti”, “siyasi məhbus” məsələlərini əsassız şəkildə əldə dəstəvüz edərək ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Vahid mərkəzdən idarə olunan, islamofob, antiazərbaycan mərəzinə tutulan bu beynəlxalq şəbəkənin üzvləri yaxşı olar ki, öz ölkələrində, bütövlükdə Qərbdə tüğyan edən dini, irqi ayrı-seçkiliyə, rasizmə, insan hüquqlarının kütləvi şəkildə pozulmasına, polis özbaşınalığına qarşı mübarizə aparsınlar, ölkəmizə qarşı qarayaxma kampaniyasına son qoysunlar. Çünki onların bu çirkin əməlləri kənardan çox eybəcər görünür.