Vəli İlyasov |
və ya “Məhsul”dan feysbuka eniş
“Milli Şura” və “Yurd” təşkilatının son aylarda birgə keçirdikləri üç mitinqin hər birində cəmi üç-dörd yüz nəfərdən çox muzdlu nümayişçinin iştirak etmədiyi hamıya bəllidir. Meydana az adam gəlməsi, çağırışlarının qəbul edilməməsi, aldadılmış insanların uzaqlaşmaları və beləliklə də elektoratın gündən-günə “əriməsi” bu müxalif təşkilatcıqların rəhbərlərini məyus edib. Bundan da başqa fəxri sədrləri Rüstəm İbrahimbəyovun onlardan üz döndərməsi ikinci zərbə kimi ovqatlarını daha da pəjmürdə edib. Rüstəm İbrahimbəyov “bəy” dostlarına rəsmi surətdə bildirib ki, Əli əlini ondan üzsün, o artıq nə şura, nə “Yurd”, nə də siyasətlə maraqlanır. İddialardan əl çəkdiyini, fəaliyyətini kino sahəsində davam etdirəcəyini qətiləşdirdiyini deyib. Digər tərəfdən də Cəmil Həsənli ilə şirin vədlərlə cəlb etdikləri dindarlar onlara qoşulmayacaqlarını bəyan ediblər. Məlum olub ki, konkret cinayət törətmiş şəxslərə Əli Kərimli tərəfindən “siyasi məhbus” statusu verilib və onarın ailələri üçün xarici ağalardan çoxlu pul qoparılıb. Həmin pulların cüzi bir hissəsi sahiblərinə çatdırılsa da, böyük hissəsi “Yurd” rəhbəri və əshabələri tərəfindən mənimsənilib. Görünür, onlar yalnız bundan sonra Əli Kərimlinin verdiyi vədlərin və irəli sürdüyü fikirlərinin yalandan başqa bir şey olmadığını anlayıblar. Başa düşüblər ki, mitinqlərdə o, ona görə canfəşanlıq edir ki, külli miqdarda pul qazansın. Ona görə də mitinqlərə gəlməyəcəklərini söyləyiblər və bu üç zərbə Əli Kərimlini dərindən düşünməyə vadar edib. Ətrafına yeni adamlar toplamaq üçün yeni variant axtarmalı olub.
Ancaq xalqdan çoxdan tamamilə ayrı düşmüş bu adam yeni “mübarizə” üsulu tapıb. Bəs necə, ona da Kərimli deyərlər, daşdan da pul çıxarmağı bacarır. Bu sahədə onun xüsusi “istedadı” var. Hələ 28 oktyabr mitinqində bu qopmaların baş verəcəyini duyan Kərimli nümayişçiləri arxayın salmaq üçün pafosla anons vermişdi ki, yaxın vaxtda mübarizənin daha kəskin forması tətbiq olunacaqdır. Bir ovuc müxalifət intizarla gözləyirdi ki, görəsən Əli Kərimli hansı “kəskin” mübarizə üsulunu kəşf edib. Sonda məlum oldu ki, siyasi fırıldaqlar ustası olan Əli Kərimli yeni, ancaq olduqca gülünc bir vasitəyə əl atıb. Belə ki, o, tərəfdarlarını sosial şəbəkələrdə Feysbuka girməyi və oradan hakimiyyətə şər-böhtan yağdırmağı əsas mübarizə vasitəsi kimi seçdiyini bildirib. Artıq neçə müddətdir ki, kərimçilər şıdırğı feysbuk paylaşmaları ilə məşğul olurlar. Onlar özbaşınalıq edərək səhifələrə girir, qanuni istifadəçilərin yazışmalarını ləğv edir, xüsusilə onların “kometlərini” rədd edənlərin yazılarını əngəlləyir, səhifələrə özlərinin uydurduqları yalan və şər-böhtanları əlavə edirirlər.
Dediyimiz kimi, qaragüruhçular buna əvvəlcədən hazırlıq görüblər. Qısa müddətdə elə ixtisaslaşıblar ki, hətta xarici ölkələrdə keçirilən mitinq və nümayişləri də ustalıqla montaj edərək feysbuka yerləşdirirlər. İndi üstü açılıb ki, dələduzluqla məşğul olan kərimçilərin hər biri yalançı adlarla bir neçə saxta profil yaradıb. Bir neçəsi iqtidar əleyhinə komet yazır, marıqda durmuş “ləbbeyk” deyənlər dəstəsi isə dərhal onu “layk” edir və bəyəndiklərini bildirirlər. Bu minvalla onlar muzdlu və ya yalançı “laykçıların” “kometlərini” yaymağa və cəmiyyəti çaşdırmağa çalışırlar.
Ancaq belə fırıldaqlar daha keçmir, kimin kim olduğu çoxdan bəllidir, cildini dəyişib əməllərini dəyişməyən bu bir dəstə tipi cəmiyyət yaxşı tanıyır və qəbul etmir. Olsa-olsa onlar belə fırıldaqlarla xaricdəki xam ağalarından pul qopara bilərlər. Əslində əsl məqsədləri də elə budur. Zərb-məsəldə deyildiyi kimi, “Ayının min oyunu var, bir armudun üstündə”.