![]() |
Zahid Rza |
AXCP sədri Əli Kərimli və “Milli Şura” sədri Cəmil Həsənli xislətindəki pozuculuğa, inkarçılığa, dağıdıcılığa sadiq qalaraq həmişə radikal ünsürləri, yad təsirlər altında olanları, ziyanlı cərəyanlara mənsub şəxsləri müdafiə edərək onlara haqq qazandırmağa çalışıblar. Üzdəniraq “Müsəlman birliyi”nin sədri Taleh Bağırzadənin həbsi zamanı onu müdafiə etmələri, Nardaran hadisələri ilə bağlı açıqlamaları, nəhayət, FETÖ şəbəkəsi ilə bağlı proseslər bu üzdəniraq qaragüruhçuların öz məkrli niyyətlərini həyata keçirmək üçün şeytanın özü belə ittifaqa girməyə hazır olduqlarını bir daha ortaya qoydu.
AXCP sədri Ə.Kərimlinin iyirmi ildən çox bir müddətdə keçdiyi həyat yoluna, “siyasi” fəaliyyətinə diqqət etdikdə onun merkantil maraqlarına, şəxsi ambisiyalarına görə daim Azərbaycanın əleyhdarları ilə işbirliyində olduğunu açıq-aşkar görmək olur. Bu saxta “demokrat” son vaxtlar ətrafındakı tör-töküntülər, cəmiyyətin çıxdaş etdiyi autsayderlərlə birləşərək bu sahədəki fəaliyyətini daha da intensivləşdirib. Öz çirkin məqsədlərinə nail olmaq üçün müxtəlif cinayətkar şəbəkələrlə, təriqətlərlə bazarlığının, işbirliyinin bir nəticə vermədiyini və əməlləri gün üzünə çıxdıqca rüsvayçı vəziyyətə düşdüyünü görən Ə.Kərimli indi də qrant qibləgahı olan Qərbdəki antiazərbaycan havadarlarına üz tutaraq onların ətəyinə bərk-bərk sarılıb. Erməni lobbisinin çirkli pullarını ilə yağ-bal içində böyrək kimi bəslənən həmin havadarlar isə “əl əli yuyar, əl də üzü” prinsipi ilə hərəkət edərək kömək əvəzində AXCP sədrindən Azərbaycan əleyhinə kompromatlar, donoslar tələb edirlər. Şəxsi maraqları naminə ən ali dəyərlərə tüpürən Ə.Kərimli və tərəfdarları isə çox böyük həvəslə öz ölkəsinin əleyhinə şər-böhtan dolu məlumatları Azərbaycana qarşı qərəzli, düşmən münasibəti ilə hətta Qərbin özündə belə “məşhuri-cahan” olan “Amnesty İnternational”, “Sərhədsiz Reportyorlar” «Sport for Human Rights Coalition» (İnsan Hüquqları Naminə İdman Koalisiyası) və s. kimi təşkilatlara ötürürlər. Erməni lobbisinin, daşnakların yuva saldığı bu qurumlar isə öz növbəsində həmin donoslar əsasında müxtəlif bəyanat və hesabatlar hazırlayaraq ölkəmizin beynəlxalq müstəvidə gündən-günə möhkəmlənən müsbət imicinə və güclənən mövqeyinə ləkə yaxmaq, zərbə vurmaq üçün min bir oyundan çıxırlar.
Heç kəsə sirr deyil ki, Qərbin bəzi nüfuzlu təşkilatlarında, parlamentlərində təmsil olunan antiazərbaycan əhvali-ruhiyyəli vəzifəli şəxslər, deputatlar həmin hesabatları ölkəmizin əleyhinə olan qənimət kimi ələ keçirərək onlardan maksimum dərəcədə yararlanmağa çalışırlar. Əslində Ə.Kərimli və onun ətrafında olan marginallar antiazərbaycan dairələrlə belə rabitəli fəaliyyətlərini heç gizlətmirlər, əksinə utanmadan, ayıblarına və ya abırlarına kor olmadan onları aşkarcasına bəyan edirlər. Bu günlərdə «Sport for Human Rights Coalition» (İnsan Hüquqları Naminə İdman Koalisiyasının) koordinatoru Rebecca Vincentin ölkəmizin əleyhinə “Azadlıq” radiosuna verdiyi açıqlama ilə bağlı AXCP sədrinin yaxın adamlarından olan, “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli açıqlaması bunun əyani sübutudur. Gündə bir partiya dəyişən, partiyası, təşkilatı dəyişdikcə “əqidəsi”, mövqeyi də müstəvinin bir ucundan o bir ucuna sürüşən G.Hacıbəyli deyir ki, istər Avropa Parlamentinin, istərsə də digər beynəlxalq təşkilatların ənənələrinə görə insan haqları və demokratiya ilə bağlı dinləmələri bu şəkildə təşkil olunur. Öncə həmin ölkə üzrə ixtisaslaşan, ölkədəki durumu gözəl bilən QHT-lər bu barədə müvafiq qurumların təmsilçilərini məlumatlandırırlar. Daha sonra isə həmin müzakirələr daha ciddi sektorlara, parlamentin özünə köçürülür.
Bəli, bu işlərin qaydası belədir. Əvvəlcə ölkədəki antimilli ünsürlər, öz ölkəsinə qənim kəsilmiş xəyanətkarlar insan hüquqları, söz, vicdan azadlığı və s. ilə bağlı həqiqətdən uzaq, qeyri-obyektiv, qərəzli məlumatları yuxarıda qeyd etdiyimiz təşkilatlara ötürürlər. Təpədən dırnağa, sümüyünə, iliyinə qədər Azərbaycan əleyhdarları olan həmin təşkilatlar da o məlumatların, şər-böhtanların rəngini bir az da tündləşdirərək Qərbin müxtəlif dairlərinə sızdırırlar. Sonrası isə məlumdur...
Əsl həqiqət budur! Ancaq bu zavallılar, simasızlar, antiazərbaycan şəbəkəsindəkilər anlamırlar ki, onların bütün bu üzdəniraq əməllərinin heç bir faydası olmayacaq. Çünki Azərbaycanın tutduğu yol haqq yoludur. Müstəqil respublikamız bu yolda inamla irəliləyib, bundan sonra da öz yoluna davam edərək bütün mübarizələrdə qalib gələcəkdir.