KÖŞƏ

Zahid Rza

İkili standartlar beynəlxalq münasibətlər sisteminin qara yarasıdır

02 sentyabr 2016 14:12
1296

Azərbaycanın dinamik inkişafını, regionun lider dövlətinə çevrilməsini, beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsini, dünyada söz sahibinə çevrilməsini istəməyən, müstəqil siyasət aparmasını həzm edə bilməyən bədxahlarımız, erməni lobbisi və antiazərbaycan qüvvələr, onların təsiri altında olan media qrupları,  Qərbdəki bəzi dairələr, onların ölkəmizdəki “5-ci kolon”u  Azərbaycana qarşı irimiqyaslı  qarayaxma kampaniyasının rəngini bir az da tündləşdiriblər.

Qatı  ermənipərəst “Freedom House”, “Amnesty İnternational” və “Human Rights Watch” kimi üzdəniraq təşkilatlar da bu kampaniyanın əsas ruporlarına çevriliblər. Bu  üzdəniraqlar 2012-ci ildə  Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsi zamanı, I Avropa Oyunları ərəfəsində  və oyunların davam etdiyi müddətdə olduğu kimi, hazırda Konstitusiya dəyişiklikləri ilə bağlı keçiriləcək referendum ərəfəsində Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayaraq beynəlxalq ictimaiyyətdə ölkəmiz haqqında həqiqətdən uzaq, şər-böhtan dolu fikirlər formalaşdırmaq üçün ən çirkin vasitələrdən istifadə edirlər. Bu üzdəniraqlar bəzən müxtəlif beynəlxalq qurumlardan Azərbaycanla bağlı dinləmələr keçirilməsini  tələb etməkdən belə çəkinmirlər.

Məsələn, 2015-ci ildə  “Human Rights Watch” təşkilatı  Asiya İnkişaf Bankının (AİB) səhmdarlarına müraciət edərək Azərbaycana təzyiq göstərilməsini tələb etməsini xatılamamaq olmur. Maraqlıdır ki, bu müraciət AİB-in Rəhbərlər Şurasının “İnkişaf naminə tərəfdaşlığın gücləndirilməsi” şüarı altında  Bakıda keçirilən 48-ci İllik Toplantısı ərəfəsində olundu. İnkişaf etmiş Asiya ölkələrinin təmsil olunduğu bu təşkilatın İllik Toplantısının  Bakıda keçirilməsi şübhəsiz ki, Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, ölkəmizin Asiya və Sakit okean regionunda yerləşən dövlətlərlə əməkdaşlığının genişlənməsinə böyük təkan verəcək.

Təbii ki, referendum ərəfəsində Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparan ermənipərəst  təşkilatların fəallaşmasında qeyri-adi heç nə yoxdur.  “Human Rights Watch”  “Freedom House”, qatı  ermənipərəst Rebecca Vincentin koordinatoru olduğu “Sport for Human Rights Coalition» (İnsan Hüquqları Naminə İdman Koalisiyası)  hər zaman Azərbaycana münasibətdə qərəzli mövqe tutmasının səbəbləri bəllidir. Burada həm Qərbin bəzi qərəzli dairələrinin geosiyasi və geoiqtisadi maraqları, həm də erməni lobbisinin mənafeyi öz əksini tapır. Amma təşkilat bir müddət bundan əvvəl yaydığı hesabatında beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq dövlətlərin BMT tərəfindən tanınmış ərazilərini şübhə altına almağa cəhd göstərir. Bir neçə il bundan əvvəl “Freedom House” “Dünyada azadlıq” hesabatında Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş və təcavüzkar dövlətin, onların himayədarlarının dəstəyi ilə formalaşdırılmış separatçı rejimi “müstəqil” statusda göstərmişdi. Təşkilat seçki prosesini nəzərə alaraq, Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağdakı separatçı rejimi “qismən azad ölkələr” qrupuna daxil edib. Məhz bu cür həyasızcasına qiymətləndirmənin aparılması bir daha qaranlıq məqamlara aydınlıq gətirir və Azərbaycanın düşmənlərinin üzərinə işıq tutur. Buradan aydın olur ki, “Freedom House”un həmin hesabatındakı Azərbaycanla və onun ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağla bəndlər sırf erməni lobbisinin təsiri ilə ərsəyə gəlib. Əlbəttə ki, burada “Freedom House”u idarə edənlərin Azərbaycana qarşı qərəzli mövqe tutmasının səbəblərindən biri də islamofobiya ilə bağlıdır. Çünki Azərbaycan müsəlman ölkəsi olmasına baxmayaraq, sülhü, tolerantlığı və multikulturalizmi yaşadan, sürətlə inkişaf edən ölkə kimi tanınır. Amma həmin qərəzli dairələr bu faktı qəbul etmək istəmir və Azərbaycana qarşı bu cür təxribatçı iddialarla çıxış edirlər. Şübhəsiz ki, ölkəmizin əleyhinə qara piar kampaniyası aparanlar, necə deyərlər, öz mənəvi qidalarını ölkəmizə, bütövlükdə isə müsəlman dünyasına qarşı beynəlxalq münasibətlər sisteminin qara yarasına çevrilmiş ikili standartlar siyasəti yürüdən beynəlxalq güclərdən alırlar.

Vahid mərkəzdən idarə olunan, islamofob, antiazərbaycan qüvvələrin, onların sifarişlərini qeydsiz-şərtsiz yerinə yetirməyə çalışan “sapı özümüzdən olan balta”ların bütün cəhdlərinə baxmayaraq Azərbaycan dünyanın siyasi xəritəsindəki şərəfli yerini, regionun lider dövləti statusunu bundan sonra da inamla qoruyaraq öz hədəflərinə doğru inamla addımlayacaqdır.