Vəli İlyasov |
Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması Ermənistan rəhbərliyində və cəmiyyətində ciddi narahatlıq və vahimə yaradıb. İrəvanda yayımlanan “Armtimes.com” saytında bununla əlaqədar ətraflı məlumat dərc edilib. Saytın əməkdaşı Hayk Gevorqyan yazıb ki, hələ on il əvvəl BTQ-nin təməli qoyulanda keçmiş prezident Robert Köçəryan bildirmişdi ki, bu dəmir yolunun tikintisi başa çatmayacaq və çatsa da heç bir iqtisadi perspektivi olmayacaq. Lakin o yanılmışdı, hər bir iş qaydasınca aparıldı və bu gün BTQ fəaliyyətdədir. Gecorqyan onu da vurğulayır ki, Serj Sarkisyan hakimiyyətə gələndən sonra həmin layihəyə əngəl yaratmağa çalışsa da heç nəyə nail ola bilmədi. Əslində onlar bəzi xarici dairələrin və Qərbdəki ermənipərəst qüvvələrin bu layihəni dayandırmalarına arxayın idilər.
Lakin ilk qatarın Qarsa çatması bunu təsdiq etdi ki, Azərbaycan müəyyən təzyiqlərə baxmayaraq beynəlxalq miqyaslı layihənin öhdəsindən çətinlik çəkmədən gəldi. Nə Serj Sarkisyan, nə də xaricdəki ermənipərəst dairələr bu layihəni dayandırmağı bacarmadılar. Müəllifdən sitat: “Qlobal xarakter daşıyan BTQ istismara verildi. ABŞ və Avropa İttifaqı BTQ-nin istismara verilməsini alqışladılar.Ermənistan böyük yolların kəsişməsindəki hündür daşın üzərində oturan min yaşlı kor bayquşa çevrilir.”
Daha bir erməni jurnalist Sərkis Artsruni yazır ki, BTQ-nin fəaliyyətə başlamasından dərhal sonra pərt vəziyyətə düşən Ermənistan başçıları vəziyyətdən çıxmaq üçün müəyyən vasitələrə əl atırlar. Onların gözləntiləri boşa çıxıb və reallıqla üz-üzə qalıblar. Ağıllarına gələn budur ki, xalqı yeni silahların alınması ilə sakitləşdirsinlər. Sarkisyan təcili bəyanat verib ki, biz Rusiyadan 100 milyon dollarlıq yeni silahlar alırıq. Ancaq bu, çıxış yolu deyil. Sadə erməni də başa düşür ki, silahlanmaq hər şeyi həll etmir. Xalqın sosial durumu getdikcə pisləşir və hər gün qeyri-döyüş şəraitində erməni gənclər qoşunların təmas xəttində mənasız yerə həlak olurlar. Bundan əlavə, Ermənistan beynəlxalq aləmdə işğalçı, forpost dövlət kimi tanınır və olan-qalan nüfuzunu da itirir.
Çaşbaş vəziyyətə düşmüş Ermənistan rəhbərləri indi şahmatdakı “mat” vəziyyətində qalıblar. Buna sübut Ermənistanın baş naziri Karen Karapetyanın mətbuata verdiyi “məşhur” gülünc və cəfəng bəyanatdır. Prezident Serj Sarkisyanla baş nazir Karen Karapetyanın fikirləri məntiqsizdir, dolaşıqdır və biri- birini təkzib edir. Artıq sirr deyil ki, bu ölkədə cəmiyyət hansısa kənar dairələrin əli ilə hakimiyyətə qondarılmış bu rəhbərlərdən bezib və onların istefaya getməsini ciddi narazılıqla tələb edir.
Siyasi analitiklər və politoloqların fikrincə Ermənistan BTQ-yə qoşulmaq üçün beynəlxalq dairələrdən dəstək almağa çalışacaq. Ancaq işğal faktı aradan qaldırılmadan Azərbaycan və Türkiyə Ermənistanın bu dəmiryolundan istifadə etməsinə heç vaxt icazə verməyəcək. Hazırda Ermənistan öz taleyinin sahibi deyil və kənardan idarə olunan qondarma bir dövlətdir. Ancaq nə vaxt öz taleyinin sahibi olacaqsa, Azərbaycan torpaqlarındakı işğalçı qoşunlarını çıxaracaqsa, normal qonşuluq münasibətləri quracaqsa, o vaxt da həm Bakı-Tbilisi-Qars dəmiryolundan istifadə edə, həm də digər regional layihələrə qoşula bilər.