02 dekabr 2024 19:33
94

Seneqal Fransa müstəmləkə qüvvələri tərəfindən törədilən qətliamın qurbanlarının xatirəsini anır

Seneqalda 1944-cü ildə Dakar yaxınlığında Fransa müstəmləkə qüvvələri və jandarmları tərəfindən afrikalıların Tiaroye qətliamının 80-ci ildönümünü qeyd edilib. Anım mərasimində iştirak edən Komor Adalarının, Qabonun, Qambiyanın və Qvineya-Bisaunun prezidentləri fransız müstəmləkə qüvvələri tərəfindən qətlə yetirilmiş və Tiaroye qəbiristanlığında dəfn edilmiş afrikalıların məzarları üzərinə gül dəstələri qoyublar.

“İki sahil” xəbər verir ki, mart ayında Prezident seçilmiş Bassiru Diomaye Faye əvvəlki dövlət başçıları tərəfindən 80 il ört-basdır edilmiş bu anım tədbirini daha geniş miqyasda keçirmək niyyətini bəyan edib. Bu tədbir Fransanın hadisələrə rəsmi açıqladığı, seneqallıların və bir çox tarixçilərin fikirlərinin üst-üstə düşdüyü ilk anım mərasimidir. Belə ki, Fransa Prezidenti Emmanuel Makron müstəmləkə qüvvələrinin 1944-cü il dekabrın 1-də Dakar yaxınlığındakı Tiaroyedə kütləvi qırğın törətdiyini ilk dəfə olaraq etiraf edib.

Həmin gün müstəmləkə qüvvələri Avropadan vətənə qaytarılan və tərxis olunmaq üçün Tiaroye hərbi düşərgəsində yerləşdirilən afrikalılara atəş açıblar. Fransa müstəmləkə qüvvələri tərəfindən amansızlıqla qətlə yetirilmiş həmin afrikalılar, əslində, borclarının ödənilməsini tələb edirdilər.

Fransanın sabiq Prezidenti Fransua Olland 2012-ci və 2014-cü illərdə Seneqalda “kütləvi qırğın” sözünü işlətmədən qanlı repressiyalardan danışıb. Fransa hakimiyyəti o vaxt ən azı 35 nəfərin öldüyünü etiraf etmişdi. Bir neçə tarixçi qurbanların daha çox, yəni, 400-ə qədər olduğunu bildirirdi.

Prezident Faye AFP-yə bildirib ki, Tiaroye qətliamının ildönümü heç vaxt belə geniş şəkildə anılmayıb. Bu yeni yanaşma Fransaya bunun kütləvi qırğın olduğunu etiraf etməyə məcbur etdi. “Fransa əsarət altına aldı, müstəmləkəçi oldu və elə də qaldı. Rolları tərsinə çevirsəniz, başqa bir ölkənin Fransada hərbi bazasının ola biləcəyini çox çətin hesab edərsiniz”, - deyə Prezident Faye bildirib.

Eyni zamanda, Seneqal Prezidenti Fransanın bu ölkədəki hərbi bazalarını bağlamalı olacağını açıqlayıb.