KÖŞƏ

Vəli İlyasov

“Qərb demokratiyası”nın əcaib sifəti Kataloniyada faş oldu

05 oktyabr 2017 14:51
1729

Demokratiya pərdəsi arxasında gizlənən bir sıra Qərb dövlətlərinin öz maraqlarını həyata keçirmək üçün siyasi spekulyasiyalardan istifadə etdiklərinin çox şahidi olmuşuq. Bəzi dövlətlərin beynəlxalq hüquq normalarına münasibətlərinin siyasi avantürizm qiyafəsində təzahürü belə bir nəticənin formalaşmasına gətirib çıxarıb ki, Avropa ölkələrində demokratik dəyərlərə ədalətsiz və ikili yanaşma getdikcə güclənir.

Özünü “demokratiyanın beşiyi” kimi qələmə verən bəzi Avropa dövlətlərində son vaxtlar sərbəst toplaşmaq, söz, fikir, mətbuat azadlıqlarının təminatı adı altında əsas insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması halları tez-tez baş verir. İspaniyadan ayrılmaq üçün referendum keçirən separatçı Kataloniya vilayətində polislə toqquşmalarda xeyli sayda insanın ağır bədən xəsarəti alması xəbərinin kütləvi informasiya vasitələrinin diqqət mərkəzində saxlanması isə bir daha ikili standartlardan xəbər verir.

Dünyanın məşhur informasiya agentliklərinin səhifələrində ispan polisinin səsverməyə gedən Kataloniya sakinlərini rezin güllələrlə qarşılaması, dəyənəklə, atlarla, su şırnaqları ilə dağıtması səhnələri təsvir edilir. Xəbərlərin əsas məğzini insanların sərbəst toplaşmaq azadlığı, siyasi plüralizm, ifadə azadlığı kimi məsələlərə məhəl qoyulmaması, demokratik hüquqların kobudcasına tapdandığı məsələləri təşkil edir.

Yada salaq ki, 2011-ci ildə Britaniyada kütləvi iğtişaşlar baş qaldıranda, Fransada 2014-cü ildə su bəndinin tikintisinə etiraz edən nümayişçilərdən biri vəhşiliklə döyülərək qətlə yetiriləndə, Almaniyada 2010-cu ildə Ştutqartda 400 nəfər nümayişçi amansızlıqla döyüləndə, digər Avropa ölkələrində, həmçinin ABŞ-da narazı kütlənin zorakı üsullarla dağıdılması zamanı da belə “fotosessiyalar”ı görmüşdük. Avropa və ya ABŞ-da bir çox hallarda mitinq azadlığı, siyasi plüralizm, ifadə azadlığı kimi anlayışlar unudulur, dinc nümayişlər amansızlıqla dağıdılır, insanların səsvermə hüquqları kobudcasına pozulur.

Burada təəccüb doğuran odur ki, vaxtilə Avropanın özünün fundamental dəyər kimi önəm verdiyi demokratik dəyərlər son illərdə məhz bu geosiyasi məkanda ciddi aşınmaya məruz qalır. “Qoca qitə”nin hər hansı bir ölkəsində sərbəst toplaşmaq azadlığının azacıq pozulması zamanı göstərilən böyük reaksiyalara təəssüflər olsun ki, digər ölkələrdə rast gəlmirik. Söhbət digər ölkələrdən gedəndə “Avropa dəyərləri”, demokratiya, liberal hüquqlar yada düşür. Bu da həmin anlayışlardan əslində başqalarına qarşı təzyiq vasitəsi kimi istifadə olunduğunu sübut edir.

Avropada yalnız lazım olanda işə salınan “demokratik dəyərlər” Azərbaycan kimi demokratiya yolu ilə inkişaf edən gənc dövlətlərə, əsasən də zəif müsəlman ölkələrinə qarşı kampaniya aparmaq üçün geniş istifadə olunur. Bütün bunlara görə bəzi Qərb dairələrinin Azərbaycana, digər ölkələrə qarşı irəli sürdüyü ittihamlar tam əsassızdır, qərəzlidir və təzyiq məqsədilə süni şəkildə təşkil edilmiş şantaj və böhtan kampaniyasından başqa bir şey deyil.

İspaniyanın Kataloniya bölgəsində baş verən qanlı hadisələr bir daha sübut etdi ki, bu gün Qərb ölkələrinin əksəriyyətində insan hüquq və azadlıqlarının təminatı ilə bağlı ciddi problemlər mövcuddur. Buna görə Avropa məyus olmamalıdır. Çünki Dağlıq Qarabağ separatçılarına meydan vermələri ilə bu cür təhlükəli presedentlərin yaranmasına onlar özləri şərait yaradıblar.

Separatçı Kataloniya vilayətində polislə toqquşmalarda çoxlu sayda insanın ağır xəsarətlər alması ilə müşayiət olunan hadisələr barədə çeşidli informasiyalar xəbərləri Qərb mətbuatının diqqət mərkəzində olsa da, elə Avropanın özündə müsəlmanlara qarşı ayrı-seçkilik, islamofobiya, dini və etnik dözümsüzlük hallarına qarşı adekvat addımlar atılmır. Onların düşüncəsinə görə, müharibə ocaqları yalnız İslam dövlətlərində alovlana, torpaqları işğal oluna, sərvətləri, torpaqları əllərindən alına bilər. Çadır şəhərciklərdə müsəlmanlar yaşamalı, onlar öz talelərinin sahibi olmamalı, doğma vətənlərindən didərgin düşməli, daim binəsib həyat keçirməlidirlər. Ancaq ata-babalarımız yaxşı deyiblər: “ Quyunu gen qaz, dərin qaz, axırda özün düşərsən.” İndi Avropa özgələrə qazdığı quyuya özü düşüb. Uzun illər separatizmə qol-qanad verən Qərb indi özü onun cənginə keçib. Kataloniyada baş verən hadisələr Avropanın uzun illər müxtəlif vasitələrlə gizlətdiyi əcaib sifətini faş etdi. Böyük Cəfər Cabbarlının məşhur “Sevil” pyesində deyildiyi kimi, “öz cəzandır, çək Balaş!”.