Dünyanı Azərbaycana toplayan COP29 tədbirinin ardınca ölkəmizin D-8 təşkilatına üzv qəbul olunması beynəlxalq nüfuzumuzun təqdimatıdır
Artıq 2024-cü ilin son günlərini yaşayırıq. Bu günlər sanki bir hesabat xarakteri daşıyır. İlin necə başa vururuq və əldə olunan nəticələr növbəti il barədə hansı təsəvvürü yaradır? Son dörd il tarixi Zəfərimizin reallıqları əsasında müəyyənləşdirilən hədəflərin icrası istiqamətində atılan addımlarla xarakterizə edilir. Bu yazıda qalib Azərbaycanın xarici siyasət uğurlarından bəhs edəcəyik.
Cari il dünyanın ən mötəbər tədbirinə Azərbaycanın ev sahibliyi ilə diqqətdə oldu. Məlum olduğu kimi, bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olundu. Azərbaycan indiyədək bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və onların öhdəsindən layiqincə gəlib. Dövlət başçısı İlham Əliyev ötən ilin dekabrında COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə “İrimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur» söyləyərək onu da əlavə etdi ki, ancaq bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik. Hətta bu il Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə keçirmişik. Onu da hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, bu il isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir keçirilmişdir: «Ancaq təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq.» Cənab İlham Əliyev müşavirədə bu əminliyi vurğuladı ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik. Bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcək və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.
Dünya noyabrın 11-23 tarixlərində Bakıya toplaşaraq reallıqlarımızın şahidinə çevrildi. 197 ölkə, 80 dövlət və hökumət başçısı, 76 min qeydiyyatdan keçmiş iştirakçı Azərbaycanın beynəlxalq nüfuzunun təqdimatı oldu. Dövlətimizin başçısı İlham Əliyev COP29-un Liderlər Sammitində «Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik» söyləyərək onu da əlavə etdi ki, dörd il öncə İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik. Bir il əvvəl BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə uyğun olaraq, suverenliyimizi tam bərpa etdik. Biz həmin qətnamələri özümüz icra etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik və Ermənistanın işğalına son qoyduq. COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcək. Liderlər Sammitindəki çıxışlarda diqqət bu gün Azərbaycanın azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərinə yönəldilərək ölkəmizə Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfələrə görə təşəkkür edildi. Vurğulandı ki, Azərbaycan öz şəhərlərini yenidən bərpa edir. Bu, Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanır. O da bildirildi ki, sülh olmadan dayanıqlı inkişaf barədə danışmaq mümkün deyil. Dayanıqlı inkişaf olmadan da sülhü yarada bilmərik.
Dövlət başçısı İlham Əliyevin 2024-cü ilin ölkəmizdə «Yaşıl dünya naminə həmrəylik ili» elan edilməsi ilə bağlı Sərəncamında da vurğulandı ki, Azərbaycan iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri «Təmiz ətraf mühit və yaşıl artım ölkəsi» kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.
Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi hazırkı dövrün əsas çağırışlarındandır.
Azərbaycanın əlverişli coğrafi mövqeyi və iqlim şəraiti yaşıl enerji istehsalı üçün geniş imkanlar yaradır. Külək, günəş, dağ çayları, su mənbələri hesabına bərpaolunan enerji istehsalı sahəsində böyük uğurlar əldə edilir. Energetika Nazirliyinin məlumatına görə, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt təşkil edir. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən külək enerjisi 3 min MVt, günəş enerjisi 23 min MVt, bioenerji potensialı 380 MVtdır. Dağ çaylarının potensialı 520 MVt həcmində dəyərləndirilir. Azərbaycanın adının neftlə sıx bağlı olmasına baxmayaraq, ölkəmiz regionda yaşıl enerjiyə keçidə hədəflənən qabaqcıl yanaşmaların tətbiqi üzrə liderdir və iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə verir. İqlim dəyişmələri ilə mübarizəyə töhfə vermək, yaşıl enerjiyə keçid üzrə işlərin və Azərbaycanın beynəlxalq arenada şəksiz nüfuzunun məntiqi nəticəsi Bakının dünyanın ən iri və nüfuzlu tədbirlərindən birinin - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibi seçilməsi oldu. Bu konfransın Azərbaycanda keçirilməsi ölkəmizin alternativ enerji sahəsi üzrə texnoloji həllər məsələsində nailiyyətlərini bütün dünyaya nümayiş etdirməyə imkan verdi.
Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunmasını şərtləndirən amillərə nəzər salaq. Hansı sahəyə diqqət yetirsək ölkəmizin zəngin təcrübəyə malik olduğunu böyük inamla qeyd edə bilərik. Azərbaycanın iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi nüfuz qazanması da bunun bariz nümunəsidir. Günümüzün qürurverici hadisələrindən biri də budur ki, Azərbaycanla yanaşı, hazırda azad Qarabağımız, Şuşamız da beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul edilir. Həmçinin paytaxt Bakımızın ev sahibliyi etdiyi tədbirlərin iştirakçılarının işğaldan azad edilmiş ərazilərimizə səfərləri təşkil edilir. Bu torpaqların hansı resurslara malik olduğu barədə aydın təsəvvür yaranır.
Azərbaycanın sabitlik məkanı kimi tanınması və nüfuz qazanması da beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul edilməsini şərtləndirən əsas amillər sırasındadır. Bu mühüm amil ölkəmizlə əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin say tərkibinin genişlənməsində də öz sözünü deyir. Hər zaman qeyd etdiyimiz kimi, Azərbaycan malik olduğu təbii resurslara və yerləşdiyi coğrafi məkana görə daim dünyanın diqqətində olub. Ölkəmiz tarixən neft ölkəsi kimi tanınır. Ayrı-ayrı dövrlərdə bu marağın müxtəlifliyi diqqətdən kənarda qalmır. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanda ictimai-siyasi vəziyyətin gərginliyi ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdu. Onlar Azərbaycan iqtisadiyyatına yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin yaradılması bu tərəddüdlərin aradan qaldırılmasını şərtləndirdi. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə etməsi regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi tanınmasında əhəmiyyətli rol oynadı. Hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollardır. Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, bu və ya digər ölkələrə investisiya yatırır. Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar, biznes mühitinin yaxşılaşdırılması, təkmil islahatların davamlılığı Azərbaycanın beynəlxalq reytinq agentliklərinin hesabatlarında liderliyini qorumasını şərtləndirir. Onu da qeyd edək ki, ölkə iqtisadiyyatına yatırılan investisiyaların 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu gün Azərbaycan dünyada ən islahatçı, təhlükəsiz ölkə kimi tanınır. Təbii ki, bu uğurlar dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. Uğurlarımızı şərtləndirən amillər sırasında islahatların zamanın tələbinə uyğun təkmilləşməsini, Azərbaycanın hər addımında dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad etməsini, yenilikçi ölkə kimi nüfuzunu daha da artırmasını, ən əsası idarəetmə sistemində təkmilləşməni xüsusi qeyd etməliyik. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı və sabit iqtisadi inkişafa nail olunması, ÜDM-nin və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması, bütün bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və maddi-mənəvi, rifah halının durmadan yaxşılaşdırılması, orta təbəqənin formalaşdırılması və cəmiyyət həyatında rolunun artırılması bir məqsədə yönəldilir ki, insan amilinə artan diqqətin əsasını təşkil edən göstəricilər daha böyük rəqəmlərlə ifadə olunsun, sosial-iqtisadi sahədə davamlı inkişaf gerçəkləşdirilsin. Bunun üçün qeyri-neft sektorunun inkişafına investisiya qoyuluşuna, sahibkarlığa əngəl olan halların aradan qaldırılmasına diqqət artırılır. Sənaye və aqrar sahənin inkişafına yönələn islahatların tətbiqi sürətləndirilir.
Prezident İlham Əliyev daim bu reallığı diqqətə çatdırır ki, Azərbaycanın iqtisadi böhrandan ən az itki ilə çıxması üçün yerli resurslardan istifadə imkanları və daxili potensialı tükənməzdir: “Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Ölkəmizdə böyük ruh yüksəkliyi var, xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorlarında. Bakıda, böyük şəhərlərdə, bütün şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, - çünki özəl sektor sahibkarlığının inkişafı üçün çox ciddi addımlar atılıb, - eyni zamanda, bizim sahibkarlarımızın da məsuliyyətini göstərir. Sahibkar qazandığı vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır.” Cənab İlham Əliyev onu da qeyd edir ki, əgər bizdə bu güclü təbii resurs olmasaydı, qeyri-neft sektorunu nəyin hesabına inkişaf etdirə bilərdik? Daxili investisiyaların həcmi artmaqdadır. Bu, sözsüz ki, dövlətimizin sahibkarlığın inkişafına diqqət və qayğısından irəli gəlir. ÜDM-də özəl bölmənin payı 85 faizdən çoxdur. Ötən 21 ildə 2 milyondan çox yeni iş yerinin açılması işsizlik, məşğulluq probleminin həllinə öz müsbət təsirini göstərir. Özünüməşğulluq proqramı uğurla icra edilir. Dünya İqtisadi Forumu inkişafın Azərbaycan modelinin mövcudluğunu təsdiqləməklə yanaşı, bu reallığı da diqqətə çatdırır ki, uzunmüddətli iqtisadi uğurlara nail olmaq üçün əməkdaşlıq zəruridir. Azərbaycanın iqtisadi inkişafın istiqamətini enerji sektorundan qeyri-enerji sektoruna yönəltməsi yüksək dəyərləndirilir, gələcək üçün uğurlu addım kimi önə çəkilir. Dövlətimizin başçısı İlham Əliyev dünyanın biznes icmasına özümüzü nəinki mühüm coğrafi mövqeyə və təbii sərvətlərə malik, o cümlədən islahatlara, dəyişikliklərə və şaxələndirməyə sadiq ölkə kimi təqdim etməyin vacibliyini bildirir.
Tarixi Zəfərimizin reallıqları əsasında təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də beş Milli Prioritetin reallaşdırılması əsas hədəf kimi qarşıya qoyulub. Bunlar dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsidir. Sənədin təmiz ətraf mühit və «yaşıl artım ölkəsi» hədəfində bu çağırışlar xüsusi yer tutur ki, qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bu, istilik effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə olacaq. O da vurğulanır ki, ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından, dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Bu prioritet daxilində strateji dövrdə iki məqsədin reallaşdırılmasına nail olunmalıdır: yüksək keyfiyyətli ekoloji mühit; yaşıl enerji məkanı.
Uğurlarımızın təhlili fonunda belə bir ümumiləşdirməni apara bilərik ki, Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ölkəmizin mövcud imkanlarının təqdimatında öz sözünü dedi. Bu tədbir Azərbaycanın yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi dəyərləndirilir. Bir daha sübut olunur ki, Azərbaycan hər bir sahədə zəngin təcrübəyə malik olmaqla beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə yanaşı, qlobal problemlərin həllinə böyük töhfələr verir. Ölkəmizin irəli sürdüyü hər bir təşəbbüs, qəbul etdiyi qərarlar beynəlxalq dəstək qazanır. Azərbaycanın gələcək iqtisadi inkişafı ekoloji təmiz texnologiyalar, təmiz enerji mənbələri, tullantıların təkrar emalı və çirkləndirilmiş ərazilərin reabilitasiyası üzrə tədbirlərin görülməsi ilə sıx bağlıdır. Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin hesablamalarına görə, 2050-ci ilədək dünyada elektrik enerjisinin 90 faizi bərpaolunan və yaxud yaşıl enerji mənbələrindən əldə edilə bilər. Yaşıl enerjidən istifadə ekoloji cəhətdən əhəmiyyət daşımaqla yanaşı, iqtisadi baxımdan da əlverişlidir
Dövlət başçısı İlham Əliyev 7 fevral prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində ayrı-ayrı sahələr üzrə qarşıda dayanan hədəflərdən bəhs edərkən «Bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq» söyləyərək onu da vurğuladı ki, əgər əvvəlki dövrdə xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir: «Biz dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq, o cümlədən iqlim dəyişikliyi ilə əlaqədar. Nəzərə alsaq ki, COP29-un ev sahibi və sədri olacağıq, eyni zamanda, dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq.»
Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, iqlim dəyişmələri bütün qitələrin ölkələrinə təsir edir, lakin inkişaf etməkdə olan kiçik ada dövlətləri bu təsirlərə daha həssasdır: «İqlim dəyişmələri bütün dünyada insanların yaşayışına mənfi təsir göstərir və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində tərəqqiyə mane olur. Qlobal iqlim fəaliyyətinə dəstək vermək əzmimiz COP29 tədbirinə ev sahibliyi etmək üçün namizədliyimizin irəli sürülməsinə gətirib çıxardı. Azərbaycana verilən yekdil dəstəyi beynəlxalq ictimaiyyətin ölkəmizə olan inamının təzahürü hesab edirəm. Biz fəxr edirik ki, Cənubi Qafqazda və daha geniş regionda ilk COP Azərbaycanda keçirildi.»
Ölkə Prezidenti onu da bildirir ki, COP29 Sədrliyi “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutaraq bütün maraqlı tərəflərlə konstruktiv ruhda və şəffaf şəkildə əməkdaşlıq edir. Biz inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün iqlim dəyişmələrinin səbəb olduğu çağırışların həllini prioritet olaraq müəyyənləşdirdik. Azərbaycan bu dövlətlərə kömək etməyi özünə mənəvi borc hesab edir və onlara həm maddi, həm də siyasi, o cümlədən Millətlər Birliyi təşkilatı çərçivəsində dəstək göstərir.
Azərbaycan daim qlobal problemlərin həllində səylərin birləşdirilməsinə, beynəlxalq həmrəyliyin gücləndirilməsinə çağırışlar edir. Ölkəmiz tarixi Zəfərimizin, suverenliyimizin tam bərpa edilməsinin yaratdığı reallıqlar əsasında beynəlxalq münasibətlər sistemində yerini və rolunu daha da möhkəmləndirir. Cənab İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bu reallıqları bir daha diqqətə çatdıraraq bildirdi ki, müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir. Biz heç kimə qarşı heç vaxt heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər. Belə cəhdlər var, olacaq. Düzdür, onların heç bir əhəmiyyəti yoxdur. Ancaq bizim xarici siyasət istiqamətində bu amil təbii olaraq həmişə nəzərə alınacaq. Kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq! Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir. Çünki bəzi Qərb ölkələri hesab edirlər ki, beynəlxalq ictimaiyyət ancaq onlardır. Yox, beynəlxalq ictimaiyyət bütün dünya ölkələridir və bu dünya ölkələri bizə yekdilliklə səs verib. COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir. Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz daha da inkişaf edir və edəcək.
Azərbaycanın cari ildə növbəti diplomatik uğuru D-8 təşkilatına üzv qəbul edilməsidir. Dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçildi. Tarix boyu Şərq ilə Qərb arasında körpü rolu oynayan, İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzlərindən biri olan Azərbaycanın D-8-ə üzvlüyü, eyni zamanda, İslam həmrəyliyinin möhkəmlənməsində, İslam dəyərlərinin dünyada təbliğində və İslamofobiya ilə mübarizə sahəsində böyük töhfə olacaq.
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəsini birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Təşkilatın Katibliyi İstanbul şəhərində yerləşir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngində ölkəmizin inkişaf etməkdə olan səkkiz dövlətin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) üzvü seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. Prezident İlham Əliyev öz növbəsində bu məsələdə Türkiyənin Azərbaycana göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını bildirdi.
Üzvlərinin əhalisinin sayının ümumilikdə dünya müsəlmanlarının 60 faizini təşkil edən və böyük iqtisadi potensiala malik “İslam Səkkizliyi” adlanan D-8-ə ölkəmizin üzvlüyü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın bariz nümunəsidir. Ədaləti və beynəlxalq hüququn norma və prinsiplərini özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz D-8-in təməl prinsiplərinin qorunmasında, təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacaq. Həmçinin geniş regionumuzda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət, nəqliyyat, kommunikasiya və bir sıra digər vacib istiqamətlərdə əlaqələrin inkişafı mühüm əhəmiyyət kəsb edir.
Qısa təhlil Azərbaycanın xarici siyasət uğurlarının qarşıdakı dövrdə də uğurla davam edəcəyinə əsas verir.
Yeganə Əliyeva, «İki sahil»