ATU-nun Tədris işləri üzrə prorektoru: İmplantasiyanın aparılma protokolu pozulubsa, implant düzgün yerləşdirilməyibsə və yüklənməyibsə, üzərinə düzülən konstruksiya ortopedik stomotoloji nöqteyi-nəzərindən səhv hazırlanıbsa, bu zaman implant dişlər çənə sistemi üçün problemli sayılacaq və düzəltmə funksiyası yerinə dağıdıcı rol oynayacaq
Son dövrlər ölkənin hər sahəsində olduğu kimi, səhiyyədə, o cümlədən stomatoloji sahədə də nəzərəçarpacaq dərəcədə inkişaf və irəliləyiş hiss olunmaqdadır. Hər gün inkişaf edən stomatologiyada hazırda ən çox tələbat olan sahə implantasiyadır. Son vaxtlar ağız boşluğunda yaranmış qüsurların müalicəsində diş implantlarından geniş istifadə olunur.
Mütəxəssislərin araşdırmalarına görə, diş implantları təbii dişlərə ən yaxın alternativlərdən biri hesab edilir. İmplant ənənəvi körpü və protezlərdən fərqli olaraq tələffüz etmək, çeynəmə funksiyasını təmin etməklə bərabər, üz quruluşuna da təbii gözəllik verir.
İmplant qoyduranların sayı artsa da, hələ də bu üsulun zərərli olması haqqında məlumatlar yayılır. Maraqlıdır, görəsən bu məlumatların əsası varmı?
Mövzu ilə bağlı mühüm məqamlara aydınlıq gətirmək üçün Azərbaycan Tibb Universitetinin Tədris işləri üzrə prorektoru, Ortopedik stomatologiya kafedrasının müdiri, professor Nazim Pənahov ilə həmsöhbət olduq.
-Doktor, söhbətimizə mövzunun lap əvvəlindən başlamaq istərdik. Diş implantasiyası nədir və implant diş necə qoyulur?
-Dental implant diş həm də üç çənə protezlərini bərk etmək üçün xüsusi vasitədir. Dental implantasiya dedikdə həmin bu vasitənin əng, çənə və yaxud kəllənin digər sümüklərində bu xüsusi olaraq yaradılmış yuvaya yerləşdirilməsi və onun da üzərinə protezin bərkidilməsi nəzərdə tutulur. Yəni, başqa cür desək, implantüstü hər bir konstruksiya sümüyün daxilində bir dayaq kimi tətbiq edilən implantdan və onun üzərinə funksional və estetik tələbləri qarşılayan suprastrukturdan, yəni, üzərinə bərkidilən hissədən ibarətdir. Demək olar ki, implantasiya qədim dövrlərdən bu günədək aktuallığını itirməyib. XX əsrdən etibarən isə texnika və elmin inkişafı ilə dişlərin artıq birbaşa çənələrə əkilməsi, salınması-implantasiya üsulları yaranıb. İmplantasiyanın əsası 1950-ci ildə İsveç alimi Per İnqvar Branemark tərəfindən qoyulub. Bununla da o dövr üçün inqilabi kəşfə imza atılıb və indiyədək bu sahə daim təkmilləşir. Bu gün stomatologiyanı implantsız təsvir etmək çox çətindir. Bir itirilmiş dişin yerinə iki saf dişi yonduğumuz dövr artıq arxada qalıb. Bir diş itirilir və əgər insanın sağlamlığı imkan verirsə, implantasiya üsulu ilə yenisi ilə əvəzlənir. O sümük toxuması ilə ora yerləşdirilmiş titan implant arasında möhkəm bağlantını kəşf edib və bu fenomenə o, osteointeqrasiya adını verib. Nəticə etibarilə, hazırda bizim etdiyimiz dental implantasiya həmin osteonteqrasiyanın prinsiplərinə əsaslanır və onun təkmilləşmiş bir versiyasıdır.
Sualınızın ikinci hissəsinə gəldikdə isə qeyd etmək istəyirəm ki, implant diş müxtəlif cür qoyula bilər. Birbaşa, yəni, diş çəkildikdən sonra həmin o dişin yuvasına birbaşa implantasiya oluna bilər. Müəyyən zaman keçdikdən sonra təxminən diş çəkildikdən 2 ay sonra üzərinə çənədə, əngdə və yaxud da sümükdə yuva açıb onun üzərinə implantasiya qoyula bilər. Yaxud, dişin çəkilməsindən uzun müddət keçib və orada əgər şərait varsa, implant üçün yuva açılıb, onun çənəyə və ya əngə bərkidilməsi aparıla bilər. İmplantın çənədə yaxud əngdə yerləşdirilməsindən asılı olaraq 3 aydan 6 aya qədər sağalma prosesi getdikdən sonra üzərinə konstruksiya bərkidilə bilər və diş cərgəsinin itirilmiş tamlığı bərpa oluna bilər. Adi dişlər kimi implantlara da vaxtaşırı qulluq göstərilməli və daim stomatoloqun nəzarəti altında olmalıdır.
-İmplant yerləşdirilən zaman xəstə ağrı hiss edirmi?
-Xeyr, proses yerli keyitmə və anesteziya altında aparılır. Əməliyyat düzgün aparılıbsa xəstə istər proses müddətində, istərsə də sonra ağrı hiss etmir.
-İmplantları təhlükəsiz və uzunömürlü hesab edə bilərikmi?..
-İmplantasiyanın qoyulma və yerləşdirilmə protokuluna riayət etməklə və steril qaydaları gözləməklə cərrahi əməliyyat aparılarsa, üzərinin hazırlanması prosesində funksional okklüziya nəzərə almaqla düzəldilən konstruksiya, yəni bütün qayda-qanunla düzəldilən konstruksiyaları uzunömürlü saymaq olar. Əgər implantın yerləşdirilməsinin cərrahi mərhələsində və üzərinin düzəldilməsinin ortopedik mərhələsində heç bir səhvlərə yol verilməyibsə həmin implant uzun müddət ağız boşluğunda insanın öz təbii dişi kimi qala bilər və funksiya göstərə bilər.
-Hər xəstəyə implant qoyula bilərmi?
-İmplantasiyanın başlandığı ilk dövrlərdə müxtəlif əks-göstərişlər olan xəstəliklər var idi ki, onlara implant qoymağa ehtiyatla yanaşırdıq. Hazırkı dövrdə isə implantasiyanın aparılma metodikasının protokollarının və implant hazırlanan materialların təkimilləşməsi nəticəsində tam güvənlə demək olar ki, əksər hallarda çənədə və əngdə, onların sümük strukturlarında, implant qoyulan yerdə şərait varsa, əksər hallarda implantasiya aparmaq olur. Burada əks-göstərişlər olan bəzi xəstəliklər var. İmplant qoydurmaq istəyən şəxsdə yanaşı sistem, endakrin, onkoloji xəstəliklər olarsa, o zaman implantasiyanın vaxtını sonraya saxlamaq olar ki, bu xəstəliklər remissiya (xroniki xəstəlikləri olan insanlarda, bu xəstəliklərin ortaya çıxmasına səbəb olan göstəricilərin, əlamətlərin aradan qalxması) dövrünə çatsın. Yuxarıda qeyd etdiyim məqam istisna olmaqla, bütün əksər hallarda implantasiyanı aparmaq olar. Bu halda onun üzərində düzəldilən konstruksiya da uzunömürlü olaraq fəaliyyət göstərə biləcək.
-Nə zaman implant diş insan sağlamlığı üçün təhlükəli sayılır?
-İmplantasiyanın aparılma protokolu pozulubsa, implant düzgün yerləşdirilməyibsə və yüklənməyibsə, üzərinə düzülən konstruksiya ortopedik stomotoloji nöqteyi-nəzərindən səhv hazırlanıbsa, bu zaman implant dişlər çənə sistemi üçün problemli sayılacaq və son nəticədə bu implant yerindən laxlayıb, düşəcək. Yəni, implant düzəltmə funksiyası yerinə dağıdıcı rol oynayacaq və fəsadlara gətirib çıxaracaq. Amma qəbul olunmuş ümumi fikir var idi ki, diş implantı xərçəng törədə bilər və yaxud yox. Bizim apardığımız elmi tədqiqatların araşdırmalarında belə bir hala rast gəlinmir ki, dental implantasiya birbaşa xərçəngə səbəb olsun və xərçənglə ağırlaşsın. Standart protokolu pozduqda bu zaman istənilən xəstəliyin müalicəsində tətbiq olunan vasitə ağırlaşma ilə nəticələnə bilər, o cümlədən də dental implantasiya da. Amma apardığımız araşdırmalarda birbaşa implantın xərçəng yaratmaq ehtimalı və hallarına rast gəlinməyib.
-Hər yaşda implant qoyula bilərmi?
-İmplantın qoyulması üçün minimal yaş 18 üzəridir. Maksimal yaş göstəricisi isə yoxdur. Mütəxəssislər, 18 yaşdan aşağı şəxslərə dental implantasiyanın qoyulmasının tərəfdarı deyillər. Çünki bu yaşda hələ orqanizm böyüyür, sümük sistemində ləng də olsa böyümə prosesləri gedir. Artıq 18 yaşdan sonra üz çənə sistemi formalaşdıqdan sonra implantasiyanın qoyulmasına göstəriş varsa o zaman dental implantasiya aparıla bilər. Çıxan protezə alternativ və yaxud da yardımçı vasitə kimi dental implantasiyanın aparılması xəstənin həyat keyfiyyətini yaxşılaşdırır, onun estetik, funksional və nitq qüsurunu aradan qaldırmağına yardımçı olur.
-Hansı implantlar daha güvənli sayılır?
-Stomatologiya və dental implantasiya sahəsində özünü təsdiqləmiş xarici ölkələrin (İsveçrənin, Albaniyanın, İtaliyanın, Amerikanın, İsrailin, Türkiyənin, Avropanın) firmaları var. İmplantın keyfiyyətliliyi istehsal olunduğu ölkənin yox, firmanın işə peşəkarcasına yanaşmasından asılıdır. Uzun illərin sınağından keçmiş firmalar var ki, onların istehsal etdiyi implantlar əminliklə, güvənlə istifadə etmək olar. Əsas məsələ implantasiyanın aparılma protokoluna düzgün riayət etməkdir. Əgər əməliyyat düzgün aparılmayacaqsa ən bahalı və keyfiyyətli implantı qoysanız belə yenə də ağırlaşma ilə nəticələnəcək. Həmin implant yerində inteqrasiya getməyəcək, onlar birləşməyəcək. Əgər hər şey düzgün aparılırsa ağırlaşma və fəsadlaşma ilə rastlaşmayacağıq.
-Diş implantı qoyduran şəxslərə hansı tövsiyələri verərdiniz?
-Ümumiyyətlə, hər bir şəxs ildə iki dəfədən az olmayaraq özünün diş çənə stomatoloq müayinəsindən keçməlidir. Bu, ümumi qəbul olunmuş bir qaydadır. Sümüyə yerləşdirilmiş, üzərinə düzəldilmiş konstruksiya düzülmüş diş implantları bədən üçün yad cism olduğu üçün təbii ki, ona daim qulluq edilməlidir. İmplantın özünə və onun yerləşdiyi toxumalara daim həkim nəzarətində baxılmalıdır. Gec və ağırlaşma ilə həkimə müraciət edib implantın itirilməsi ilə üz-üzə qalmaqdansa, vaxtında müayinələrdən keçmək, yaranmış problemin üstünə zamanında düşüb, onu aradan qaldırmaq daha yaxşıdır. Stomatoloq öz tövsiyələrini verməklə, lazımi tədbirlər görməklə həm dişlərin, həm də diş implantlarının uzunömürlülüyünü təmin edir.
Yaqut Ağaşahqızı, “İki sahil”