18 yanvar 2025 00:38
90

Təsdiqlənməsinə ehtiyac olmayan ən etibarlı strateji tərəfdaşlıq - Türkiyə – Azərbaycan

ABŞ-la Ermənistan arasında strateji tərəfdaşlıq haqqında imzalanan sənəd axirətə köçənin son nəfəsində dinlədiyi Fatihədir

«Qulaq hər gün bir şey eşitməsə kar olar!» məsəlinin reallığına gündəlik həyatımızda tez-tez rast gəlirik. Ermənistanın siyasi həyasızlığı ilə bağlı «yenilikləri» eşitməyə artıq vərdiş etmişik. Çünki müstəqil xarici siyasəti olmayan «Dəni ellərdən, suyu göllərdən» məsəlinə uyğun onun-bunun diktəsi ilə hərəkət edən rəsmi İrəvanın olmayan dövlətçilik təcrübəsi, qaranlıq strategiyası yüz illərdir ki, «Fatı qalx, Fatı otur» əmri əsasında getdikcə tündləşib. Daha doğrusu göbələk kifi atıb. Bir gün Fransa Prezidenti Emmanuel Makronla «duet oxuyan» Ermənistan baş naziri Nikol Paşinyanın səsi ertəsi gün Almaniyadan, Polşadan gəlir. Avropa İttifaqının ermənipərəst rəsmilərinin hazırladıqları planları həyata keçirən Nikolun diqqət yetirmədiyi yeganə amil xalqının səsidir. Avropa Siyasi Birliyinin Praqa, Brüssel, Qrenada, Böyük Britaniya sammitərində Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh müqaviləsi ilə bağlı müzakirələrdə tərəddüdü ilə ağalarından «konspekt yardımı» gözləyən, özünün qəti fikri və mövqeyi olmayan Paşinyan az keçməmiş dediklərini başqa havadarlarının «yal payı» ilə korrektə edir. Siyasəti qumara çevirən Nikol daha çox yardım verənin sözlərini tutuquşu kimi əzbərləyir. Dövlətçilik təcrübəsi olmayan, siyasətin piyada döyüşçüsü kimi, ilk atəşdə sıradan çıxarılan Paşinyanın Prezident İlham Əliyevlə görüşlərində nəzərlərini qaçırması, danışığındakı hiyləgər erməni xarakterindən qaynaqlanan qeyri-müəyyən tərzinin səbəbi sonradan ağalarına verəcəyi hesabatın təlaşıdır.

Son günlərini yaşayan Bayden Administrasiyasının Ermənistanla strateji tərəfdaşlıq haqqında sənəd imzalaması «Tülkü həccə gedir!» təsəvvürü yaradır, bir çox suallar doğurur. Rəsmi İrəvanı müəyyən şərtlər qarşılığında eyni ssenarilər əsasında təxribatlara şirnikləndirən Ağ Evlə Aİ-nin rəsmiləri Nikola tula payı kimi atdıqları yardımların həcmini artırmaqla Ermənistanı maraqlarının əsirinə çevirmiş, Cənubi Qafqaza sahiblənmək siyasətlərini Pşinyandan istifadə etməklə gerçəkləşdirmək niyyətlərini açıq-aşkar bildirirlər. «Al gülüm, ver gülüm» sövdələşmələrində erməni xaqının deyil, öz maraqlarını əsas götürürlər.

Ağ Evin itaətkar sözçüsü, ölkəmizə qarşı təxribatların icraçısı Avropa İttifaqının (Aİ) Brüsselin Ermənistan qarşısında qoyduqları şərtlər gülünc və siyasi reallıqdan tam uzaqdır: Ermənistan KTMT-dən çıxmalı, NATO ilə əməkdaşlığa başlamalıdır. Eyni zamanda hərbi-texniki əməkdaşlığın istiqamətini dəyişməyə, Qarabağın hüquqlarını və təhlükəsizliyini nəzərə almadan Azərbaycanla sülh müqaviləsi imzalamağa «tələsməməlidir.» Bu şərtlər isə Paşinyanın qan qardaşı Fransa Prezidenti Emmanuel Makronun siyasəti ilə eynilik təşkil edir. Makron da Ermənistanı NATO-ya üzvlük ruhunda «tərbiyələndirir», separatizmin genişlənməsini dəstəkləyir, rəsmi İrəvanın silahlanması üçün Hindistanı da sıralarına əlavə edir. Başqa sözlə deyilsə ABŞ-Aİ-Ermənistan üçlüyündən ibarət «müşketyor çetesi» Cənubi Qafqazda yeni müharibə ocağı yaratmaq üçün ən çirkin əməllərdən belə çəkinmirlər.

2024-cü ilin aprelində Brüsseldə ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşlərini xatırlayaq. Avropa Siyasi Birliyinin ötən ilin oktyabrında İspaniyanın Qranada şəhərində keçirilən sammiti yada salaq. Həmin sammitdə Ermənistana göstərilən yardımların hərbi təyinatlı olmadığı bildirilsə də sonradan baş verən hadisələr, Aİ-nin formalaşdırdığı casus dəstəsi olan Mülki Müşahidə Missiyasının öhdəlikdə nəzərdə tutulmayan işlərə başlarını soxmaları, şərti sərhəd bölgələrində törədilən təxribatlar, «binokl diplomatiyası», ABŞ-ın Ermənistana 65 milyon dollar, Qərbin Sülh Fondu bəhanəsi ilə 10 milyon avro ayırması da Azərbaycanla Ermənistan arasındakı sülh sazişinin imzalanmasına qarşı törədilən ciddi maneələrdir. O zaman bu üçlüyün əsl niyyətinin regionda yeni müharibə ocağı yaratmaq olduğunu bildirən rəsmi Bakının proqnozları özünü doğrultdu.

Bəllidir ki, erməni diasporunun çoxluq təşkil etdiyi Fransa kimi, ABŞda Ermənistanda hərbi təlimlər keçirir, rəsmi İrəvanı silah-sursatla təmin edir. İşğalçı ölkənin parlamenti Ermənistanın Avropa İttifaqına qoşulması ilə bağlı qanun layihəsinə etiraz etmir.

Amma bütün hallarda müəmmalı sullar yaranır. Bəla burasındadır ki, bu başıboş Paşinyanın çoxsaylı «adaxlılarının» mövqeləri həmişə çəp gəlir. ABŞ-ın bölgədə yerləşməsini istəməyən Kremlin Qərbə münasibəti də isti deyil. Xain plana əsasən Avropa İttifaqının Mülki Müşahidə Missiyası Azərbaycan-Ermənistan şərti sərhədində fəaliyyətini başa çatdırmalı olsa da mavi gödəkcəli «casus şəbəkəsi» hələ də sərhədlərdə təxribat törətməklə məşğul olur, Azərbaycanla bağlı feyk-informasiyalar yayırlar. Müşahidə Missi Missiyası bəhanələrlə fəaliyyət müddətini uzadır. İran-Ermənistan sərhəd-keçid məntəqələrindən Rusiya sərhədçilərinin çıxarılması, Ştatların qiymətləndirmə qruplarının Ermənistana yerləşdirilməsi də rəsmi İrəvanı müharibəyə şirnikləndirməkdir.

Maraqlıdır ki, strateji əməkdaşlığa uyğun olaraq Cənubi Qafqaza ABŞ hərbçiləri yerləşdirildiyi halda Ermənistan Rusiya və İranla bağlı mövqeyini hansı aspektə uyğun tənzimləyəcək. Bəllidir ki, ABŞ Dövlət Departamenti Ermənistanla strateji müttəfiqliyinin Azərbaycan üçün təhlükə olmadığına hiyləgər açıqlamaları ilə haqq qazandırmağa çalışacaq. Siyasi sürüşkənliyə adət etmiş Bayden Administrasiyası bölgədə gərginlik yaranması üçün başqa ölkələrdə törətdiyi «rəngli inqilabların» ideya müəllifi Sorosun planlarını həyata keçirəcək. Bu sənədə əsasən, Vaşinqtonla İrəvan arasında strateji müdafiə və Ermənistanın yeni hərbi doktrinasının hazırlanması üçün ABŞ ekspert qrupu göndərəcək. Təbii ki, bu sənədin imzalanmasında əsas məqsəd Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına mane olmaq, Cənubi Qafqazda Rusiya amilinə son qoymaq, Türkiyənin bölgədə möhkəmlənən nüfuzuna xələl gətirməkdir. Amma, necə deyərlər, sən saydığını say, gör fələk nə sayacaq. Qazanan tərəf sonda gülən olacaq.

Prezident İlham Əliyev bu ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsində ABŞ-Azərbaycan əlaqələrindən danışaraq bildirmişdi ki, bir neçə gündən sonra Birləşmiş Ştatlarda ölkəyə rəhbərlik missiyasına başlayacaq Donald Trampın prezidentliyinin birinci dönəmində hər iki ölkə arasındakı münasibətlərdə hər hansı bir problem yaşanmayıb. Bu cür qarşılıqlı əməkdaşlığa «erməni sevgisi» ilə kölgə salan Bayden Administrasiyası niyyətinə çata bilmədi. Zamanın tələbinə və siyasi hadisələrin hökmünə görə ABŞ-ın Azərbaycanla bağlı siyasəti fərqli olsa da son illərdəki kimi daha çox tündləşməmişdi. Rəsmi Vaşinqtonun Azərbaycana qarşı əsassız olaraq tətbiq etdiyi sanksiyanı- Azadlığa Dəstək Aktı»nın 907-ci düzəlişini istədikləri zaman tətbiq edib, lazım olmadığı məqamlarda qaldıran” ABŞ rəsmilərinin ölkəmizə münasibəti fərqli olub. 907-nin tətbiq olunduğu dövrdə senator işləyən Cozef Bayden prezidentliyi dövründə rəsmi Bakıya qarşı mənfur niyyətini eyni xəbisliklə davam etdirmişdir. Ermənilərin saxta iddialarına inanan Bayden «erməni soyqırımı»nı tanımaqla da ermənipərəst mövqeyində qalmışdır. «Altı gündən sonra ABŞ tarixində Cozef Bayden erası bitir» söyləyən Prezident İlham Əliyev əminliklə vurğulayıb ki, sabiq prezidentlər Bill Klinton və Corc Buş dönəmində ABŞ ilə Azərbaycan arasında yaradılan əməkdaşlıq platforması Donald Trampın prezidentliyinin birinci dönəmində də xoş niyyətlər əsasında davam edib: «Mən hesab edirəm ki, əgər hər iki tərəf maraqlı olsa, biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik”.» Keçən ilin aprelində tarixdə ilk dəfə olaraq çox məkrli əməkdaşlıq platforması, şeytan yuvası olan Amerika, Avropa İttifaqı və Ermənistandan ibarət məkrli üçlük formalaşdıran Ağ Evin və Qərbin Ermənistanı silahlandırmaqla bağlı «humanitar təşəbbüs»lərini Cənubi Qafqazda gərginliyi artıracaq ciddi təhlükə adlandıran Prezident İlham Əliyev « Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir» sözləri də təsdiqləyir ki, bu platforma faşist ideologiyasının alternatividir.

Ermənistan da, onun havadarları da bilməlidirlər ki, sülh müqaviləsi ilə bağlı Azərbaycanın bütün şərtləri qəbul ediləcək: «Çünki bu şərtlərdə hər hansı bir fövqəladə məsələ yoxdur. Minsk qrupunun ləğv edilməsi, konstitusiyanın dəyişdirilməsi – bunlarsız sülh müqaviləsi mümkün deyil. Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik. Yəni, mən yenə də Ermənistan tərəfinə məsləhət görərdim ki, hər şeyi yaxşı ölçüb-biçsin, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri. Onların yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər.» Bu cür qeyb olmalardan ən çox pay alan isə Fransa Prezidenti Emmanuel Makron olacaq: «Fransaya gəldikdə, indi orada siyasi səhnədə nələr baş verir? Hər kəs özü görür. Dünən Fransa prezidenti Azərbaycana qarşı yenə də cəfəng ittihamlar irəli sürmüşdü. Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir» söyləyən Prezident İlham Əliyev haqlı olaraq bildirir ki, görünür biz o qədər güclənmişik ki, Fransanın daxili işlərinə qarışa bilərik və nəyisə dəyişə bilərik, biz, sadəcə olaraq, bununla fəxr edə bilərik: «Əslində, bu açıqlama öz acizliyinin etirafıdır. Özlərini böyük dövlət adlandıran bir prezident, sən demə, uzaqda - Qafqaz bölgəsində yerləşən, 10 milyon əhalisi olan ölkənin əməllərindən əziyyət çəkir.»

Yəni, Ermənistan artıq başa düşməlidir ki, «strateji tərəfdaşı» ABŞ-ın başqa dövlətlərə təsiretmə mexanizmi olan Soros dövrü başa çatıb. Yaxın Şərqdə bu üçlüyün yaxın müttəfiqi Əsəd rejimi artıq tarixin zibilliyinə göndərilib.

«Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır» söyləyən , bu yolun açılmasını Türkiyə- Azərbaycan qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən qorxan Qərbə siyasətində korrektə etməyi tövsiyə edən dövlət başçımız İlham Əliyev bildirib ki, cənab Tramp tamamilə yeni gündəliklə hakimiyyətə gəlir və onun birinci dönəmində Amerika-Azərbaycan əlaqələrində hər hansı bir problem yaşanmadı: «Yəni, ona görə ümidlər böyükdür. Ona görə mən dedim ki, ümidlər var, ümidlər böyükdür. O cümlədən Amerika-Azərbaycan strateji əlaqələrinə yaxınlaşmaq da mümkün olacaq. Mən hesab edirəm ki, əgər hər iki tərəf maraqlı olsa, biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik.»

Beləki, Bayden Administrasiyası ilə Ermənistan arasında imzalanan kağız parçası -strateji tərəfdaşlıq haqqında sənəd axirətə köçənin son nəfəsində dinlədiyi Fatihədir.

Xuraman İsmayılqızı, «İki sahil»