Bu gün Qərbin, o cümlədən ABŞ-ın Cənubi Qafqazda proseslərin tənzimlənməsi, Ermənistanla Azərbaycan arasında sülh münasibətlərinin təmin olunması ilə bağlı ziddiyyətli mövqeyi, davranışları özünü açıq şəkildə göstərir. Bu, təbii ki, həmin güclərin, xüsusilə ABŞ-ın neoimperialist maraqlarından, hədəflərindən irəli gəlir. Yanvarın 14-də Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalanıb. Müqavilə imzalanan andan bəri, erməni cəmiyyətində revanşizm hissləri güclənməkdədir.
Açıq şəkildə, arxalarında ABŞ və Aİ-nın dəstəyini hiss edən daşnak-millətçi kəsim yeni müharibə çağırışları səsləndirir. Bütün bunlar, Bayden administrasiyasının apardığı qərəzli, yanlış siyasətin nəticəsidir və sülhə mane olur. Revanşizm meyilləri, birinci növbədə, Ermənistanın özünə ciddi təhlükə yaradır, çünki bu siyasət ölkəni uzunmüddətli gərginliklərə və daxili münaqişələrə sürükləyir. Revanşist siyasət, eyni zamanda, onsuz da zəif olan sosial vəziyyəti daha da ağırlaşdırır. Çünki müharibə təhlükəsi yalnız narazılıqları artırır.
ABŞ-la Ermənistan arasında saziş imzalanması, yenə də “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi Bayden administrasiyasının, dövlət katibi A.Blinkenin bu günə kimi bütün dünya üzrə həyata keçirdiyi dağıdıcı, riyakar siyasətin növbəti təzahürüdür. Adətən hər hansı administrasiya öz səlahiyyət müddətinin sonuna bir həftə qalmış mühüm siyasi sənədlərin qəbulundan çəkinir. Görünən odur ki, demokratlar administrasiyası erməni lobbisinin təsiri altında bu sənədi qəbul edib. Daha dəqiq desək, Bayden administrasiyasına bu sənədin qəbul edilməsi üçün təzyiq göstərilib. Bu da erməni lobbisinin Tramp administrasiyasının belə bir sənədə razılıq verməyəcəyindən narahat olduğunu göstərir. ABŞ müxtəlif ölkələrlə, o cümlədən Azərbaycanla sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlıq edib. Xüsusilə Xəzəryanı ölkələrlə sərhədlərin müasir avadanlıqlarla təmin edilməsi layihələrində Azərbaycanla uzunmüddətli əməkdaşlıq mövcuddur. Uzun illər Ermənistan belə əməkdaşlıqdan məhrum olub. Bunun səbəbi Ermənistanın KTMT-yə üzv olması və Rusiyanın hərbi müttəfiqi sayılmasıdır. Ermənistanla Rusiya arasında hərbi müttəfiqlik və müştərək hərbi birləşmələr barədə sənədlər mövcuddur. İndi isə Bayden administrasiyası Ermənistanla təhlükəsizlik sahəsində əməkdaşlıq qurmaq niyyətindədir. Ancaq bu əməkdaşlığın reallaşması çətin görünür. Çünki Ermənistanın təhlükəsizlik və hərbi infrastrukturu Rusiya ilə sıx bağlıdır.
Gördüyümüz kimi, Blinkenin simasızlığı, riyakarlığı ABŞ-ın Azərbaycan və Ermənistan arasında danışıqlardan uzaqlaşdırılması və Vaşinqtonun Cənubi Qafqazdakı proseslərdən uzaqlaşdırması, öz mövqelərini itirməsi ilə nəticələndi. Əslində, nə Azərbaycan, nə də erməni xalqı Blinkeni heç maraqlandırmır da. Onun əsas məqsədi gedən ayaqda bir sülhpərvər obrazı yaratmaq və çoxillik münaqişəyə son qoyan “sülh göyərçini” kimi tarixə düşmək, bəlkə də buna görə Nobel sülh mükafatı almaq idi. Və arzusu ürəyində qaldı. Eləcə də onun Gürcüstanı qarışdırmaq, onu hərbi əməliyyatlar üçün plasdarma çevirmək, gürcü xalqının fəlakəti üzərində öz siyasi ambisiyalarını reallaşdırmaq planı da alınmadı.
ABŞ hansı ölkəyə ayaq basıbsa, oraya müharibə, aclıq, səfalət və uzun illər davam edən vətəndaş müharibələri, qarşıdurmalar gətirib. Bu gün dünyanın müxtəlif bölgələrində, xüsusilə Ərəbistan yarımadası və Aralıq dənizi hövzəsində baş verən dəhşətli insan faciələrinə nəzər salsaq, doğmaları qətlə yetirilən, evlərindən didərgin düşən hər insanın taleyində ABŞ cinayətlərinin izini görmək mümkündür.
Birləşmiş Ştatların vaxtilə “kimyəvi silah” bəhanəsi ilə müdaxilə etdiyi İraq hələ də bir dövlət olaraq sabitliyinə qovuşa bilməyib və faktiki olaraq işğal altındadır. Hazırda Suriyada, Liviyada baş verənlər Birləşmiş Ştatların və onunla eyni cinayətləri bölüşənlərin üz qarasıdır.
Azərbaycan müstəqil dövlətdir. Atdığı hər bir addımında dövlət maraqları, xalqın iradəsi öndə dayanır. Heç bir təzyiq, təhdid, riyakarlıq Azərbaycanı tutduğu yoldan döndərməyib və bundan sonra da döndərə bilməz. Dövlətimizin siyasətində ədalət və beynəlxalq hüquq prinsiplərinin öndə olması əməkdaşlıq əlaqələrinin inkişafında da öz sözünü deyir. Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycanın sözü imzası qədər dəyərlidir. Təbii ki, uğurlarımızdan dostlar sevinəcək, onları həzm edə bilməyən ikili standartlar siyasətini normaya çevirən qurumlar qarayaxma kampaniyalarını davam etdirəcəklər. Azərbaycan bu kimi cəhdlərin qarşısını daim qətiyyətlə alıb və bundan sonra da alacaq.
Şəmsiyyə Əliqızı, “İki sahil”