I. Hərbi cinayətlər və beynəlxalq hüququn prinsipləri
Hərbi cinayətlər müharibə qanunlarının və adətlərinin kobud şəkildə pozulmasıdır. Bu cinayətlər beynəlxalq hüququn təməl sənədlərində öz əksini tapıb. 1945-46-cı illərdə keçirilən “Nürnberq prosesi” bu sahədə beynəlxalq hüququn inkişafında önəmli presedent yaradıb. Prosesdə sülhə qarşı cinayətlər, müharibə cinayətləri və insanlığa qarşı cinayətlər kimi ittihamlar irəli sürülüb.
Nürnberq məhkəməsi göstərdi ki, dövlət rəsmiləri və hərbi liderlər toxunulmaz deyillər və cinayət məsuliyyətindən yayınmaq mümkün deyil.
Çağdaş dönəmdə bu prinsiplər BMT-nin Təhlükəsizlik Şurasının qərarlarında, Roma Statutu (Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsi; Rome Statute of the International Criminal Court)
və İnsan Hüquqları üzrə Avropa Konvensiyasının müddəalarında təsbit olunub. Özəlliklə, Roma Statutu beynəlxalq cinayətlərin təqibi üçün hüquqi əsasları möhkəmləndirib və Beynəlxalq Cinayət Məhkəməsini təsis edib.
II. Xocalı Soyqırımı: İnsanlığa qarşı danılmaz cinayət
1992-ci ilin fevralında Xocalıda baş verən qanlı hadisələr Azərbaycan xalqının tarixi yaddaşında unudulmaz bir yara açdı. Bu insanlıq dramı sonucunda yüzlərlə dinc sakin, o cümlədən qadınlar, uşaqlar və yaşlılar amansızlıqla qətlə yetirildi. 33 il öncə baş vermiş o vahim hadisələr, beynəlxalq hüquqa görə, insanlığa qarşı cinayət kimi təsnif edilir. Xocalı Soyqırımının əsas məsuliyyətini daşıyanlar sadəcə hərbi rəhbərlər deyil, insanlığa qarşı cinayətlərdə birbaşa iştirak etmiş əliqanlı şəxslərdir.
Bu cinayətlərə dair çoxsaylı sübutlar, şahid ifadələri və beynəlxalq hesabatlar mövcuddur. Bir sıra ölkələr, qurumlar, quruluşlar Xocalı Soyqırımını tanımaq üçün xüsusi qətnamələr qəbul edib. Ayrıca, ermənilərin müharibə cinayətləri Xocalıdan sonra da davam edib. Atəşkəs imzaları atıldı, Bəyanatlar yayıldı, arabuluculara söz verildi amma ermənilər müharibə cinayətlərindən bir türlü əl çəkmədi ki çəkmədi. Azərbaycanlı əsir və girovların taleyi, tapsaö altındakı ərazilərimizə yüzminlərlə mina basdırılması, qanunsuz məskunlaşma, işğala uğramış yaşayış məntəqələrinin tamamilə dağıdılması,
dini, mədəni abidələrin özgələşdirilməsi, talanı və ya sökülməsi… bunlar, Ermənistanın siyasi-hərbi hakimiyyətinin müharibə cinayətlərinin heç də hamısı deyil… Və danılması da mümkün deyil!
Bu sübut bazası, Azərbaycan məhkəmələrində aparılan ədalət mühakiməsinin legitimliyini artırır.
III. Azərbaycan Respublikasında hərbi cinayətkarlara qarşı mühakimə prosesi
Azərbaycanın məhkəmə-hüquq sistemi, beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, hərbi cinayətlərdə ittiham olunan erməni liderlərini mühakimə etməyə hazırdır. Bu proses yalnız milli qanunvericilik deyil, həm də beynəlxalq hüquq normaları əsasında aparılır.
Məhkəmənin əsas məqsədi tarixi ədaləti bərpa etmək, eyni zamanda, dünya ictimaiyyətinə bir ismarıc göndərməkdir: müharibə cinayətləri cəzasız qalmayacaqdır! Şəffaf və beynəlxalq hüquq normalarına uyğun şəkildə aparılan məhkəmə prosesi həm Azərbaycanın hüquqi mövqeyini möhkəmləndirəcək, həm də bölgədə sabitliyə töhfə verəcəkdir.
IV. Nürnberq prosesi ilə paralellər
1945-46-cı illərdə keçirilən Nürnberq prosesi, müharibə cinayətləri ilə mübarizənin qlobal miqyasda mümkünlüyünü sübut etdi. O dönəmdə faşist liderlərə qarşı irəli sürülən ittihamlar bu gün erməni hərbi canilərinə qarşı irəli sürülən ittihamlarla çox oxşar, bir sıra hallarda eynidir:
müharibə qanunlarının pozulması,
insanlığa qarşı cinayətlər,
sülhə qarşı cinayətlər və s.
Doğrudur, Nürnberq prosesi bir qədər fərqli idi. Onu həyata keçirən məhkəmə milli məhkəmə deyildi. Bununla belə, subyektlər yəni hərbi cinayəti törədənlər, cinayəttörətmə forma və məzmunları oxşardır.
Nürnberq prosesi, eyni zamanda, beynəlxalq həmrəyliyin və hüquqi məsuliyyətin vacibliyini nümayiş etdirdi. Azərbaycanın hazırda həyata keçirdiyi məhkəmə prosesi də bu təcrübələrdən öyrənərək, beynəlxalq işbirliyi və hüququn aliliyi prinsiplərinə əsaslanır.
V. Beynəlxalq ictimaiyyət və medianın rolu
Azərbaycanın apardığı mühakimə prosesi yalnız hüquqi deyil, həm də ictimai diplomatiya baxımından önəm daşıyır. Dünya ictimaiyyəti Xocalı Soyqırımı və digər cinayətlər haqqında daha geniş bilgiləndirilməlidir. Bu məqsədlə beynəlxalq media ilə işbirliyi, sənədli filmlərin hazırlanması və təsirli konfransların təşkili önəmlidir.
VI. Tarixi ədalət və gələcək sülh perspektivləri
Tarixi ədalətin bərpası, yalnız keçmişlə hesablaşmaq deyil, həm də gələcəkdə sülhün qərar tapmasına töhfə verməkdir. Bu məhkəmə prosesi, təkcə Azərbaycan üçün deyil, bütün bölgə (ən azı Qafqaz) üçün ədalət və sabitlik yönündə önəmli bir addımdır. Nürnberq prosesi kimi, bu da gələcək nəsillərə hüquqi və mənəvi bir irs olaraq qalacaqdır. Gürcüstan, Ukrayna, Moldova və b. yaxın-uzaq ölkələr, əlbəttə, qardaş, dost və qonşular ölkələr də gərək bu mövzuya biganə qalmaya, haqq-ədalətin təntənəsində maraqlı olduqlarını açıq nümayiş etdirələr.
Beləliklə, Azərbaycanın hərbi cinayətlərə qarşı apardığı mühakimə prosesi təkcə tarixi ədalətin bərpasına deyil, həm də beynəlxalq hüququn güclənməsinə xidmət edir. Xocalı Soyqırımı, digər soyqırımı aktları (Ağdaban, Bağanis-Ayrım, Qaradağlı və b.) öndə olmaqla, ağır insanlıq suçlarının təkrarlanmaması üçün ədalət prinsiplərinin qorunması çox vacibdir. Bu proses, Nürnberq təcrübəsindən öyrənərək, dünya ictimaiyyətinin dəstəyi ilə daha güclü sonuclar əldə edə bilər.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI