Ölkəmizdə həssas qrupların, xüsusilə valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər davam etdirilir. Bu kateqoriyadan olan şəxslərin hüquqlarının qorunması dövlətin prioritetlərindən biridir və qanunvericilikdə mütəmadi olaraq həmin sahədə islahatlar həyata keçirilir.
“İki sahil” xəbər verir ki, bu fikirləri parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova komitənin bugünkü iclasında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşunun müzakirəsi zamanı çıxışında səsləndirib.
H.Hüseynova qeyd edib ki, müzakirəyə çıxarılan qanun layihəsi bu islahatların davamıdır: “Qanunun mövcud 5-ci maddəsinə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, eləcə də onların arasından olan şəxslər təhsil müəssisələrini bitirdikləri zaman mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əmək haqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti təmin olunacaq. Lakin qanunun mövcud redaksiyasında respublika üzrə orta əmək haqqının hansı dövr üçün hesablanması dəqiqləşdirilməyib”.
Komitə sədri diqqətə çatdırıb ki, orta əmək haqqının aylar və illər üzrə dəyişməsi və verilən pul təminatının mövsümi geyim məhsullarının bazar qiymətlərinə uyğun gəlməməsi kimi praktiki problemlər mövcuddur: “Bu, qanunvericiliyin effektiv tətbiqinə və vətəndaş məmnuniyyətinə mənfi təsir göstərir. Təklif edilən dəyişikliklərdə isə birdəfəlik pul vəsaitinin konkret məbləğdə müəyyənləşdirilməsi nəzərdə tutulur ki, bu da həm qanundakı qeyri-müəyyənlikləri aradan qaldıracaq, həm də vətəndaş məmnunluğunu artıracaq. Layihədə xüsusi olaraq vurğulanıb ki, yeni dəyişikliklər bu qanun qüvvəyə mindiyi tarixədək təhsil müəssisələrini bitirmiş şəxslərə şamil olunmayacaq”.
Qanun layihəsi parlament üzvləri tərəfindən müsbət qarşılanıb və geniş müzakirə edilib.
Müzakirələrdən sonra qanun layihəsi plenar iclasa tövsiyə olunub.