Psixi Sağlamlıq Mərkəzinin direktoru: Sosial şəbəkələrdə qarşılaşdığımız bəzi psixoloqların paylaşımlarının səviyyəsi qaneedici deyil
Son zamanlar sosial şəbəkələrdə psixoloqların sayının artdığını deyə bilərik. Bu, insanın psixoloji sağlamlığına diqqətin artması baxımından müsbət haldır. Çünki müasir dünyanın yaşatdığı stress və gərginliyin aradan qaldırılmasında psixologiya mühüm rol oynayır. Yəni, bu gün psixoloqların sayının artması cəmiyyətin tələbi ilə əlaqədardır. Lakin psixoloqların heç də hamısının fəaliyyəti müsbət qiymətləndirilmir. Birbaşa insan ruhuna, psixoloji sağlamlığa xitab edən psixoloqların təhsili, mətbuatdakı çıxışları cəmiyyətdə geniş müzakirə olunur. Onların bəzilərinin sahəsi üzrə təhsil almaması, müxtəlif qısamüddətli kurslar keçərək fəaliyyət göstərdikləri vurğulanır. Bəs, əsl psixoloq olmağın yolu hansı təhsildən keçir?
“İki sahil”in sözügedən mövzu ilə bağlı suallarını Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, professor Fuad İsmayılov cavablandırır.
-Son zamanlar psixoloqların sayında artım var. Bu ixtisas üzrə təhsil alan hər kəs özünə “psixoloq” deyir. Bəs əsl psixoloq necə olmalıdır?
-Əsl psixoloq “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə cavab verən, psixoloq ixtisası üzrə ali təhsil almış və ya “Təhsil haqqında” Qanuna uyğun olaraq əlavə təhsilalma formasında psixoloq ixtisasını əldə etmiş və psixoloji yardım göstərmək hüququ olan şəxsdir. Eyni zamanda, formal təhsildən başqa psixoloqda xüsusi keyfiyyətlər də olmalıdır. Bu keyfiyyətlərə ünsiyyət bacarıqları, empatik münasibət, tolerantlıq, insanlara hörmət, yeniliklərə açıqlıq və s. aiddir.
-Ali təhsil almadan psixoloq işləmək doğrudurmu?
-Əlbəttə ali təhsil mütləqdir. Lakin bu ali təhsil digər sahələr deyil, yalnız psixologiya üzrə olmalıdır. Klinik psixologiya isə, yəni, xəstə insanlarla işləyən psixoloqlar klinik psixologiya üzrə magistratura pilləsində təhsillərini tamamlamalıdırlar. Bundan başqa, psixoloqların peşəkarlığı həm onların təcrübəsi, həm də əldə etdikləri əlavə təlimlərlə bağlıdır. Məsələn, ağır psixi xəstələrin reabilitasiyasında iştirak edən psixoloqlar reabilitasiya üzrə təlimlər keçməlidir və ya psixoloji/psixiatrik məhkəmə ekspertizasında çalışan psixoloqlar müvafiq qaydalarla tanış olmalıdır.
-Bəs, ölkəmizdə psixoloqların hazırkı səviyyəsi sizi qane edirmi?
-Buna ümumiləşdirilmiş şəkildə cavab vermək mümkün deyil. Məsələn Psixi Sağlamlıq Mərkəzində çalışan psixoloqlar İngiltərə, Polşa, Ukrayna kimi ölkələrdə magistratura təhsillərini tamamlayıblar və əlbəttə, bu, bizi qane edir. Lakin, eyni zamanda, sosial şəbəkələrdə qarşılaşdığımız bəzi psixoloqların paylaşımlarının səviyyəsi qaneedici deyil.
-İnsanlarımız necə etsinlər ki, psixoloq seçimində yanılmasınlar? Psixoloq seçərkən nələrə diqqət etmək lazımdır?
-Birinci növbədə həmin insana psixiatr və ya psixoloq lazım olduğu dəqiqləşdirilməlidir. İnsanın psixi vəziyyəti çox gərgindir, intihar davranışı qeyd olunur, sayıqlama varsa həmin insana psixoloqa deyil, psixiatra müraciət etmək lazımdır. Çünki bu problemlərin həllində dərman müalicəsi tələb olunur və psixoloqların dərman təyin etmək icazəsi yoxdur. Əgər dərman müalicəsinə ehtiyac yoxdursa psixoloji problemlərin həllində psixoloqun rolu çox vacibdir. Formal olaraq psixoloqun klinik psixologiya üzrə təhsili olmalıdır və həmin psixoloq tibbi müəssisədə fəaliyyət göstərməlidir. Digər tərəfdən, həmin psixoloqun ünsiyyət, etibarlı mühit yaratmaq, problemin həlli bacarıqlarına diqqət etmək lazımdır. Əgər bu psixoloq yaxınlarınıza, ətrafınıza kömək edə bilibsə güman edə bilərik ki sizə də kömək edə bilər. Lakin əgər psixoloq haqqında reklamdan başqa real məlumatlar yoxdursa ona ehtiyatla yanaşmaq lazımdır.
- Psixoloq, psixoterapevt və psixiatr arasındakı fərq nədir?
Psixiatr – həkimdir, o, ali tibb təhsili almış və anatomiyadan daxili xəstəliklərə qədər tibb təhsilinə malikdir. Psixiatr psixi pozuntunun rəsmi diaqnozunu təyin edə bilən yeganə mütəxəssisdir. Həmçinin qeyd etdiyimiz kimi, psixiatr müalicəsində dərmanlardan istifadə edir.
Psixoloq – psixoloji fakültəni bitirib. Onun başqa vəzifələri var: müxtəlif şkalalarla psixoloji vəziyyətin qiymətləndirilməsi, psixoloji konsultasiyaların aparılması, xəstələrin ailə üzvlərinə yarıdım göstərilməsi, sağlam həyat tərzinin dəstəklənməsi və s. Eyni zamanda, həm psixiatr həm psixoloqların yardım göstərə bildiyi ortaq sahə psixoterapiyadır.
Qeyd etmək istərdim ki, psixoterapevt ixtisası mövcud deyil. Psixoterapiya müalicə üsuludur. Psixoterapiya bir üsuldur. Dediyim kimi, psixoterapiya ilə həm klinik psixoloqlar həm də psixiatrlar məşğul ola bilər. Digər yardım növlərindən fərqli olaraq psixoterapiya yalnız və yalnız psixi pozuntular zamanı tətbiq edilir.
- Ən çox hansı problemlərlə sizə müraciət edirlər?
-Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi psixi pozuntulardan əziyyət çəkən insanlara xidmət edir. Mərkəzdə çalışan psixoloqlara müxtəlif psixi pozuntuları olan şəxslər müraciət edir. Bu pozuntulardan xüsusilə depressiya, posttravmatik stress pozuntusu, təşviş pozuntuları qeyd etmək lazımdır. Həmçinin mərkəzə uşaqlarda psixi inkişafla bağlı problemlərlə müraciət edilir.
-Hansı hallarda psixoloqa müraciət etmək vacibdir?
-Əgər uşağın psixi inkişafına bağlı problemlər varsa o zaman uşaq psixoloquna müraciət etmək lazımdır. Əgər insan həyatını, karyerasını təkmilləşdirmək istəyirsə o zaman kouçlara müraciət edə bilər. Əgər hər hansı psixi pozuntudan əziyyət çəkirsə klinik psixoloqlara müraciət edilməlidir.
-Tutaq ki, psixoloq həm müvafiq təhsil alıb, həm də savadlıdır. Bəs onun özünün psixoloji travmaları varsa, necə?
-Çox maraqlı sualdır. Əgər müvafiq təhsil almış və savadlı cərrahda apendisit olsa o kimə müraciət etməlidir? Eləcə də psixoloq da insandır və onda psixoloji problem olarsa etibar etdiyi həmkarına müraciət edir. Adətən, ağır pasiyentlərlə işlədikdə psixoloqlarda stress yarana bilir və bu hallarda onlar daha təcrübəli psixoloq tərəfindən superviziya (supervayzer tərəfindən yeni başlayan və ya praktik təcrübəsində müəyyən çətinliklər yaşayan psixoloqa qarşılaşdığı çətinlikləri anlayıb məlumat və təcrübə qazanaraq inkişafına kömək prosesidir. Superviziya psixoloji məsləhət prosesini həyata keçirən, xüsusilə işə yeni başlayan psixoloqlar üçün zəruridir) almalıdırlar. Superviziya zamanı psixoloq öz çətinliklərini supervizoru ilə paylaşıb ondan lazımi məsləhətləri ala bilir.
- Psixoloqlar işlə təmin olunarkən psixoloji testdən keçirlərmi?
-İşlə təmin olunarkən psixoloji test keçirmək bir məna daşımır. Çünki peşəkar psixoloq həmin testləri həmişə düzgün şəkildə cavablandıra bilər. Tibb müəssisələrinə işə qəbul olunmuş psixoloqlar Psixi Sağlamlıq Mərkəzində müsahibə mərhələsini keçməlidir və müsahibə zamanı onların bilikləri, bacarıqları və münasibətləri yoxlanılmalıdır.
- Maraqlı müsahibə üçün təşəkkür edirik!
Yaqut Ağaşahqızı, “İki sahil”