Naxçıvan Muxtar Respublikası-101
«Naxçıvanın muxtariyyatı tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyatı Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq.»
Ümummilli Lider Heydər Əliyev
Yerləşdiyi məkanın geosiyasi əhəmiyyətinə, zəngin təbii sərvətlərinə görə tarixi İpək Yolunun əsas hissəsi sayılan ulu məskən Naxçıvan dəfələrlə yadellilərin hücumlarına məruz qalsa da düşmənə boyun əyməmişdir. Görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə dünyada tanınan Naxçıvanın ölkəmizin sosial -iqtisadi, ictimai- siyasi həyatında əvəzsiz rolu olmuşdur. Bu torpaqda böyüyüb boya –başa çatmış, dünya şöhrəti qazanmış Ümummilli Lider Heydər Əliyev demişdir: «Azərbaycanın qədim, zəngin tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarı mürəkkəb və çətin inkişaf yolu keçmişdir. Orta əsrlərdə Şərqin iri elm , mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən biri kimi şöhrət qazanmış Naxçıvan dünya sivilizasiyasına dəyərli töhfələr vermişdir. Naxçıvanlıların öz fədakarlığı, işgüzarlığı hesabına Naxçıvan yaşayır, inkişaf edir, Naxçıvanda quruculuq prosesləri gedir.»
Tarixi əsrlərə söykənən, ta qədimdən karvanların keçdiyi İpək Yolunun üzərində yerləşən, gözəlliyinə, təbii sərvətlərinə göz dikən yadellilərin hücumlarına məruz qalsa da, daş qalaya çevrilərək düşmənin qarşısına sipər çəkən mərd övladları ilə ad-san qazanan Naxçıvan həmişə daşıdığı «Nəqşi-cahan» adına layiq olub. Tarixin izlərini daşında, abidələrində yaşadan, müqəddəs ziyarətgahları, saysız-hesabsız, müalicəvi əhəmiyyətli şəfalı suları, bulaqları, cənnətməkan hüsnü ilə hamını heyran edən bu qədim diyar haqqında deyilən «Bilinməyir yaşın sənin, nələr çəkmiş başın sənin» sözləri illərin dolaylarından bugünümüzə boylanan bir tarixdir. Əsrlərə körpü salan, Nuhun müqəddəsliyini, Nəiminin söz xəzinəsini nəsillərə ərmağan kimi daş yaddaşında saxlayan, muxtar respublikanın mənəvi pasportu olan «Gəmiqaya» qayaüstü rəsmləri ilə varlığını sübut edən, Əcəmi sənətkarlığının ecazkarlığını, təkrarolunmazlığını dünyaya göstərən Mömünə xatun kimi türbələrində milli-mənəvi dəyərlərimizi yaşadan, bu diyarı «Şərqin incisi» adlandıranların sözlərində həqiqət var.
İlləri yola saldıqca daha da gözəlləşən, qədimliyi ilə müasirliyinin vəhdətində inkişaf edən Naxçıvan bu gün də Azərbaycanın Şərqə açılan qapısı kimi strateji əhəmiyyətini saxlayır. Azərbaycanın ayrılmaz parçası olan, tanınmaz dərəcədə gözəlləşən muxtar respublikanın tərəqqisi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Respublikaya başçılıq etdiyi hər iki dövrdə ata-baba yurdu Naxçıvanın inkişafı naminə yaranan fürsətlərdən uzaqgörənliyi və siyasi səriştəsi ilə istifadə edən Ulu Öndər Naxçıvan MR Ali Məclisinin Sədri olarkən göstərdiyi fədakarlıqlarla da Azərbaycanın müstəqilliyini də əbədiləşdirdi.
1990-cü ildə Moskvadan doğma Vətənə qayıdan Ulu Öndər Naxçıvan MR Ali Məclisinin Sədri kimi, Azərbaycanın gələcək inkişafı üçün mühüm əhəmiyyətə malik islahatlara bu qədim diyardan başlamışdır.
Dünyada siyasi, iqtisadi qüdrəti ilə seçilən Azərbaycanı bu gün beynəlxalq aləmdə bir dövlət kimi tanıdan uğurların təməlini də Ulu Öndərin Naxçıvanda müəyyənləşdirdiyi inkişaf strategiyası təşkil edir.
Naxçıvanda olarkən dövlət atributlarını bərpa edən Ulu Öndərin Azərbaycana misilsiz xidmətlərindən biri də respublikamızın sərhədlərinin, Naxçıvanın ermənilər tərəfindən işğalının qarşısının alınmasına yönəldilmiş Qars müqaviləsinin təzələnməsi, muxtariyyatının qorunması oldu.
Azərbaycanı bürüyən təlatümlü günlərdə doğma diyarına gələn, insanları üzləşdikləri fəlakətdən xilas edən, Naxçıvanı o dövrdə Ermənistanın təcavüzündən qoruyan Ulu Öndər xidmətləri, gördüyü işlər, apardığı islahatlarla bütünlükdə Azərbaycanın müstəqilliyini əbədiləşdirdi, ölkəmizin bazar iqtisadiyyatı yolu ilə dünyaya inteqrasiyasında ilk addımlar atıldı. Hazırda sayı artan qonaqların heyran qaldığı Naxçıvanın 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunması muxtar respublikanın Azərbaycan üçün əhəmiyyətini əks etdirir.
Muxtar respublikada təkcə siyasi müstəvidə deyil, yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatının tələblərinə uyğunlaşan modellərin formalaşması istiqamətində ilkin addımlar atıldı. Bu qətiyyət torpaqlarımıza zaman-zaman göz dikən erməni millətçilərinin məkrli planlarının və niyyətlərinin qarşısında sipər olmuşdur. «Mən son vaxtlar Naxçıvanın inkişafı ilə əlaqədar bəzi tədbirlər həyata keçirmək barədə qərarlar vermişəm. Bunlar lazımdır. Nə üçün? Çünki Naxçıvanın vəziyyəti, onun coğrafi vəziyyəti və Naxçıvana qarşı ermənilərin daimi ərazi iddiası Naxçıvanı xüsusi inkişaf etdirmək məsələsini qarşımıza qoyur. Naxçıvan Azərbaycanın ən qədim torpaqlarından olmaqla Azərbaycanın milli mədəniyyətini, memarlığını, rəssamlığını qoruyub saxlayan abidələr diyarıdır» söyləyən Ulu Öndər əlavə olaraq bildirmişdi ki, Azərbaycanın xüsusi ağır şəraitdə olan bu diyarı gərək o qədər inkişaf etdirək ki, oradakı problemlər insanları narahat etməsin. Həmin insanlar orada daim yaşasınlar. Azərbaycan torpağını qorusunlar, saxlasınlar.
«Xalqımızın Ümummilli Lideri Heydər Əliyev Naxçıvana çox diqqətlə yanaşırdı. Ona görə yox ki, burada anadan olmuşdu, bura onun Vətəni idi. Ona görə ki, siyasi xadim kimi Naxçıvanın Azərbaycan üçün əhəmiyyətini çox gözəl başa düşürdü» söyləyən Prezident İlham Əliyevin muxtar respublikaya səfərlərinin hər biri bu qədim diyarın yeniliklər, zəngin inkişaf mərhələsi kimi yaddaşlarda qalıb.
Prezident İlham Əliyevin ata-baba yurduna bağlılığının nəticəsidir ki, bu ulu məskən ildən-ilə gözəlləşir, müasirləşir. Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş Fuad Nəcəflini qəbul edərkən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində bu amilləri əsas hədəf kimi diqqətə çatdırmışdı.
Dövlət başçımızın imzaladığı «Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqram»ı” bu qədim diyarın yeni yüksəlişinin yol xəritəsidir. Naxçıvanda qazlaşdırmanın 100 faiz səviyyəsində təmin edilməsi, enerji təchizatı, müasir yolların inşa olunması, səhiyyə və təhsil obyektlərinin tikintisi, yeni iş yerlərinin yaradılması istiqamətində görülən işlər qeyd olunmaqla perspektivlər də ürəkaçandır.
Dövlət başçımızın səlahiyyətli nümayəndəyə tapşırığının əsasında da insanlara diqqət və qayğı öndə dayanıdı: Muxtar respublikanın iqtisadiyyatını, özəl bölməni inkişaf etdirmək, insanların qayğısına qalmaq, həyat tərzini yaxşılaşdırmaq, mərkəzi icra orqanları ilə insanlar arasında sıx təmas qurmaqla neqativ halların qarşısını almaq. Tarixi İpək Yolunun mərkəzində yerləşən Naxçıvanda azad iqtisadi zonanın yaradılması, ticarət və logistika imkanlarının genişlənməsi ilə bağlı vəzifələrin nəzərdə tutulması bilavasitə Zəngəzur dəhlizinin açılmasını şərtləndirir. Hazırda bu qədim diyarda əlverişli biznes mühiti formalaşmış, investisiyaların cəlb edilməsi sahəsində önəmli addımlar atılmış, ixracyönlü məhsullar zəncirinin qurulması və dayanıqlı iş yerlərinin yaradılması istiqamətlərində kompleks proqramlar hazırlanmışdır. İslahatların icra mexanizminin monitorinqi və qiymətləndirilməsi üçün aidiyyəti orqanların qarşısında mühüm vəzifələr qoyulmuşdur.
“Dövlət Proqramı”na əsasən muxtar respublikada istehsal olunan sənaye məhsullarının sərhədlərimizdən kənara ixracı stimullaşdırılacaq, rəqabətqabiliyyətli sənaye sahələrinə dövlət dəstəyi və investisiyalar cəlb olunacaq, innovasiyalar, habelə dövlət–özəl bölmə tərəfdaşlığı ilə bu sahədə resurs və xidmət təminatı gücləndiriləcək. Sənaye Məhəllələrinin yaradılmasına diqqət artırılacaq. Təbii sərvətləri, zəngin resursları, müalicəvi suları, dərman bitkiləri ilə zəngin olan, tarixi abidələri ilə qonaqları heyran edən Naxçıvanda istehsal edilən məhsulların Avropa bazarlarına, MDB ölkələrinə çatdırılması üçün sənəddə lazımi imkanların yaradılmasının birbaşa icra strukturlarına tapşırılması islahatların icra mexanizminə məsuliyyəti artıracaq.
«Bakı Enerji Həftəsi: 2023» çərçivəsində «Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı» mövzusunda xüsusi sessiyanın Ulu Öndərin doğulub, boya –başa çatdığı Naxçıvan şəhərində keçirilməsi müdrik şəxsiyyətin xatirəsinə ehtiram, bu qədim diyara diqqət və qayğının təzahürü idi. Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli xüsusi sessiyadakı çıxışında Ulu Öndərin Naxçıvan MR Ali Məclisinin Sədri işlədiyi müddətdə göstərdiyi fədakarlıqlardan söz açaraq Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi enerji strategiyasının, «Əsrin müqaviləsi»nin imzalanmasını ölkəmizin hərtərəfli inkişafında müstəsna rol oynadığını diqqətə çatdırmışdı. Hazırda Naxçıvan MR Qarabağ və Şərqi Zəngəzur kimi yaşıl enerji zonası elan olunmuşdur.
Muxtar respublikanın elektrik enerjisi ilə tələbatının üçdə birinin bərpaolunan enerji hesabına ödənilməsi yaşıl enerji marafonuna qoşulan muxtar respublikanın iqtisadiyyatına önəmli töhfədir. Dövlət proqramları çərçivəsində görülmüş işlər Naxçıvanın qarşıdakı illərdə inkişafı üçün geniş imkanlar yaradır. Hazırda bu imkanlardan səmərəli istifadə, o cümlədən əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü dəyər zəncirinin qurulması əsas prioritetlərdən birinə çevrilib. Muxtar respublikaya investisiyaların cəlb edilməsi və bu investisiyaların artırılması hərtərəfli inkişaf üçün vacibdir. Bu baxımdan iqtisadiyyatın prioritet sahələri üzrə investisiya layihələrinin hazırlanması bəndinə uyğun olaraq sərmayə qoyuluşu prioritet olan sahələr, o cümlədən inşaat materialları, şüşə tutumlar, baramaçılıq və ipəkçilik, səhiyyə, dini və ənənəvi turizm, yaşıl enerji, kənd təsərrüfatı məhsulları tədarükü və emalı, günəş panelləri, avtomobil və texnikalar üçün ehtiyat hissələri, pivot suvarmada istifadə olunan metal konstruksiyalar, boyalar üçün xammal, soda, natrium xlorid, gil xammalı, teşenit yatağından xarici və daxili divarların üzlənməsi üçün təbii daş bloklar, çini və saxsı qablar, efir yağı, üzvi gübrə, bitumlu membran, corab, sabun, dəftər və qələm istehsalı üzrə sahələr müəyyənləşdirilib. Sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi, maliyyə zəmanəti və digər iqtisadi dəstək mexanizmlərinin tətbiq dairəsinin genişləndirilməsi daha çox diqqət göstərilən sahələrdəndir. Dövlət Proqramının qəbulundan keçən müddətdə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən Naxçıvanda fəaliyyət göstərən banklara nəzərdə tutulduğu səviyyədə vəsait ayrılıb. Məhsul idxalın məhdudlaşdırılması və bu əsasda yerli, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması üçün məqsədyönlü işlər müəyyənləşdirilib. Şərur Sənaye Məhəlləsinin fəaliyyətə başlamasının təmin edilməsi istiqamətində müvafiq işlər görülüb. Şərur Sənaye Məhəlləsində 2023-cü ilin əvvəlinədək cəmi 3 istehsal sahəsi fəaliyyət göstərirdi. Artıq həmin sənaye məhəlləsində ayaqqabı, tikili mallar, Avropa qapıları, mebel, kağız kisə, karton tara istehsalı sahələri olmaqla, 7 sahibkarlıq sahəsi fəaliyyət göstərir. Bitki yağı, qənnadı məmulatları, qəlyan tütünü istehsalı sahələrinin qurulması istiqamətində işlər davam etdirilir. Bununla yanaşı, Şərur Sənaye Məhəlləsinin boş qalan ərazisində tekstil müəssisənin qurulması və sahibkarlıq subyektləri tərəfindən daxil olan 20 layihə üzrə işlər aparılmaqdadır. Naxçıvan Muxtar Respublikasında istehsal edilən məhsulların ixrac coğrafiyasının şaxələndirilməsi istiqamətində ilkin olaraq beynəlxalq standartlara uyğun çeşidlər müəyyənləşdirilir.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə muxtar respublikada istehsal olunan məhsullardan istifadənin təşviq edilməsi proqramın əsas məqsədlərindəndir. Digər mühüm amil isə Cəbrayılda yaradılacaq «Araz Vadisi İqtisadi Zonası»” Sənaye Parkında Naxçıvan sahibkarlarının fəaliyyətinin nəzərdə tutulmasıdır.
Yerli sakinlərin daha keyfiyyətli kənd təsərrüfatı mallarına tələbatının ödənilməsi də diqqətdə saxlanılır. Bu məqsədlə kənd təsərrüfatı sahələri üzrə müxtəlif təyinatlı kiçik və orta fermer təsərrüfatlarının yaradılması üçün Sahibkarlığın İnkişafı Fonduna müraciət edən sahibkarlar, biznesin inkişafı proqramına qoşulan ailə təsərrüfatları üçün maliyyə vəsaitləri ayrılır. Dövlət Proqramının əsas istiqamətləri sırasında mikro, kiçik və orta biznesin dəstəklənməsi istiqamətində fəaliyyətin inkişaf etdirilməsi və dövlət xidmətlərinin təşkil olunması prioritet kimi daim diqqətdə saxlanılır.
Naxçıvanı adına layiq məskən kimi tanıtmaq üçün muxtar respublikanın aidiyyatı orqanları bütün qüvvələrini səfərbər edərək birgə fəaliyyət göstərirlər. Bunun nəticəsidir ki, təbii sərvətləri , gözəlləşən siması, əlverişli iqlim şəraiti ilə fərqlənən Naxçıvanın görməli yerlərinə səyahət etmək istəyənlərin sayı artmaqdadır. Bu gün dünya siyasətinin aktual mövzularından olan Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanın müxtəlif istiqamətlərə uzanan marşrutlarının sayı da artacaq. Ən başlıcası isə Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan türk dünyasını birləşdirəcək qardaşlıq məkanı olacaq. «Biz Azərbaycan olaraq onlar üçün təhlükə mənbəyi deyilik. Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur» sözləri Prezident İlham Əliyevin ata-baba yurduna bağlılığının, varislik ənənəsinə sadiqliyinin ifadəsidir. Ötən əsri yola salan, ikinci əsrinin «bir yaşını» qeyd edən doğma diyara daha xoş günlər arzulayırıq.
Xuraman İsmayılqızı, «İki sahil»