08 fevral 2025 15:30
92

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Qərbi azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar

Ötən əsrin sonlarında millətçilik dünyanın nizamını dəyişməyə meyilləndi. Bu meyil er­mə­nilik idi. Vətənpərvər şair Eldar Baxış erməniliyi “alçaq budaqların üstə oturub böyük budaqları silkələmə” cəhdi adlandırmışdı. Əvvəlki dövrlərdə olduğu kimi, 1988-ci ildə də ermənilik milli gözəgötür­məz­liyə söykənib Azərbaycandan ərazi iddiasına düşdü, bu iddia ilə bir sırada Ermənistanda ya­şa­yan azərbaycanlı­lara qarşı əvvəlcə zorakılığa, sonra təxribatlara, şərləmələrə, vəhşiliyə, nə­hayət kütləvi şəkildə öldür­mə­lərə, qovmalara başladı. Yüz minlərlə azərbaycanlı qışın şax­ta­sında, minbir əzabla ölü­mün əlin­dən can qurtara bildi. Zəngəzurda azərbaycanlı qalmadı.

İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər dünyanın pozulmuş nizamının da düzəlməsinə siyasi şərait yaratdı. Şərqi Zəngəzurda quruculuq işləri başladı, Qərbi Azərbaycan icmasının təşkilatlanması tarixi gerçəkliklərə əsaslanıb tarixi əda­lə­tin bərpa olunması üçün ciddi mübarizənin başlanğıcı oldu. Bu mübarizə bütün azərbaycan­lı­la­rın mübarizəsidir.

Ermənistan Respublikasının sabiq prezidenti Levon Ter-Petrosyan erməniliyin niyyətinin konturlarını 1993-cü il iyulun 23-də etdiyi çıxışında açmışdı: “Ermənistan və Dağlıq Qarabağ erməni xalqının 600 il həll edə bilmədiyi problemi həll etdi. Ermənistan və Artsax tamamilə əcnəbi­lər­dən təmizləndi. Yenə deyirəm, bu, 600 illik problem idi və onun əhəmiyyətini erməni xalqı hə­lə 600 il də bundan sonra hiss edəcək. Təsəvvür edin, bu gün Ermənistanda 180 min əcnəbi ol­saydı, bu gün bizim dövlətimiz olmazdı. Zəngəzuru qoruya, şimal-şərq rayonlarımızı qoruya, Sevan sahilini qoruya bilməzdik, burada bir neçə yeni muxtariyyətimiz olacaqdı. Yada salaq ki, azərbaycanlılar üç bölgədə çoxluq təşkil edirdi: Vardenis, Masis, Amasiya – bütün Zəngəzur zonasında onların sayı çox idi. Bu problem həll olundu”.

Erməniliyə xidmət edən o qondarma problemi 30 il sonra Azərbaycan Ordusu həll etdi. Bu­nu erməni siyasətçiləri də etiraf etməkdədirlər. Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun cari ilin yanvarında qəbul etdiyi Bəyanatı da 30 il əvvəl tarixin axarını dəyişmiş hadisələrin geri dönü­şü­nü gerçəkləşdirmək məqsədinin ideoloji işığıdır. Bu Bəyanat azərbaycançılığın Bəyanatıdır. Bu Bəyanat Qərbi Azərbaycana tarixi qayıdışın mahiyyətinin Bəyanatıdır. Bu Bəyanat ger­çək­liyin Bəyanatıdır...

İkinci Qarabağ müharibəsində məğlub olan işğalçı Ermənistan elan etmədən başladığı mü­­haribə ərəfəsində zorən çıxartdığı azərbaycanlıların sırasında minlərlə uşaq, yeniyetmə də vardı. Onların əksəriyyəti bu gün Qərbi Azərbaycana qayıdış konsepsiyasının cəfakeşlərin­dən­dir. Tarix bundan utansın! Tarixi bu səviyyədə utanmağa məhkum edənlər tarixə cavab ver­sin­lər.

Qərbi Azərbaycan icması daim beynəlxalq ic­timaiyyəti Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi siste­matik irqçiliyi və etnik təmizləmə siyasətini pisləməyə çağırır, Ermənistan hökumətindən isə silahlanmanı dərhal da­yan­dırmağı, irqçi siyasətlərdən imtina etməyi, Qərbi azərbaycanlıların doğma yurdlarına təhlü­kə­siz və ləyaqətli şəkildə qayıdışını təmin etməyi və bu məqsədlə Qərbi Azərbaycan İc­ma­sı ilə dialoqa başlamağı tələb edir. Bu tələb Azərbaycan dövlətinin istəyinin ifadəsidir və xal­qın sabahlarına qayğıların tələbidir...

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev 2025-ci il yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə qətiyyətlə bildidi ki,  Qərbi azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar... Biz bu məsələni gündəlik­dən çıxartmayacağıq. Halbuki bizə belə təkliflər var. Amma bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxma­ya­caq, o vaxta qədər ki, Qərbi azərbaycanlılar öz doğma torpaqlarına qayıda­caqlar.

Qərbi Azərbaycan icması cənab Prezident İlham Əliyevin regionda sülh və sabitliyin bərqərar olunması sahəsində dönməz fəaliyyətini  tam və birmənalı şə­kil­də dəstəkləyir, Prezident İlham Əliyevin Qərbi azərbaycanlıların doğma yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına verdiyi möhkəm dəstəyi yüksək qiymətləndirir. Qalib Prezidentimizə olan inam icmanın mübarizliyini daha da artırır və onları qarşıya qoyulan hədəflərin yerinə yetirilməsinə ruhlandırır.

Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü olaraq qeyd etməyi özümə borc bilirəm ki, Qərbi Azərbaycan icmasının fəaliyyəti sülh niyyətlidir. Nə vaxtsa eşitdiyim bir kəlamı xatırlayıram: “Deyənin eşidəni gərək”. Ermənistan Azərbaycan icmasının ədalətli tələbini düşdüyü çıxılmazlıqdan qurtuluşa yol göstərən səmimi siyasi çağırış bilməli, Qərbi azərbaycanlıların doğma yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etməli və bu məqsədlə Qərbi Azərbaycan İcması ilə qeyd-şərtsiz dialoqa başlamalıdır.

İnanıram ki, Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi Qərbi azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar.

Səbinə Xasayeva,

Milli Məclisin deputatı