Misir hökuməti 2025-ci ildə tələbatı ödəmək üçün 60 mayeləşdirilmiş təbii qaz (LNG) yüklü karqonu almaq məqsədilə “Shell” və “TotalEnergies” ilə təxminən 3 milyard dollarlıq müqavilə imzalayıb.
Xatırladaq ki, əhalisi ən sıx olan ərəb ölkəsi Misir ötən il təbii qazın xalis idxalçısına çevrilib, onlarla yük gəmisi qəbul edib və daxili hasilatda kəskin azalmadan sonra Avropaya tədarükçü olmaq planlarından əl çəkib.
Misirin daxili tədarükü 2024-cü ilin sentyabrında yeddi ilin ən aşağı səviyyəsinə düşüb. Birgə Təşkilatların Məlumat Təşəbbüsündən verilən məlumatlara görə, bu, əsasən Zohr qaz yatağından hasilatın azalması və daha çox enerji istehlakı səbəbindən baş verib.
Yerli mənbələr 60 yük gəmisinin bu il ölkənin tələbatının böyük hissəsini ödəyəcəyini bildirib.
Noyabr ayında “Reuters” açıqlamışdı ki, Misir daha bahalı spot bazar alışlarından asılılığını azaltmağa çalışır. Çünki ABŞ və digər xarici şirkətlərlə uzunmüddətli həcmdə LNG almaq üçün danışıqlar aparır.
“Enerji Aspektləri”məsləhətçi şirkətinin məlumatına görə, 2028-ci ilin sonuna qədər daxili qaz hasilatının daha 22,5% azalacağı gözlənilir. Bu arada, analitiklər növbəti onillikdə ölkənin enerji istehlakının 39% artacağını proqnozlaşdırırlar.
Nubar Süleymanova, “İki sahil”