Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən "Qolden Steyt” klubunun basketbolçusu Stefen Karri müntəzəm çempionatda “Çikaqo Bullz”a qarşı oyunda yeni rekorda imza atıb.
“İki sahil” “State Muse”yə istinadən xəbər verir ki, 36 yaşlı amerikalı basketbolçu sərbəst atışlar olmadan ən çox xal toplayan müdafiəçi ünvanına yiyələnib.
Dördqat NBA çempionu karyerası ərzində topladığı 24622 xalın 20763-nü sərbəst atış xəttinə çıxmadan oyun zamanı qazanıb. Bu, NBA tarixində müdafiəçilər arasında ən yüksək göstəricidir.
Qeyd edək ki, ötən gecə baş tutan “Qolden Steyt” - “Çikaqo Bullz” matçı birincilərin 132:111 hesablı qələbəsi ilə yekunlaşıb. S.Karri 2009-cu ildən Kaliforniya təmsilçisinin formasını geyinir.