Bu gün hakimliyə namizədlərlə yazılı imtahan keçirilib. Qaydalara uyğun olaraq yazılı imtahan təcrübədə mövcud ola bilən kazusun yüksək formada yazılması ilə əlaqədardır. Həmin mövzular Hakimlərin Seçki Komitəsinin bu gün səhər keçirdiyi qapalı iclasda müəyyən olunub və mülki, cinayət hüquq sahələrini əhatə edib.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Hakimlərin Seçki Komitəsinin üzvü Elçin Xələfov deyib: "İmtahan 4 saat davam edib. Bu müddət ərzində hakimliyə namizədlər kazusu düzgün həll etməyə, qoyulan məsələləri, qanunvericiliyin məzmununu mümkün qədər dolğun izah etməyə və səlis şəkildə öz fikirlərini çatdırmağa çalışıblar. İmtahanın nəticələri Hakimlərin Seçki Komitəsinin üzvləri və bu fəaliyyətə cəlb olunan mütəxəssislər tərəfindən qiymətləndiriləcək. 60 və daha çox bal toplamış namizədlər növbəti mərhələyə vəsiqə qazanacaqlar.
Hakimlərin Seçki Komitəsi tərəfindən hakimliyə namizədlərin sənəd qəbulu fasiləsiz olaraq davam etdirilir. Komitə hakim olmaq istəyən namizədləri müsabiqədə fəal iştiraka dəvət edir".