Üç yüz ildən sonra ermənilər Rusiyaya badalaq gəldilər
Gec də olsa haqq-ədalət öz yerini tutmaqdadır. Yüz illər boyu şallaqladığı xalqlar əllərinə düşən ilk fürsətdəcə öz jandarmı olan Rusiyadan uzaqlaşmaq, sərbəst, azad həyat sürmək, öz taleyinin sahibi olmaq üçün mübarizə aparıblar. Baltikyanı ölkələrdən sonra “azadlıq marafonuna” yaxın vaxtlara kimi Rusiyanın “gözünün işığı”olan Ermənistan qoşulub. Bu isə hər kəsi təəccübləndirir. Hamı bilir ki, Rusiya özünün təşkil etdiyi erməni dövlətini heç vaxt sıxışdırmayıb, əksinə, bu zəif ölkəni və əhalisini həmişə əzizləyib, müftə-müsəlləm hər nazü-nemətlə təmin edib. SSRİ-nin yetmiş il mövcud olduğu illərdə də digər İttifaq dövlətlərinin qazancını özü ilə bərabər erməni “qardaşlarına” da yedizdirib. Ermənilər dövlətin bütün strukturlarında layiq olmadıqları yüksək mənsəblərə yerləşdiriliblər. Onlar kəsdikləri minlərlə başa görə sorğu-suala belə çəkilməyiblər. Özlərindən müştəbeh olan erməni ideoloqları o qədər qudurublar ki, hətta Rusiyanın ərazisinin bir hissəsinin, o cümlədən Krasnodar, Armavir, Stavropol vilayətlərinin onların əraziləri olduğunu da iddia ediblər. Buna görə onlara keçmiş SSRİ-nin bədnam prezidenti Mixail Qorbacovun hakimiyyəti dövründə “gözün üstə qaşın var” deyən olmayıb. Halbuki o iddianı başqa xalqlar səsləndirsəydilər imperiya cəlladları onların qanını axıdardılar.
Bütün bunlardan sonra Ermənistanın keçmiş sahibinə üz çevirməsi əlbəttə, təəccüb doğurmalıdır. Lakin ermənilərin terrorçu, namərd və etibarsız olduqları çoxdan məlumdur. Bundan istifadə edən Qərb Rusiyanı Cənubi Qafqazdan çıxarmaq üçün məhz Ermənistanı seçib. Bilirlər ki, şirnikləndirməklə bunları Rusiyanın əleyhinə qaldıra biləcəklər. Kiçik bir “eksperiment” aparmaqla məqsədlərinə nail oldular. İş o yerə çatıb ki, Ermənistan Avropa İttifaqına (Aİ) bu təşkilatın üzvlüyünə qəbul olunması üçün müraciət edib.
Ermənistan Milli Assambleyası (parlamenti) ölkənin Avropa İttifaqına qoşulması haqqında qanun layihəsini təsdiqləyib.
Bu barədə “Armenpress” məlumat yayıb: “Ermənistan parlamenti fevralın 12-də keçirilən iclasda “Ermənistan Respublikasının Avropa İttifaqına üzvlüyü prosesinin başlanması haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Təşəbbüsün lehinə 63 deputat, əleyhinə isə 7 deputat səs verib”.
Təbii ki, bu xəbər Kremldə dərin məyusluqla qarşılanıb. Hələlik ən yüksək səviyyədə açıqlama verilməyib. Görünür, şokdan ayıla bilmirlər.
Vurğulamaq lazımdır ki, Rusiya dəfələrlə Ermənistana xəbərdarlıq etmişdi ki, Avropa İttifaqına qoşulmaq istəyi İrəvan üçün pis nəticələrə səbəb olacaq. Rusiya belə olacağı təqdirdə Ermənistanın Avrasiya İqtisadi İttifaqında qala bilməyəcəyini də bildirmişdi. Hətta xarici işlər naziri Sergey Lavrov axırıncı dəfə Ermənistanın baş naziri Nikol Paşinyanı amiranə tərzdə Moskvaya çağıraraq onu sərt şəkildə hədələmişdi ki, əgər ölkəsi Avropa İttifaqına qoşulsa onu faciələr gözləyir. Lakin görünən odur ki, bu xəbərdarlıqlar və hədələr Nikol Paşinyanı nəinki qorxutmayıb, əksinə, heç tükünü belə tərpətməyib. Yəni, ötən yeddi ildə dəyirman bildiyini edib, çax-çax baş ağrıdıb. İndi nökər ağanı yarıyolda beli şələli tərgidib aradan çıxır.
Belə də olmalı idi. Uzaqgörməz Rusiya çarları və qəddar bolşevik hakimiyyəti erməniləri yaxşı tanımaqlarına baxmayaraq “ilanı öz qoyununda” bəsləməklə ən böyük xətanı başlarının üstündə saxlamışlar. Kreml erməniləri özlərinin sadiq köpəkləri sanıb hamının üzərinə qısqırdırdı. Heç vaxt inanmırdılar ki, gün gələr yemləyib qudurtduqları köpəklər ayaqlarını gəmirər. Odur ki, indi kimdənsə ummağa, küsməyə haqları yoxdur. Bizim “Sevil” operasında deyildiyi kimi: “Öz cəzandır, çək Balaş!”
Vəli İlyasov, “İki sahil”