21 fevral 2025 00:58
167

Azərbaycan yüksək inkişaf potensialına malik dinamik bir iqtisadiyyata sahibdir

Dövlət başçısı İlham Əliyev «Vergi Xidməti-25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumun iştirakçılarına müraciətində də bu mühüm reallığı xüsusi qeyd etdi ki, bizim yolumuz davamlı inkişafa və şəffaf idarəetməyə əsaslanır

Azərbaycan bu gün iqtisadi sahədə şaxələndirmə yolunu seçib. Neftdən asılılıq aşağı salınır, qeyri-neft sektoru inkişaf etdirilir. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı da edir ki, ancaq bilməliyik ki, bu gün və sabah ölkəmizin aparıcı sektoru neft-qaz sektorudur. Neft-qaz sektorunun bundan sonra da uğurla inkişafı prioritet məsələlərdən biridir. Biz iqtisadi inkişafla bağlı apardığımız siyasəti təbii olaraq qeyri-neft sektoru üzərində qururuq. Ancaq bilməliyik ki, əgər neft sektoru inkişaf etməsə, bizim qeyri-neft sektorumuz bu gün ölkəmizin tələbatını ödəyə bilməz.

Ölkəmizin bugunkü reallıqlarına yol açan, iqtisadi və siyasi mövqeyini möhkəmləndirən mühüm faktor Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasıdır. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsini şərtləndirən enerji layihələrinin uğurlu icrası dünyanın enerji xəritəsinin yenidən tərtib olunmasında əhəmiyyətli rol oynayır. Bu layihələr, eyni zamanda, ölkələri, xalqları birləşdirir, onlar arasında yeni körpülərin qurulmasını təmin edir. Ümumiyyətlə, hər bir ölkənin inkişafında iqtisadi amil əsas yer tutur.   2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev jurnalistlərə ilk müsahibəsində bildirdi ki, hər şey iqtisadiyyat üzərində qurulur. Azərbaycanın iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək imkanımız olacaq. Artıq bu istiqamətdə çox böyük işlər görülüb: «Hesab edirəm ki, iqtisadiyyatımızın növbəti mərhələsi məhz özəl sektorun daha fəal iştirakından asılı olmalıdır və bu istiqamətdə bizim üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq. Bazar iqtisadiyyatı davam etdiriləcəkdir. Sahibkarlar sinfi yaranacaq və beləliklə, özəl sektorun fəaliyyəti nəticəsində Azərbaycanın büdcəsi də artacaqdır, iş yerləri də açılacaqdır. Yəni hesab edirəm ki, indi qlobal şəkildə bu istiqamət də Azərbaycan üçün lazımdır.» Bu reallıq da diqqətə çatdırıldı ki, artıq Azərbaycanda ölkəmizi hərtərəfli inikşaf etdirmək üçün gözəl zəmin yaranıb. 1993-2003-cü illərdə Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyub.

Yeni neft strategiyasının uğurları bu gün Azərbaycanın bütün bölgələrinin, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasında özünün aydın ifadəsini tapır. 1994-cü ildə «Əsrin müqaviləsi»nin imzalanması ilə Azərbaycanın neft sənayesinin qapıları xarici sərmayələrin üzünə açıq elan olundu. Yeni neft strategiyasının müəllifi, Ümummilli Lider  Heydər Əliyev bu mühüm hadisənin əhəmiyyətini belə qeyd etmişdir ki, biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollara yaxındır ki, bunun da 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Son 21 ildə dövlət başçısı İlham Əliyevin «İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır»  çağırışına uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir, nəinki paytaxt Bakı, eyni zamanda, bölgələrimiz iqtisadi inkişafı ilə xarici investorların diqqətindədir. Cənab İlham Əliyevin  sərəncamları ilə təsdiqlənən Bakı və Bakıətrafı qəsəbələrin, eyni zamanda, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində həm paytaxt Bakının, həm də bölgələrimizin simasında dəyişiklik, yenilik baş verdi. Bu sənədlərdə əsas diqqət göstərilən məsələlərdən biri  nəqliyyat infrastrtukturunun yenilənməsi, təkmilləşdirilməsi oldu. Prezident İlham Əliyev bu il yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə   bildirdi ki, biz nəqliyyat məsələlərini həmişə diqqət mərkəzində saxlamışıq və son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Əgər  bu işlər görülməsəydi, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yenə də  növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq.

Cənab İlham Əliyevin 30 yanvar 2025-ci il tarixli Sərəncamı ilə «Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı» təsdiqləndi. Yeni sənəd nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsinə, yenilənməsinə yol açacaq ki, bu da öz növbəsində dayanıqlı inkişafın təmin edilməsini şərtləndirəcək. İqtisadiyyatın inkişafında üç mühüm sahənin inkişafı əsasdır: enerji, nəqliyyat və ərzaq təhlükəsizliyi. Neft gəlirlərinin istifadəsində şəffaflığın yüksək səviyyədə təmin olunması qeyri-neft sektorunun inkişafına geniş yol açdı. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində yol-nəqliyyat kompleksinin müasir infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir, Prezident Fərman və sərəncamları imzalanır. Əvvəldə də qeyd etdiyimiz kimi, imzalanan sənədlərə uyğun olaraq çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunmuş və olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ən ucqar kənd yolları belə müasir standartlara uyğun qurulub. Yollar həm insanların rahatlığını təmin edir, həm də ölkə iqtisadiyyatının hərtərəfli inkişafında mühüm rol oynayır. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkənin geosiyasi maraqlarına, malik olduğumuz enerji resurslarının səmərəli istifadəsinə yol açan enerji layihələrinin uğurlu icrasına, qeyri-neft sektorunun hərtərəfli inkişafına, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyinin təminatına xidmət edib və bundan sonra da edəcək.

Atılan addımlarda əsas məqsəd təbii ki, bölgələrin inkişafına nail olmaqla yanaşı, sahibkarlara dəstəkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha yüksək səviyyədə qurmalarını şərtləndirir. Bu gün ailə təsərrüfatlarının inkişafından bəhs edirik. Asan dəstək funksiyasını yerinə yetirən ABAD mərkəzlərin normal fəaliyyətində bu amillərin rolu böyükdür. Həmçinin son illərdə ölkə Prezidenti İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını qarşıya prioritet məsələ kimi qoyub. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurət kimi ortaya qoyur. ” Əsas məqsəd budur ki, ölkənin hərtərəfli inkişafı təmin olunsun, ən əsası insanların sosial rifah halı daha da yaxşılaşdırılsın.

Bugünkü reallıqlarımız Azərbaycanın qarşıya qoyduğu bütün hədəflərə yüksək səviyyədə çatdığını təsdiqləyir. Hər bir layihənin uğurlu sonluqla başa çatması növbəti layihələrin gündəmə gətirilməsini şərtləndirir. 1999-cu ildə Dövlət Neft Fondunun yaradılması da Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Neft gəlirlərindən səmərəli istifadəni təmin etmək məqsədilə yaradılan bu qurumun vəsaitləri hesabına həyata keçirilən sosial-iqtisadi layihələr ölkənin hərtərəfli inkişafına geniş imkanlar açır. Ümummilli Lider Heydər Əliyevin «Neft-Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur» tezisinin davamı olaraq cənab İlham Əliyev «Əsrin müqaviləsi»nin Azərbaycana qazandırdığı uğurların fonunda bildirir ki, neftdən əldə edilmiş gəlirlər ölkə iqtisadiyyatının inkişafında istifadə olundu: «Biz bunu o istiqamətə yönəltdik. İnfrastruktur tamamilə yeniləndi. Yadınıza salın, 1994-cü ildə bizim infrastrukturumuz nə vəziyyətdə idi, bu gün nə vəziyyətdədir. O vaxt hətta Bakı şəhərinin yarısı təbii qaz ala bilmirdi. Rayonlarda ümumiyyətlə,  bundan söhbət gedə bilməzdi… Biz ən ucqar dağ kəndlərinə qaz xətləri çəkmişik və bu proses davam etdirilir.»

Neft gəlirlərinin düzgün istiqamətləndirilməsi Azərbaycanın hazırkı inkişafında özünün aydın ifadəsini tapır. Bölgələrimiz arasında sağlam rəqabət gedir. Dövlət başçısı İlham Əliyevin irəli sürdüyü təşəbbüslər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır, dəstəklənir. Bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirə bildi. Çünki neft həm xeyir, həm də başağrısı, problem gətirə bilər. «Biz bilirik ki, dünyada neft üstündə əvvəlki dövrlərdə də, hazırda da mübarizələr, münaqişələr gedir, qan axıdılır. Neft hasilatı hələ o demək deyil ki, ölkələr çiçəklənəcək, orada inkişaf olacaq» söyləyən dövlət başçısı İlham Əliyev qeyd edir ki, neftlə zəngin olan bir çox ölkələrdə bu gün müşahidə edilən mənzərə bunun əksini deyir. Ona görə, bizim əsas vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün.

Görülən və görüləcək işlərin fonunda bir daha bu reallıq öz təsdiqini tapır ki, ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əsasdır. Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır.

Artıq dörd ildir ki, ölkəmizin həyatında yeni mərhələ-işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması uğurla həyata keçirilir. Həmçinin iqtisadi rayonların yeni bölgüsü, «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in təsdiqlənməsi də qarşıdakı dövrün aydın mənzərəsini yaradır. Tezliklə Qarabağımız və Şərqi Zəngəzur böyük investisiyalar məkanına çevriləcək. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet reallaşdırılmalıdır: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi. Əsas çağırışlardan biri budur ki, regionlarda iqtisadi aktivliyin daha da artırılması üçün mövcud iş qüvvəsi və bütün resurslar tamamilə iqtisadi dövriyyəyə cəlb edilməlidir. Regionların sürətli inkişafı insanların keyfiyyətli iqtisadi imkanlara və fiziki infrastruktura çıxışı ilə müşayiət olunmalıdır. Regionlar paytaxtla müqayisə oluna biləcək yaşayış standartlarına malik olmalıdır. Bu, regionların milli gəlirdə payının artırılmasını təmin edəcək. O da qeyd edilir ki, işğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyi bərpa edilməlidir. Yeni bölgə iqtisadi fəaliyyətin aparıcı həlqələrindən birinə çevrilməli və ölkənin digər regionlarına uyğun inkişaf səviyyəsinə malik olmalıdır. Regionun dayanıqlı inkişafı burada iqtisadiyyatın ehtiyaclarının doğru resurslarla təmin edilməsindən asılı olacaq, təbii resurs bolluğu və qazanılan tarixi imic bu ərazilərə sərmayə cəlbinə imkan verəcəkdir. Möhkəm təməl üzərində qurulan yaşayışı təmin etməklə bölgənin ölkə üzrə iqtisadi fəaliyyətdə payını işğaldan öncəki vəziyyətə çatdıra və onu davamlı artıra bilərik. Bu prosesdə zəruri stimullara əsaslanan özəl təşəbbüslərin hərtərəfli təşviqi, eləcə də dövlət-özəl sektor tərəfdaşlığının inkişafı vacibdir.

Sahibkarlığın inkişafı iqtisadi siyasətin əsasıdır. Dövlət başçısı İlham Əliyev bu günlərdə  «Vergi Xidməti-25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumun iştirakçılarına müraciətində də bu məqamlara xüsusi diqqət yönəltdi. Bildirdi ki, Azərbaycan yüksək inkişaf potensialına malik dinamik bir iqtisadiyyata sahibdir. Biz böyük infrastruktur layihələrini icra edir, müxtəlif sahələrdə rəqabət qabiliyyətini artırmağa yönəlmiş islahatlar həyata keçirir, dayanıqlı və innovativ iqtisadiyyat qurmaqla yanaşı, xarici investisiyaları cəlb edir və yerli istehsalın gücləndirilməsi istiqamətində mühüm addımlar atırıq. Uğurlarımız dayanıqlı iqtisadi artımın sürətini artırmaqla yanaşı, həm də sosial rifahın yüksəlməsinə xidmət edir. Bizim yolumuz davamlı inkişafa və şəffaf idarəetməyə əsaslanır.

Hazırda başlıca hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” yaxın gələcəkdə inkişaf konsepsiyamızın əsasını təşkil edir. Davamlı güclənən rəqabətqabiliyyətli iqtisadiyyatın, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulması, ölkəmizin rəqabətli insan kapitalına söykənən müasir innovasiyalar məkanına və “yaşıl artım” ölkəsinə çevrilməsi, işğaldan azad edilmiş ərazilərimizin yenidən məskunlaşdırılması qarşımızda duran əsas prioritetlərdir. Bu milli prioritetlərin hər biri qarşılıqlı və əlaqəli şəkildə icra edildikdə yüksək nəticələr verəcəkdir. Bu məqsədlərin reallaşdırılmasının təməlində dövlətin iqtisadi qüdrəti dayanır.

O da qeyd edildi ki, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası işğaldan azad edilmiş ərazilərin iqtisadi inkişafı üçün möhkəm təməl yaradıb. Bu ərazilərdə infrastrukturun bərpası, yeni sənaye və kənd təsərrüfatı sahələrinin yaradılması istiqamətində atdığımız addımlar, regionun milli iqtisadiyyata reinteqrasiyası gələcəkdə əhəmiyyətli irəliləyişlərə səbəb olacaq. İqtisadiyyatın diversifikasiyası və yerli əhalinin sosial rifahının təmin edilməsi bu ərazilərin sürətli inkişafını təmin edəcək, Qarabağ və Şərqi Zəngəzur bölgələri ölkəmizin ümumi iqtisadi potensialına mühüm töhfələr verəcək. Uzun illərdir Azərbaycanda müsbət sərmayə iqlimi mövcuddur. İnvestisiyaların adambaşına düşən həcminə görə Azərbaycan  qabaqcıl ölkələr sırasındadır. Sahibkarlara güclü dəstək verilməsi,  süni maneələrin aradan qaldırılması əsas prioritetlər sırasındadır. Dövlət başçısı İlham Əliyevin təsdiqlədiyi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu da bunun təsdiqidir.

Yeganə Əliyeva, «İki sahil»