20 fevral 2025 23:58
153

ADY qeyri-sabit hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə fəaliyyət göstərir

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

“İki sahil” xəbər verir ki, ADY-dən bildirilib ki, qatarların sürət həddi hava şəraitinə uyğun olaraq tənzimlənir. Bu səbəbdən qatarların qrafikində kənara çıxma halları müşahidə oluna bilər.

ADY-yə məxsus xidmət sahələrində qarın təmizlənməsi, xüsusi texnika vasitəsilə platformalara və keçidlərə duz səpilməsi, sürüşkən döşəməli stansiyalarda sərnişinlərin rahat və təhlükəsiz hərəkəti üçün xüsusi örtüklü cığırların salınması müntəzəm qaydada icra edilir.

Təmizləmə işləri mərkəzlə yanaşı, Bakıətrafı və regionlarda fəaliyyət göstərən platforma və stansiyalarda da aparılır.

Qabaqlayıcı tədbirlərin görülməsi gecə saatlarından etibarən intensiv şəkildə icra edilir.

Sərnişinlərdən platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmiryol xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur.