25 fevral 2025 11:43
138

Xocalı soyqırımı: Bütün bəşəriyyətə qarşı tarixi cinayət

“İki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsi olan Xocalı faciəsindən 33 il keçir. Bu faciə yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş verdi. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilmişdir. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulmuş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş, 487 dinc Xocalı sakini ağır yaralanmış və 1275 nəfər girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil. Qanlı Xocalı qırğınını törətməklə Dağlıq Qarabağın hüdudlarından kənara çıxan Ermənistan Azərbaycana qarşı genişmiqyaslı təcavüzə başladı. Qarabağ münaqişəsi zamanı torpaqlarımızın  20 faizi işğal edildi, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün düşdü.  Xalqımız misli görünməyən humanitar fəlakətlə üz-üzə qaldı”.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili vurğulayıb ki, illər keçdikcə hər bir hadisənin mahiyyəti daha dərindən dərk olunur, düzgün dəyərləndirilməsinə çağırışlar edilir: “Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır.  Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlar davamlılığı ilə diqqətdədir. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra əsas diqqət göstərdiyi məsələlərdən biri Xocalı faciəsinin dünyaya soyqırımı kimi tanıdılması oldu. “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Ümummilli Liderin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edildi”.

Malik Həsənov qeyd edib ki, son 21 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həqiqətlərimizin, Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində göstərdiyi səylərin uğurlu nəticələri reallıqlarımızda özünün aydın ifadəsini tapır: “Bu günədək görülən işlərin nəticəsidir ki, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları, həmçinin ABŞ-ın 20-dən çox ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. 2012-ci ildə Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul olunub. Xocalı soyqırımının dünyaya tanıdılması yönümündə Heydər Əliyev Fondunun da xidmətləri böyükdür. Belə ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüskarı və müəllifi olduğu “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına 2008-ci ildən start verilib. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir”.

Millət vəkili bildirib ki, bütün şəhidlərimizin, Xocalı soyqırımı qurbanlarının qisası alınıb: “44 günlük İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevun rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tarixi Zəfərə imza atdı. Silahlı Qüvvələrimiz Ermənistan ordusunu diz çökdürdü. 30 illik torpaq həsrətinə son qoyuldu, tarixi ədalət bərpa edildi. Bir daha sübut olundu ki, ədalət və beynəlxalq hüquq var, buna nail olmaq üçün səylər göstərilməli, tarixi ədalətə söykənən siyasəti uğurla davam etdirərək hədəfə doğru inamla addımlamalıyıq. Azərbaycan xalqı heç zaman ümidini itirmədi. Əmin idi ki, dövlətimizin qətiyyətli mövqeyi, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimiz nəticəsində torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaq, yeni həyat başlayacaq. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağının ucaldılması ilə qürurumuz, kimliyimiz özümüzə qayıtdı. Şanlı Qələbəmizdən sonra, 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində  suverenliyimiz tam bərpa olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə ucaltdı. Ötən il  Xocalı faciəsinin 32-ci ildönümünü Xocalı şəhərində qeyd etdik. Fevralın 26-da Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoydu, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Ötən ilin qürurverici hadisələrindən biri 28 May-Müstəqillik Günündə Böyük Qayıdışın Xocalı səhifəsinin yazılması oldu. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış oldular. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşdülər. Görüşdə cənab İlham Əliyev bu fikri böyük qürur hissi ilə vurğuladı ki, İkinci Qarabağ müharibəsi başa çatanda xocalılılar inanırdılar, bilirdilər ki, bu gün də gələcək. Ancaq hər şeyin vaxtı var və biz qayıtmışıq, həm Vətən müharibəsi, həm antiterror əməliyyatı xalqımızın gücünü, iradəsini, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya sübut etdi”.

Malik Həsənov diqqəti dövlət başçısı İlham Əliyevin fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanışlığına, kəndə köçən bir qrup sakinlə görüşünə yönəldib. Bildirib ki, soydaşlarımızın Böyük Qayıdış Proqramına uyğun olaraq mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışı hər birimizi qürurlandırır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bütün Qarabağ, Şərqi Zəngəzur bölgəsi dirçəlir və hər gün biz bunu əyani şəkildə görürük. Bu gün bölgəni, bu yerləri görməyən balaca uşaqlar, gənc insanlar həvəslə qayıdırlar, işləyirlər, qururlar, yaradırlar. Bu, bir daha xalqımızın nə qədər yüksək mənəvi keyfiyyətlərə malik olduğunu göstərir.