"Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 24-cü turunda bu gün "Zirə" ilə keçiirlən səfər matçından sonra görüş haqda fikirlərini bildirib.
“İki sahil” xəbər verir ki, o, 0:2 hesabı ilə uduzduqları matçdan sonra təşkil edilən mətbuat konfransında əvvəlcə matçın çətin şəraitdə keçirilməsindən gileylənib:
"İlk öncə oyunun keçirilməsi ilə bağlı fikirlərimi bölüşmək istəyirəm. Dünən stadiona gəldik amma məlum vəziyyətə görə görüş baş tutmadı. Bu gün üçün matça bir vaxt təyin etdilər, yenə saatı dəyişdilər. Təyin olunan saatda da matç başlamadı. Futboldan anlayan insanlar bunun oyunçulara nə qədər təsir etdiyini yaxşı bilirlər. Uşaqlar bu gün çox əziyyət çəkdilər. Saat 12:30-da nahar etdik, yola çıxdıq, 15:30-dan da stadiondayıq. Bura çatanda bildirdilər ki, görüşün vaxtı dəyişib. Geri qayıtmışıq, halbuki arenaya çatmışdıq. İki-üç saat boş vaxt keçirmişik. Son iki gündə məşq etməmişik. Gəldiyimiz gün qara görə meydança yox idi. Dünən də vəziyyət eyni cür oldu. Komanda yenə məşq edə bilmədi. İki gün məşq etmədən futbolçu meydana çıxırsa, nə demək olar. Bunlar nəzərə alınmalıdır".
A.Bağırov qeyd edib ki, bu şərtlər altında oyunun keçirilməsi düzgün deyil: "Zədə amili var. Banı fasilədə zədəyə görə əvəzlədik. Daha iki futbolçumuzun zədəsi var. Elə də geniş heyətimiz yoxdur. Futbolda incə məqamlar var. Oyunçu da insandır. Onu istismar etmək olmaz. Bu şərtlər altında matçın keçirilməsi başadüşülən deyi. Oyun barədə çox şey demək istəmirəm. Hər şeyi gördünüz. Rəqibi təbrik edirəm".