Çində yarasalarda aşkarlanan və insanlara keçə bilən HKU5-CoV-2 koronavirusu hələ ki insanlar üçün açıq-aydın təhlükə yaratmır.
“İki sahil” xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının akademiki Sergey Netesov deyib.
Alimin sözlərinə görə, bu virus hələ 2006-cı ildə Çində qeydə alınan HKU5-in yeni variantıdır.
"Onun S zülalında olan növlərindən biri, COVID-19-a səbəb olan SARS-CoV-2 virusu ilə eyni insan hüceyrə reseptorları ilə bağlayıcı yerə sahib görünür. Lakin indiyədək bu virus bir nəfərdə xəstəlik törətməyib", - Netesov bildirib.
O, yarasaların yüzlərlə müxtəlif virus daşıdığını, lakin onlardan yalnız bir neçəsinin insanlara yoluxdurmaq qabiliyyətinə malik olduğunu qeyd edib. Bu amili nəzərə alsaq, HKU5-CoV-2-nin insanlar üçün təhlükəli olması ehtimalı son dərəcə aşağı olaraq qalır.
Qeyd edək ki, Konqo Demokratik Respublikasında 50-dən çox insanın ölümünə səbəb olan naməlum xəstəliyin epidemiyası qeydə alınıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, fevralın əvvəlindən ölkədə 943-dən çox yoluxma halı aşkarlanıb.