27 fevral 2025 23:48
131

Almaniyada silahlı hücumu törədən şəxsin axtarışları davam etdirilir

Almaniya polisi ötən gün Şimali Reyn-Vestfaliya əyalətinin Bilefeld şəhərində məhkəmə binasının qarşısında günorta saatlarında silahlı hücum törədən şəxsin fotosunu yayımlayaraq, onu ictimaiyyətin köməyi ilə tapmağa çalışır.

“İki sahil” “Bild” qəzetinə istinadla xəbər verir ki, polis həmin şəxsin qətlə yetirilmiş qardaşının - boksçu Besar Nimaninin qisasını almaq istədiyini ehtimal edir.

Boksçunun qətlə yetirilməsi ilə bağlı cinayət işi üzrə ötən gün Bilefeld şəhərində keçirilən məhkəmə iclasının başa çatmasından sonra binadan çıxan insanlara odlu silahla bir neçə dəfə atəş açılıb. Hücum nəticəsində dörd nəfər xəsarət alıb. Onların arasında vəziyyəti ağır olanlar da var. Hücumu törədən şəxs daha sonra avtomobillə hadisə yerindən uzaqlaşıb.

Polis hücumu törədən şəxsin Berat Nimani olduğunu müəyyənləşdirib və onun barəsində qəsdən adam öldürməyə cəhd ittihamı ilə axtarış elan olunub. Axtarış işlərinin sürətləndirilməsi üçün polis onun fotosunu yayaraq ictimaiyyətdən kömək istəyir. Həmin şəxsin silahlı olduğu barədə əhaliyə xəbərdarlıq edilib.

Qeyd edək ki, Hüseyn Akkurt və Ayman Davud Kirit adlı iki şəxs ötən ilin martında Bielefeld şəhərinin mərkəzində boksçu Besar Nimanini odlu silahla qətlə yetirməkdə ittiham olunurlar.