Çinin dövlət kəşfiyyat və emal nəhəngi olan Çin Neft və Kimya Korporasiyası (Sinopec) Şimali Afrika ölkəsi Əlcəzairdə karbohidrogen yataqlarının kəşfiyyatı və işlənməsi üçün ölkənin “Sonatrach” neft şirkəti ilə 850 milyon dollarlıq müqavilə imzalayıb.
İki şirkət lisenziya əsasında kəşfiyyat və qiymətləndirmə qazma işlərinin aparılması barədə razılığa gəliblər.
“Sonatrach” həmçinin ölkənin neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsi üçün yeddi beynəlxalq şirkətlə müzakirələr aparır. Şirkətin baş direktoru Raşid Haçiçi “Sinopec” ilə müqavilənin imzalanması zamanı bildirib.
Əlcəzairin dövlət xəbər agentliyinin Haçiçiyə istinadən verdiyi məlumata görə, siyahıya İtaliyanın “Eni”, Fransanın “Total”, ABŞ-ın “Chevron” və “ExxonMobil” şirkətləri daxildir.
Xatırladaq ki, “Sinopec” 2002-ci ildən Əlcəzairdədir və əsasən “Zarzaitine” yatağında işləyir.
Neft və qaz kəşfiyyatı ilə yanaşı, “Sinopec” Seneqalda kənd quyularının qazılması layihəsinin ikinci mərhələsinə başlayıb. 2017-ci ildə istifadəyə verilən birinci mərhələdə artıq sutkada 110 min kubmetr su əldə edilib.
İkinci mərhələ çərçivəsində şirkət 85 quyu, 89 su qülləsi, 1450 kilometr boru kəməri və 300 mərkəzləşdirilmiş supaylayıcı stansiya tikməyi planlaşdırır. Bu, 2 milyondan çox kənd sakinini etibarlı su ilə təmin edəcəkdir.
Nubar Süleymanova, “İki sahil”