Hazırda ABŞ-Avropa İttifaqı (Aİ) qarşıdurması demək olar ki, pik nöqtəsinə çatıb. Şübhəsiz, bu məsələdə ultra liberal və liberalo-faşist ideologiyasının yürüdən Bayden-Blinken Administrasiyası məsuliyyət daşıyır. Fevralın 16-da Almaniyanın ev sahibliyi etdiyi 61-ci Münxen Təhlükəsizlik Konfransında ABŞ vitse-prezidenti Cey di Vens Avropa liderlərinin iç üzlərini açıb, son zamanlar demokratiyaya, əsl liberalizmə Avropanın “sol-psevdo-liberal” elitasının vurduğu zərərlərdən danışıb. Bununla da bəzi siyasətçilərin dediyi kimi, C. Vens çıxışı zamanı Avropanı əməlli-başlı yıxıb sürüyüb: “Avropa problemlərlə üz-üzədir. Lakin qitə indi üzləşdiyi böhranı özü yaradıb. Öz seçicilərinizdən qorxursunuzsa, Amerikanın sizə təklif edəcəyi heç nə yoxdur, eləcə də sizin məni və prezident Trampı seçən Amerika xalqına təklif edə biləcəyiniz heç bir şey yoxdur. Önümüzdəki illərdə mühüm işlər görmək üçün sizin demokratik mandata ehtiyacınız var”.
Onun sözlərindən belə anlaşılır ki, əsl liberal, demokratik dəyərlər geri qayıtmalıdır. Odur ki, əksər siyasətçilər bu kimi iradları “soyuq duş” kimi xarakterizə etməkdədirlər. Amma etiraf edək ki, Vensin dediklərini rəsmi Bakı illərdir ki, açıq-aydın söyləyir.
Şübhəsiz, Aİ-nin siyasi elitasının davamlı olaraq ikili standartlardan çıxış edərək yalnız korporativ maraqlara xidmət etməsi, digər dövlətin daxili işlərinə müdaxiləsi bu qurumun nüfuzuna böyük zərbə vurub. Uzun illər ərazilərimiz Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalanda, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məhkum ediləndə, həmçinin Qarabağ işğaldan azad olunandan sonra Qərbin Azərbaycana qarşı münasibətlərini buna misal göstərmək olar. Aİ-nin Bayden administrasiyasının qızışdırdığı Rusiya-Ukrayna müharibəsində bu qurumun yer almasını, anti-Rusiyaya köklənməsini də qeyd etməliyik. Fransa prezidenti Emmanuel Makron bu addımı hətta qitənin təhlükəsizliyini təmin etmək üçün vacib sayırdı. Ancaq Rusiya və ABŞ nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında baş tutan danışıqlardan sonra Makron da Putinlə görüşmək istəyini dilə gətirib. Görünür, o bu üsulla fikirlərini redaktə etmək istəyir.
Bu kimi səbəbdən ucbatından Qərb mətbuatı ABŞ-ı, həmçinin Prezident Donald Trampı hədəfə alıb. Şühbəsiz, bunun arxasında Aİ-nin dayandığı inkar olunmazdır. Hər halda, Ağ Evin yeni sahibi qarşıya qoyduğu hədəfləri reallaşdırmaq niyyətində olduqca ciddi görünür. Bu həm də o deməkdir ki, Donald Tramp indiyə qədər ABŞ-Aİ ortaq hədəflər sistemini davam etdirməkdə əsla maraqlı görünmür. Bununla da o, “qoca qitə”nin Fransanın diktəsi ilə hərəkət edən Aİ ölkələrinə ABŞ-ın siyasi iradəsini qəbul etdirməyə çalışır. Tramp, həm də bildirir ki, əgər Rusiya ilə mübarizə aparmaq istəyirsinizsə, bunu özünüz edəcəksiniz.
“The New York Times”a istinadən qeyd edək ki, ABŞ G7 qrupunun bəyanatında Rusiyanın “təcavüzkar” adlandırılmasına qarşı çıxıb. Vaşinqtonun bu addımı ABŞ Prezidenti Donald Trampın Rusiya ilə müharibəyə başlayan ölkənin Ukrayna olduğunu bəyan etməsindən sonra atılıb. “Reuters”in məlumatına görə isə, Birləşmiş Ştatlar, həmçinin BMT Baş Assambleyasının Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən və Rusiyanın təcavüzünü pisləyən qətnamə layihəsinin birgə sponsorluğundan imtina edir. “Financial Times” qəzetinə istinadən bir məsələni də vurğulayaq. Aİvropa İttifaqının diplomatları ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ləğv edəcəyindən ehtiyatlanırlar. Halbuki, fevralın 19-da Aİ-nin daimi nümayəndələri ABŞ-ın ziddiyyətli siqnalları fonunda Rusiyaya qarşı sanksiyaların növbəti 16-cı paketi ilə bağlı razılığa gəliblər.
Yeri gəlmişkən, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Amerikanı dövlət katibi Marko Rubio və vitse-prezident Cey di Vens Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya ilə Ukrayna arasındakı müharibənin dayandırılması barədə D. Trampın planını təqdim ediblər.
Bu gün Qərbin Rusiya qarşısında müdafiəsiz qoyduğu Ukraynanın taleyi onun iştirakı olmadan müzakirə edilir. Şübhəsiz, bu da Ukraynanın Qərbin sayəsində narıncı inqilablar poliqonuna çevrilməsi nəticəsində baş vermişdir. Hazırda həmin çevrilişləri təşkil edən V. Nuland və K. Rays kimilər özləri rahat həyat sürürlər. Ortalıqda qalan isə Ukrayna xalqıdır. Bu xalq hər gün müharibənin əzablarını görür. Bəli, söz verməsinə baxmayaraq, hazırda Qərb Ukraynanı Rusiya qarşısında müdafiəsiz qoyub. Son günlər Ukrayna üzərindən baş verən proseslər, həmçinn ABŞ prezidentinin açıqlamaları da bunu bir daha sübut edir.
Həmin ultra liberal qüvvələr (Nuland və s.), psevdo demokrat düşərgəsinin siyasətçiləri (NED, NDİ və s.) fondlar vasitəsilə Azərbaycanda da rəngli inqilablar təşkil etmək istəyirdilər. Novorçular öz təbliğatı ilə ölkəmizin gənclərində Qarabağa bağlılığı unutdurmağa çalışırdılar, LQBT fəalları ailə modelimizi dağıtmaq istəyirdilər. Amma Ukraynadan fərqli Azərbaycanın rəhbərliyi həmin təhdidləri görərək vaxtında onları neytrallşadırmaq üçün müvafiq addımlar atmışdır. Bununla da təhlükəni ölkəmizdən uzaqlaşdırmışdır.
Şübhəsiz, Azərbaycan heç zaman imkan verməyəcək ki, onun ərazisi digər dövlətlərdəki kimi rəngli inqilablar, hansı isə siyasi eksperimentlər üçün bir poliqon olsun. Bizim öz müstəqil və qəti siyasətimiz var. Lazım olanda öz milli maraqlımızı həm qeyri-dost, həm tərəfdaş ölkələrlə münasibətdə təmin edə bilirik.
Qvami Məhəbbətoğlu, “İki sahil