01 mart 2025 18:45
107

Zaxarova: Zelenskinin Vaşinqton səfəri tamamilə uğursuz oldu

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfərini “tam siyasi və diplomatik uğursuzluq” adlandırıb.

İki sahil” xəbər verir ki, Zaxarova sosial media hesabında Zelenskinin ABŞ-a səfəri və ABŞ prezidenti Donald Trampla mübahisəsi ilə bağlı dəyərləndirmələr edib.

O, Ukrayna administrasiyasının 2022-ci ilin yazında siyasi və diplomatik həll üçün danışıqları davam etdirməkdən imtina etdiyini və hərbi əməliyyatların davam etdirilməsini qanuniləşdirmək, eləcə də Qərbdən hərbi və maliyyə yardımı almaq üçün manipulyasiyaya əl atdığını iddia edib: “Zelenski Vaşinqtonda olarkən göstərdiyi hədsiz kobud davranışı ilə böyük bir müharibənin məsuliyyətsiz təşviqedicisi olaraq dünya ictimaiyyətinin ən böyük təhdidçisi olduğunu bir daha təsdiqlədi”.

Zelenskinin yeganə qayğısının hakimiyyətini saxlamaq olduğunu iddia edən Zaxarova, "Ona görə də o, müxalifəti məhv edib, totalitar dövlət qurub, milyonlarla vətəndaşını amansızcasına ölümə göndərir. Kiyev rejimi üçün getdikcə ağırlaşan indiki siyasi şəraitdə, bu şəxs məsuliyyət hissini ortaya qoya bilmir və buna görə də müharibəyə yenidən etiraz edir".

Zaxarova iddia edib ki, ABŞ prezidenti Tramp Zelenskiyə beynəlxalq siyasət və diplomatiya tarixində görünməmiş şəkildə töhmət verib və bu, həm də Zelenskini dəstəkləyən Avropa liderlərinin siyasi zəifliyi və ifrat mənəvi çöküşünün sübutudur.

Zaxarova Ukraynada həqiqətən ədalətli və davamlı sülhə nail olmaq üçün böhranın kök səbəblərinin aradan qaldırılmalı olduğunu vurğulayaraq, Rusiyanın daha əvvəl elan etdiyi hədəflərinin dəyişmədiyini vurğulayıb: "Kiyev və aparıcı Avropa paytaxtları bunu nə qədər tez başa düşsələr, Ukrayna böhranının sülh yolu ilə həlli bir o qədər yaxın olacaq".

Məhərrəm Ağalaroğlu, “İki sahil”