NATO ölkələri arasında kəşfiyyat məlumatlarının mübadiləsi riskləri ilə bağlı narahatlıq artır və ABŞ prezidenti Donald Trampın Rusiya ilə münasibətləri yaxşılaşdırmaq cəhdləri Vaşinqtonla bu cür əməkdaşlığa şübhələri artırıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Politico” təhlükəsizlik xidmətlərində və alyansın strukturlarında çalışmış keçmiş məmurlara istinadən yazıb.
Nəşr qeyd edib ki, NATO-da kəşfiyyat məlumatlarının mübadiləsi uzun müddətdir alyansın ənənəvi üzvlərinin SSRİ-nin dağılmasından sonra ona qoşulmuş Mərkəzi və Şərqi Avropa ölkələrinə etimadsızlığı ilə çətinləşib.
Qəzet yazıb ki, Trampın ABŞ-ın Rusiya ilə münasibətlərini yaxşılaşdırmaq cəhdləri müttəfiqliyin özəyini sarsıdır, ölkələri Vaşinqtonla kəşfiyyat məlumatlarını bölüşmək risklərini düşünməyə vadar edir.
Ötən ilin noyabrına qədər ABŞ-ın alyansdakı səfiri olan Culi Smit qəzetə deyib ki, NATO daxilində kəşfiyyat məlumatlarının paylaşılmasının gələcəyi ilə bağlı çoxlu spekulyasiyalar var. O, bəzi müttəfiq rəsmilərdən Vaşinqtonun məlumat mübadiləsini dayandıracağından qorxduqlarını eşitdiyini təsdiqləyib.
Eyni zamanda, NATO-nun adı açıqlanmayan hazırkı rəsmisi belə təhdidləri şişirtməməyə çağırıb. O etiraf edib ki, Trampın Ağ Evdə Volodimir Zelenski ilə mübahisəsindən sonra təbii ki, çoxlu suallar var: “Lakin heyət sakitliyini qoruyur və işləməyə davam edir. Təbii ki, Ukrayna məsələsinə yanaşmaya görə (alyans daxilində) müəyyən korroziya var, lakin biz belə hesab edirik ki, Trampın NATO ilə (müdafiə) xərcləri məsələsindən başqa heç bir real problemi yoxdur”.
Adının açıqlanmasını istəməyən digər hazırkı məmur bildirib ki, son beynəlxalq hadisələr alyans daxilində kəşfiyyat məlumatlarının mübadiləsinə təsir etməyib: “Biz bu prosesdə heç bir azalma görməmişik”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”