Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ağıllı siyasət yürütməklə, sürətli inkişafı təmin etməklə, xarici ölkələrlə, xüsusilə türk dövlətləri ilə iqtisadi əməkdaşlıq əlaqələri yaratmaqla, silahlı qüvvələrini gücləndirməklə dünya nizamında yerini möhkəmləndirib, söz və nüfuzlu mövqe sahibi olub. Sürətli inkişafın nəticəsidir ki, Azərbaycan Cənubi Qafqazın lider dövləti səviyyəsinə yüksəlib. Regionda ölkəmizin iştirakı olmadan heç bir irimiqyaslı beynəlxalq iqtisadi layihə reallaşa bilməz. Azərbaycan iqtisadiyyatın tərəqqisi ilə bərabər, dövlətin təhlükəsizliyinin qarantı olan ordunun formalaşdırılması da həyata keçirildi. Azərbaycanın hərbi gücü İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra bir çoxlarını onunla hesablaşmağa sövq etdi. Dostlarımız da, düşmənlərimiz də gördülər ki, Azərbaycan 1990-cı illərin zəif ölkəsi deyil. Ancaq reallıq budur ki, nə qədər güclü olursansa ol, ancaq müttəfiqlərin, dostların da olmalıdır. Çünki möhkəm birlik gücə əlavə güc qatır.
Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda türk dünyasında ölkələr arasında isti münasibətlərin Azərbaycan üçün çox vacib olduğunu bəyan edib. Dövlət başçısının yeni dünya düzənində ölkənin rolu, maraqlarına dair məsələlərə münasibət bildirərkən Türk Dövlətləri Təşkilatının (TDT) daha güclü quruma çevrilməsi üçün təşəbbüsləri artırmağa çağırıb.
Ümumiyyətlə, Sovet İttifaqının dağılması prosesində türk respublikalarıda müstəqilliklərini elan etdilər. Yeni şəraitdə Türkiyə də daxil olmaqla, türk dövlətləri arasında iqtisadi, sosial, mədəni əməkdaşlıq yarandı.
Azərbaycan bu məsələdə ənənəvi olaraq aparıcılardan oldu. Çünki Mərkəzi Asiya ilə Türkiyə arasında Azərbaycan tarixən bağlayıcı, birləşdirici rolda olub. Rəsmi Bakı Türk Dövlətləri Təşkilatının gücləndirilməsi istiqamətində ardıcıl birləşdirici siyasət yürüdür. Prezident İlham Əliyev türk dövlətlərinin bir-birinin milli maraqlarını nəzərə alaraq qarşılıqlı dəstək və həmrəylik göstərməli olduqlarını vurğulayıb. Çünki indiki qarışıq dünya belə tələb edir.
Dövlətimizin başçısı çıxışlarında türk dövlətlərinin siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlıqda fəal olmalarının vacibliyini bildirir. Əlbəttə, dünyanın yenidən təsir dairələrinə bölünməsi ərəfəsində kiminsə boyunduruğu altına düşməmək üçün müasir, güclü hərbi-iqtisadi qüvvəyə sahib olmaq vacib şərtdir. Bunun üçün birlikdə olmaq, hər sahədə bir-birinə kömək etmək vacibdir. Türkiyə-Azərbaycan-Pakistan qardaşlığı dünyaya nümunədir. Dostlarımızın sırasında İsrail də var. Məhz bu birliklə Azərbaycan daha güclüdür. Dişlərini ölkəmizə qıcamış bəzi dövlətlər bu birliyin qarşısında at oynada bilmir. İkinci Qarabağ müharibəsində bizim tərəfimizdə möhkəm dayanmış ölkələrin sarsılmaz dostluqlarının və qardaşlıqlarının şahidi olduq. Düzdür, o zaman bizə canlı qüvvə, silah-sursat və iqtisadi yardım lazım deyildi. Ancaq onların mənəvi dəstəkləri silahdan az rol oynamadı. 44 günlük Vətən müharibəsi günlərində Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçınla bağlı bir bənd bayatını elə möhtəşəm səsləndirdi ki, hamımız həm kövrəldik, həm də ürəyimiz dağa döndü. Amma bədxahlarımız bundan bərk əndişələndilər.
44 günlük savaşın getdiyi həyəcanlı günlərdə türk qardaşlarımız bildirirdilər ki, hər cür köməyə hazırıq. Bu isə hamımızı ruhlandırır, qələbəyə inamımızı daha da artırırdı. Yəni, birliyin şirin nəticələrini gördük. Əlbəttə, yaxşı olar ki, bütün türk dövlətləri bir yumruq kimi birləşib dünyada yeni güc mərkəzi yaratsınlar. Bir müddətdir ki, bu işə başlanılıb, müəyyən uğurlar da var. Ancaq zaman gözləmir, əlaqələr daha da artırılmalı və gücləndirilməlidir. Hamımız üçün nicat bundadır.
Vəli İlyasov, “İki sahil”