12 aprel 2025 01:25
150

Cənubi Qafqaz hərbi poliqon deyil, əməkdaşlıq regionu olmalıdır

Bölgənin «kor bağırsağı» Ermənistandan ayırıcılıq siyasəti üçün istifadə edən Qərbin mənfur niyyəti baş tutmayacaq

Tarixi İpək Yolunun üzərində yerləşdiyi üçün ticarətlə məşğul olan müxtəlif xalqların nümayəndələrinin təmas mərkəzi kimi böyük önəm daşıyan Azərbaycan əsrlərdən bəri sadiq qaldığı humanizm prinisiplərini bu gün də davam etdirir. Strateji əhəmiyyətli məkan olan Cənubi Qafqazın zəngin tarixə, mədəniyyətə, adət-ənənələrə malik ölkəsi kimi tanınan, yadellilərə heç zaman boyun əyməyən bu qədim diyar.

Şərqi və Qərbi coğrafiyanın bir hissəsi olaraq inkişafı ilə də diqqəti cəlb etmişdir. Xüsusilə Yaxın Şərq ölkələri ilə çox güclü münasibətlər quran, Avropa dövlətləri ilə əlaqələrini genişləndirən Azərbaycan qonşuluq ənənələrinə sadiq qalmışdır. Xalqımızın başına əsrlərdən bəri müsibətlər gətirən ermənilərə süfrəsində yer verən, qonaqpərvərlik göstərən azərbaycanlılar çox təəssüf ki, bu gün nankor qonşuların xəyanətlərindən əziyyət çəkir. Xalqımızın humanizmindən istifadə edərək torpaqlarımızı qarış-qarış, kəndbəkənd özününküləşdirən bu mənfur toplum ötən əsrin sonlarında xəyanətlərinin son akkkordlarını vuraraq «böyük Ermənistan» xülyasından qaynaqlanan ideologiyalarını həyata keçirmək üçün səlib yürüşünə başladılar. Qərbi Azərbaycanda yaşayan soydaşlarımızı ata-baba yurdlarından zorla, vəhşicəsinə çıxaran daşnaklar xalqımızın alınmaz qala adlandırdığı Şuşanı ələ keçirməklə məqsədlərinə nail olduqlarını zənn etdilər. Amma unutdular ki, xalqımızın müdriklərdən qalma «Qisas qiyamətə qalmaz» deyimi daşnaklara qənim olacaq.

2020-ci ilin noyabrında ermənilərin iki əsrdə, müasir tariximizin 30 ilə yaxın müddətində çəkdikləri zövq-səfaya, Qarabağ istəklərinə son qoyan, Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Qələbə naminə səfərbər olan Silahlı Qüvvələrimiz daşnak tör-töküntülərini torpaqlarımızdan birdəfəlik təmizlədi. Ermənistanın işğalı altında qalan torpaqlarımız, strateji yüksəkliklərimiz düşməndən azad edildi. Çox təəsüf ki, həyasızlığı, səhvlərindən dərs almamaq vərdişlərini tərgitməyən ermənilər İkinci Qarabağ müharibəsindən beş ilə yaxın müddət keçməsinə, Ermənistanın baş naziri Nikol Paşinyanın kapitulyasiya aktını imzalamasına baxmayaraq hələ də « miatsum» sərsəmləmələrindən əl çəkmirlər. Avropa İttifaqı (Aİ), Avropa Komissiyası kimi digər beynəlxalq təşkilatlardan, Fransa, Hindistan, Yunanıstan kimi ölkələrdən dəstək alan erməni revanşistlərin Qarabağ sevdaları səngimək bilmir. «Cənubi Qafqazın poliqona çevrilməsinə imkan verilməyəcəyi!» kimi çağırışları ilə regionda sülhün tərəfdarı olduğunu bəyan edən, bölgədə sabitlik üçün ciddi təhlükə olan Ermənistanı və havadarlarını xəbərdar edən Prezident İlham Əliyev bildirmişdir ki, uzunmüddətli əməkdaşlığın qızğın tərəfdarı olan Azərbaycanın dünyada möhkəmlənən mövqeyi nəzərə alınmalıdır. Bəzi dairələrin Cənubi Qafqazda ayırıcı xətləri çəkmək cəhdləri baş tutmayacaq. Bu siyasət birmənalı olaraq uğursuzluqla nəticələnəcək”. Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik, əməkdaşlıq, eləcə də ümumi rifah məkanı olmalıdır.

Əvvəlki çıxışlarında bölgədə sülhün təminatını bütünlükdə dünyanın sabitliyi baxımından önəmini « Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər - nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!» sözləri ilə ifadə edən Prezident İlham Əliyevin bu istiqamətdə davam etdirdiyi siyasət dünyanın sağlam düşüncəli qüvvələri tərəfindən dəstəklənir.

Ötən illərdə Gürcüstana rəsmi səfəri zamanı Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün münasib ünvanı «Ancaq mənim fikrimcə, ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi» sözləri ilə müəyyənləşdirən, Cənubi Qafqaza xarici müdaxilələri yolverilməz adlandıran Prezident İlham Əliyev qərəzli səylərin uğursuzluqla nəticələnəcəyini əminliklə bildirmişdi. Çünki Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında nəinki coğrafi, eyni zamanda, siyasi, iqtisadi, mədəni əlaqələr bu bölgədə formalaşır. Azərbaycan geosiyasi cəhətdən Cənubi Qafqazda, Xəzərin sahilində yerləşən, eyni zamanda, Mərkəzi Asiya bölgəsinə yaxın ölkədir və siyasi münasibətlər müstəvisində qarşılıqlı əlaqələr kifayət qədər möhkəmdir. Azərbaycanın Yaxın Şərq və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrlə qarşılıqlı hörmət və maraq əsasında çox güclü əlaqələri mövcuddur. Beləliklə, daşımalar, yaşıl enerji, təhlükəsizlik, sabitlik baxımından Azərbaycanın geosiyasi əhəmiyyətini inkar etmək siyasi savadsızlıq, qərəzlilik, diplomatik uğursuzluqdur.

ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən «Yeni dünya nizamına doğru»” mövzusunda beynəlxalq forumdakı çıxışında və iştirakçıların suallarını dünyada və bölgədə yaranan mövcud şəraitə uyğun, məntiqlə, obyektiv cavablandıran Prezident İlham Əliyev formalaşmamış siyasəti ilə özünü regional və qlobal layihələrdən məhrum edən Ermənistanı növbəti dəfə ciddi düşünməyə çağırmışdır. Eyni zamanda, Cənubi Qafqazın digər dövləti Gürcüstanla dostluq münasibətlərini bölgədə tərəfdaşlığın örnəyi kimi nümunə göstərmişdir.

Qərbin bölgəyə qərəzli müdaxiləsinə daha bir nümunə Ursula Fon der Lyayen tərəfindən Avropa Komissiyasının rəhbərliyi və Mərkəzi Asiya dövlətlərinin liderləri arasında Özbəkistanda keçirilən Zirvə görüşündə səsləndirilən qərəzli şərhlər idi. Avropa Komissiyası sədrinin özlərinin Avropanın «qlobal qapısı»” adlandırdıqları Orta Dəhlizdən bəhs edərkən « Azərbaycan və Ermənistan», «Ermənistan və Türkiyə arasında sərhədlərin açılması» ifadələrini işlətməsi diplomatik məsuliyyətsizlik idi. «Bu, təəccüb doğurur, çünki bu dəhliz mövcuddur və Ermənistan orada heç bir rol oynamır. Biz Avropa bürokratlarının Ermənistanla bağlı hisslərini anlayırıq, ancaq siz xəritəni görməzdən gələ bilməzsiniz. Bu gün biz avropalılara Mərkəzi Asiya ilə əlaqə qurmağa kömək edən müxtəlif imkanları yaratmışıq. Gürcüstanın dəniz limanları, Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycanın Ələt Limanı, Xəzər daşımaları – bütün bunlar nəqliyyat sahəsi üçün əhəmiyyətlidir. Bütün bunlar haqqında danışılmır, bu layihələrə nə qədər vəsait yatırdığımız gözardı edilir. Yalnız Türkiyə və Ermənistan, Ermənistan və Azərbaycan arasında sərhədlərin açılması haqqında danışılır. Bunun Avropaya nə aidiyyəti var? Bu, onların işi deyil. Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan münasibətlərində Avropa İttifaqı bu işlərdən nə qədər uzaq dursa, bir o qədər yaxşıdır» söyləyən Prezident İlham Əliyev tədbirdə Gürcüstan haqqında bir kəlmənin belə işlədilməməsini ədaləsizlik, bölgədə siyasi gərginliyin artırılmasına yönələn təxribat, müstəmləkəçi davranış adlandırdı. Dövlət başçımız «Hesab edirəm ki, biz vaxt itirməməliyik, çünki yenə də sülh sazişinə gəldikdə, top Ermənistandadır» sözləri ilə rəsmi İrəvanı sülhə çağırır. Aİ-nin «binokl diplomatiyası»ndan, artıq keçmişdə qalan Ağ Evin Bayden-Blinken Administrasiyası dövründəki baş tumarlamalardan, Fransa Prezidenti Emmanuel Makronun hərbi yardımlarından, Brüsseldə keçirilən anti-Azərbaycan ruhlu danışıqlardan siyasi sərxoşluq mərəzinə tutulan, xarici dairələrin Qafqazda ayırıcı xətlər çəkmək niyyətlərinə aldanan Ermənistan sonda qapı arxasında qalacaq. Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının Ağ Evin indiki rəhbərliyinə qarşı riyakarlığından nəticə çıxarmağın ən düzgün yol olduğunu unutmamalıdır. Fransa da daxil olmaqla digər qüvvələr tərəfindən guya Azərbaycanın Qarabağ ermənilərinə qarşı zor tətbiq etdiyi barədəki qərəzli kampaniyalara son qoyulmalıdır. Çünki Vətən müharibəsindəki hərbi əməliyyatları Xankəndinin yaxınlığında dayandıran Azərbaycan daha çox qan axıdılmasının tərəfdarı olmadığını göstərdi. Bütün hallarda xalqımız təkcə Fransada deyil, Ermənistanın siyasi dairələrində hələ də dövriyyədə olan «böyük Ermənistan» xəyallarını unutmamalıdır. Çünki bu gün Qarabağın yenidən geri alınmasını xəyal etməyən erməni siyasətçisi tapmaq mümkün deyil.

Rəsmi İrəvanın və havadarlarının qulaqlarında sırğa olacaq xəbərdarlıq isə Prezident İlham Əliyevin bu sözləridir: «Bizim Bayrağımız isə bax, oradadır. Bu, dərs olmalıdır onlara. Əfsuslar olsun ki, mənim 20 il bundan əvvəl dediyim və ondan sonra dəfələrlə təkrar etdiyim sözlər onlara çatmadı. Onlar hesab edirdilər ki, bu, sadəcə olaraq, sözdür. Xeyr, mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar!»

Xuraman İsmayılqızı, «İki sahil»