14 aprel 2025 23:58
212

Gələcəyi parlaq olan Nuray

Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində dünyaya göz açan Azərbaycan ordusunun baş leytenantı Vüsal Kazımov canını Vətənə fəda etməklə adını yeni, şanlı tariximizə yazdı. İndi ulduz ömrü yaşayan, ölümsüzlüyə qovuşan qəhrəman Vüsalın adı çəkiləndə bütün Azərbaycan xalqı qürur hissi keçirdir. Canından artıq sevdiyi Vətən üçün şəhid Vüsaldan Nuray və Aynur adında iki qız uşağı yadigar qalıb.

Böyük bacı Nuray Kazımova Lənkəranın Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd orta məktəbinin 4-cü sinfində oxuyur. Çox istedadlı, vətənpərvər qızdır. Dərslərində “ əla” qiymətlər alır, nümunəvi davranışına görə bütün məktəb onu sevir. Vətən sevgisi ilə boy atan Nuray gələcəkdə həkim olmaq istəyir. Atasının adına layiq olmaq üçün kitablar əlindən düşmür, oxuyub öyrənməkdən doymur. Rayonda, məktəbdə qatıldığı bilik yarışlarda bir qayda olaraq birincilər sırasında durur. Nuray Kazımova bu günlər keçirilən sınaq imtahanından 575 bal toplayaraq birinci yeri tutduğu üçün əlaçı sertifikatına layiq görülüb.

Bəli, Nurayın uşaq qəlbində pöhrə verən çiçək-çiçək arzuları Vətənin, xalqının xoş gələcəyi ilə bağlıdır. Məhz atası da belə bir müqəddəsliyə tapınmaqla sinəsini Vətənə sipər edib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü