15 aprel 2025 22:39
94

Bank kartlarından oğurluq: Təhlükəsizlik necə təmin olunmalıdır?

Bank kartına pul gələn kimi onu nağdlaşdıranlar əvvəllər daha çox idi. Çünki bank kartlarına inam hələ formalaşmamışdı. Ancaq zamanla təbliğ edildi ki, pulumuz elə kartda qalsa, daha yaxşıdır. Bu zaman həmin vəsait oğurluq, təbii fəlakət və s. kimi risklərdən sığortalanmış olur. Yəni, zamanla inam artdı və insanlar pullarının kartda daha güvənli olması qənaətinə gəldilər. Ancaq indi kartlardan pul oğurlanması halları da baş verir. Dünyanın aparıcı ölkələrində kibercinayətkarlığın bu növü ilə ciddi mübarizə aparılır. Onlayn fırıldaqçılıq olan bank kartlarından pulların oğurlanmasına son illərdə ölkəmizdə də müşahidə edilməyə başlayıb.

Bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərinə və Daxili İşlər Nazirliyi (DİN) tərəfindən kibertalama cinayətləri ilə bağlı edilən xəbərdarlıqlara baxmayaraq, hələ də kibderdələduzluğun qurbanına çevrilənlər vardır. Bəzən insanlar kart məlumatlarını sosial şəbəkələrdə paylaşır və ya bankın adından zəng edən şəxslərə verirlər. Bundan sonra dələduzlar çox asanlıqla hesabdakı bütün pulları çəkirlər. Xarici ölkələrdən gələn zənglər, mesajlar, oyun-uduş kuponlarının alqı-satqısı, keşbek tələləri də bank kartlarından oğurluq hallarını artırır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, son bir həftə ərzində vətəndaşların kartlarından 300 min manata yaxın pul oğurlanıb. Aprelin 7-dən 13-dək (1 həftə ərzində) ümumilikdə 284 min 528 manat və 595 dollar pul vətəndaşların kartlarından oğurlanıb. Daxili İşlər Nazirliyinin davamlı çağırışlarından sonra kibertalamalarla bağlı vəziyyət azalma müşahidə olunur və çağırışlarla bağlı fəaliyyət müsbət nəticələr verir. Statistikaya görə, aprelin 7-də vətəndaşların kartlarından 67 min manata yaxın pul oğurlanıb. Aprelin 13-də isə məbləğ 13 min 818 manata qədər azalıb.

Bank kartlarından oğurluq hallarının baş verməsinin əsas səbəbkarı kart sahibləridir

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında diqqətə çatdırdı ki, bank kartlarından oğurluq hallarının artmasının əsas səbəbi əvvəlki dövrlə müqayisədə hazırda daha çox insanın pulunu bank kartında saxlaması ilə bağlıdır. Eyni zamanda, nağdsız ödənişlərin sayında artım olması da kartlardan edilən qarətlərin sayının artmasına səbəb olur: “Hazırda qocadan cavana qədər hər kəs pulu  bank kartlarında saxlamağa, nağdsız ödənişlər etməyə meyil edir. Bununla da oğurluğun forması dəyişir, dələduzluğun miqyası, coğrafiyası da genişlənir. Əvvəllər oğurluq məqsədilə evlərə girirdilərsə, indi insanların bank məlumatlarına daxil olub oradan pul oğurlayırlar. Öncədən oğurluq lokal olurdusa, indi isə Hindistanda belə sizin kart məlumatlarınızı əldə edib, hesabınızdan pul oğurlaya bilirlər”.

Mütəxəssisin sözlərinə görə, bank kartlarından oğurluq hallarının baş verməsinin əsas səbəbkarı kart sahibləridir. Burada bankların heç bir günahı yoxdur. Kart hesablarından pul mənimsənilməsi hallarında çox vaxt vətəndaş ovsunlanaraq məxfi məlumatı qarşı tərəfə ötürür. Kart sahibi kartın üzərindəki kodu digər şəxslə paylaşırsa bu halda bank nə edə bilər ki?..

Ekspert diqqətə çatdırdı ki, vətəndaşlar diqqətsizlik və ehtiyatsızlıq edirlər, kiberdələduzların toruna düşərək kartla bağlı gizli məlumatları paylaşırlar. Nəticədə də aldanmış olurlar. Təbii ki, hər kəs bank kartlarından istifadə zamanı diqqətli  və ehtiyatlı olmalıdır. Onlayn ödəmələr üçün ayrıca kart almalı və onun balansını məhdud saxlamalıdır.

Hansı yaş qrupları kibertalamaya məruz qalır?

Araşdırmalar göstərir ki, hər yaş qrupu üzrə müştərilər bank kartı dələduzluğuna məruz qala bilər. Amma praktikaya əsasən, bəzi yaş qrupları digərlərindən daha çox risk altındadır. Yaşlı insanlar daha çox sosial mühəndislik hücumlarına və texnoloji təcrübəsizliklərinə görə hədəf ola bilirlər. Gənclər və orta yaşlı insanlar isə daha çox onlayn ödənişlər və sosial şəbəkələr vasitəsilə hədəfə alınırlar.

Bank kartlarından oğurluğun ən çox yayılmış üsulları hansılardır? 

Kart məlumatlarının ələ keçirilməsi (fişing): Bu üsulda cinayətkarlar istifadəçiləri saxta e-poçtlar, mesajlar və ya veb-saytlar vasitəsilə aldadırlar. Bu mesajlarda istifadəçidən şəxsi məlumatları (kart nömrəsi, CVV kodu, şifrə) istənilir və sonra bu məlumatlar oğurlanır.

Kartın klonlanması: Bu üsulda cinayətkarlar bank kartının maqnit zolağını və ya çipini oxuyub, bu məlumatları başqa bir kart üzərinə kopyalayırlar. Klonlanan kart daha sonra orijinal kartın sahibinin adına bənzər əməliyyatlar həyata keçirmək üçün istifadə edilə bilər.

“Skimmer” cihazları: Bankomatlarda və digər ödəniş terminallarında “skimmer” adlanan cihazlar yerləşdirilərək kart məlumatları oğurlanır. Bu cihaz kartı oxuyub, həmçinin PIN kodunu qeyd edir.

Sosial mühəndislik: Bəzi cinayətkarlar insanları telefonla və ya digər yollarla aldatmaqla onların bank kartı məlumatlarını əldə edə bilirlər. Məsələn, onlar özlərini bank əməkdaşı kimi təqdim edib istifadəçidən məlumatları istəyirlər.

Wi-Fi şəbəkəsi üzərindən oğurluq (Man-in-the-Middle attack): Cinayətkarlar açıq Wi-Fi şəbəkələrində, istifadəçilərin bank məlumatlarını ələ keçirə bilərlər. Bu üsulda hakerlər şəbəkə üzərindəki məlumatları izləyərək istifadəçinin kart məlumatlarını toplaya bilərlər.

Kart məlumatlarının təhlükəsizliyini qorumaq üçün nə etməli?

Çağırış: Bank kartları ilə əlaqəli zənglər, mesajlar bloklanmalıdır

Daxili İşlər Nazirliyi bir müddətdir vətəndaşlara müraciət edərək kart məlumatlarını heç kim ilə bölüşməməklə bağlı çağırışlar edir. Çağırışlarda deyilir ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatları naməlum şəxslərə verdiyiniz halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar.

"Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var", - deyə məlumatda qeyd olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında bildirib ki, kibertəhlükəsizlik - informasiya təhlükəsizliyidir. Hər kəs təhlükəsizliyi üçün fərdi məlumatlarını qorumalıdır. Çünki kimdə smartfon varsa internetə çıxışı var. 

Qurum rəsmisi qeyd edib ki, internetə çıxışı olan hər bir şəxs cinayətkarların tələsinə düşə bilər: “Risk qaçılmazdır. Cəlbedici olan, bank kartlarınızda olan pul vəsaitləridir. Bank kartları ilə əlaqəli bütün zənglər, mesajlar bloklanmalıdır. Əks halda aldadıb pulunuzu oğurlayacaqlar”.

Unutmayın ki, heç bir bank müştərisindən telefon vasitəsilə şifrə, təsdiqləmə kodu kimi məlumatların təqdim edilməsini tələb etmir. Bu məlumatlar məxfi saxlanılmalı və heç bir halda digər şəxslərlə paylaşılmamalıdır.

Yaqut Ağaşahqızı, “İki sahil”