2025-2029-cu illərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və bərpası xərclərinin 20 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır
İşğaldan azad olunmuş ərazilərdə bərpa, yenidənqurma işləri, yeni infrastrukturun yaranması istiqamətində aparılan işlərdən ən önəmlisi təbii ki, ərazilərin minalardan təmizlənməsi, yaşayış və həyat üçün vacib olan yeni infrastrukturun qurulmasıdır. Eyni zamanda, kənd təsərrüfatı ilə əlaqədar yeni fəaliyyət sahələrinin, o cümlədən xidmət, ticarət, tikinti, nəqliyyat və digərlərinin yaradılması və inkişafı mühüm əhəmiyyət kəsb edir. Artıq bununla bağlı həm dövlət tərəfindən atılan addımlar, həm də cəlb edilən investisiyalar müəyyən edilib. Qeyd edək ki, müharibədən sonrakı dövrdə azad olunmuş ərazilərin bərpası üçün dövlət büdcəsindən ayrılan vəsait ilbəil artır. 2025-2029-cu illərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və bərpası xərclərinin 20 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2025-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir. Sənədə əsasən, bu xərclər dövlət büdcəsinin əsaslı xərclərinin təxminən 30 faizini təşkil edəcək. Xatırladaq ki, 2021-2024-cü illərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,35 milyard manat vəsait ayrılıb. 2025-ci ildə isə bu istiqamətdə 4 milyard manat vəsait ayrılması nəzərdə tutulub.
Ümumiyyətlə, Azərbaycan dövlətinin əsas prioritetlərdən biri azad olunan ərazilərə Böyük Qayıdışı mümkün qədər tez gerçəkləşdirməkdir. Elə bu səbəbdəndir ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından dərhal sonra bu yerlərdə geniş abadlıq, quruculuq və bərpa işlərinə start verilib. O da olduqca önəmli məqamdır ki, Qarabağ və Şərqi Zəngəzurun Azərbaycanın digər iqtisadi rayonları ilə əlaqələndirməsi istiqamətində də zəruri addımlar atılır. Nəticə etibarı ilə azad edilmiş ərazilərin yenidən Azərbaycanın ümumi iqtisadiyyatına reinterqrasiyası reallaşır. Bu ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası həm Azərbaycan iqtisadi bazisini gücləndirir, həm də bu yerlərin özünün tərəqqisini daha dinamik hala gətirir.
Azad olunmuş ərazilərə köçürülən insanlarla bağlı daha bir mühüm məqam onların məşğulluq probleminin həllinə də dövlət tərəfindən xüsusi diqqət yetrilməsidir. Azad olunan ərazilərdə məskunlaşan vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, onların sosial təminatı dövlət siyasətinin prioritet məqamlardan biridir. Ümumiyyətlə, bu yerlərdə iqtisadi cəhətdən də quruculuğun təmin edilməsi ölkənin istehsal-təsərrüfat dövriyyəsinin inkişafının əsas hərəkətverici qüvvələrindən biri olaraq qəbul olunur. Bu da qayıdış prosesinin daha intensiv həyata keçirilməsinə əlavə zəmin yaradır. O da xüsusi qeyd olunmalıdır ki, prezident İlham Əliyevin azad olunan ərazilərimizə mütəmadi səfərləri fonunda bu yerlərdə məskunlamış şəxslərlə də görüşlər keçirir, onların bütün istəklərini yerindəcə dinləyir. Beləliklə, həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi ilə bağlı layihələr Azərbaycanın növbəti illərdə həyata keçirdiyi ən böyük iqtisadi siyasət təşəbbüsləri sırasındadır. Eyni zamanda sosial obyektlərin inşası həmin ərazilərdə ən müxtəlif xidmətləri də həyata keçirməyə imkan verir. Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının yaradılması bu məqsədlə həyata keçirilən ən önəmli işlərdəndir. Bu sənaye parklarının rezidentləri qeydiyyata alındığı vaxtdan başlayaraq, 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. Eyni zamanda müvafiq iqtisadi fəaliyyət sahələri üzrə texnika, texnoloji avadanlıq və qurğuların, xammal və materialların idxalı ƏDV və gömrük rüsumundan azad edilib. Məcburi dövlət sosial sığorta haqqı subsidiyalaşdırılır, bölgədə vergi uçotuna alınan və istehsal fəaliyyəti ilə məşğul olan riskli vergi ödəyicisi olmayan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə ödədikləri vəsaitin 20 faizi məbləğində maliyyə yardımı ödənilir. Bunlar fonunda ekspertlər qeyd edir ki, tezliklə Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Qeyd edək ki, son illər azərbaycanlıların tarixi yurdlarına qayıdışı istiqamətində görülən işlər Qərbi Azərbaycan məsələsinin artıq beynəlxalq gündəmdə qəbul edildiyini təsdiqləyir. “Qərbi Azərbaycan İcmasının BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası başda olmaqla, digər nüfuzlu təşkilatlara ünvanlandığı müraciətlərdə də beynəlxalq ictimaiyyətdən bu məsələyə ədalətli yanaşma tələb olunur. Qərbi Azərbaycanda bizə məxsus tarixi abidələrin, mədəni irsin məhv edilməsinə dair faktlar müzakirəyə çıxarılır. Ermənistanın qarşısında Qərbi Azərbaycan strategiyasına əsaslanan tələblər qaldırılır. Bu ərazilərdə azərbaycanlılara məxsus maddi-mədəni irsin qorunması, eləcə də qaçqınların hüquq və təhlükəsizliyinin təmin edilməsi beynəlxalq müstəvidə gündəmə gətirilir.
Sevinc Azadi, “İki sahil”