“Xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli əməkdaşlıq sahəsində Azərbaycanın qazandığı uğurlar davamlılığı ilə diqqətdədir. Dövlət başçısı İlham Əliyev ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında dayanan hədəflərdən bəhs edərkən bu çağırışı etdi ki, müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir. Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir, daha da inkişaf edir və edəcək.
Son illərdə qarşılıqlı səfərlərin, həmçinin imzalanan sənədlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Hər bir səfər münasibətlərimizin dünəninə baxış əsasında qarşıdakı dövrün hədəflərinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Bu baxımdan hazırda Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində Çinin Sinxua agentliyinə müsahibəsi ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Reallıq budur ki, Azərbaycanla Çin arasında münasibətlər min ildən çoxdur ki, qədim İpək yolu vasitəsilə başlayıb və bu əlaqələr bu günədək davamlı inkişaf edir. Son 33 ildə bu münasibətlər daha da möhkəmlənib və hər iki ölkənin rifahı naminə müxtəlif sahələrdə inkişaf edib. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin aprelində qurulub. Bu illər ərzində əlaqələr güclənərək, müxtəlif sahələrdə müştərək əməkdaşlıq təşəbbüsləri irəliləyib. 1992-ci ilin avqustunda Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi açılıb və 1993-cü ilin sentyabrında isə Azərbaycan Milli Məclisi Pekində səfirliyin açılması haqqında qərar qəbul edib”.
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili qeyd edib ki, cənab İlham Əliyev həm müsahibəsində, həm də səfər çərçivəsində keçirdiyi görüşlərdə diqqəti ötən il Astanada ölkələrimiz arasında strateji tərəfdaşlığa dair qəbul olunan Birgə Bəyannaməni məmnunluqla xatırlayaraq bildirdi ki, strateji tərəfdaşlığımız qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində qurulacaq. Birgə Bəyannamədə, həmçinin təsdiq edilmişdir ki, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlarıq. Bəyannamənin imzalanması tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri zamanı iki ölkə arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayacaq mühüm sənədlər imzalandı. 20-ə yaxın sənədin 6-sı bərpaolunan enerji sahəsində əməkdaşlıqla bağlıdır. Prezident İlham Əliyev və Sədr Si Cinpin “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ı imzalamaqla iki ölkənin əlaqələrinin gələcək inkişafının yol xəritəsini təqdim etdilər. Həmin sənəddə də vurğulandığı kimi, hər iki ölkə qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə, qarşılıqlı dəstəyi gücləndirməyə, hər iki ölkənin xalqlarının mənafeyi naminə hərtərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını ifadə edərək, hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması barədə yekdilliklə qərar qəbul etdilər”.
Malik Həsənov vurğulayıb ki, son illərdə Azərbaycan və Çin arasında əlaqələrin yüksələn xətlə inkişafı diqqətdən kənarda qalmır: “Azərbaycanın iki dəfə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə dəvət olunması da özündə münasibətlərimizin inkişafı ilə bağlı mühüm məqamları ehtiva edir. Dövlət başçısı İlham Əliyev sözügedən müsahibəsində, həmçinin səfər çərçivəsində keçirdiyi görüşlərdə bir daha Azərbaycan-Çin əlaqələrinin möhkəm təməl üzərində uğurla inkişaf etdiyini əsaslı şəkildə diqqətə çatdırdı. Müsahibəsində aprelin 22-də Çin Xalq Respunlikasına gerçəkləşdirəcək dövlət səfərinin münasibətlərimizin inkişafına verəcəyi töhfələri öncədən belə şərh etmişdir ki, ÇXR-ə bütün əvvəlki səfərlər zəngin proqrama malik idi və qarşılıqlı maraqlara əsaslanan Azərbaycan-Çin çoxtərəfli əməkdaşlığının genişləndirilməsinə yönəlmiş bir sıra mühüm ikitərəfli sənədlərin imzalanması ilə müşayiət olunurdu. Növbəti səfər də Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcək”.
Azərbaycanın Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olduğunu önə çəkən millət vəkili bildirib ki, bu layihə təkcə nəqliyyat əlaqəsini təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır. “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığımız genişlənir. Bu istiqamətdə mühüm uğurlar qazanılıb. Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir.
Malik Həsənov münasibətlərimizin qısa təhlili əsasında bu qənaəti açıqlayıb ki, Azərbaycan-Çin əməkdaşlığı həm də regional və qlobal iqtisadi inteqrasiyanı gücləndirmək üçün mühüm amildir.