25 aprel 2025 02:58
112

Azərbaycan beynəlxalq idman yarışlarının təşkilində zəngin təcrübə qazanıb

Ölkəmizin bu il III MDB Oyunlarına ev sahibliyi etməsi qədim şəhərimiz olan Gəncənin timasalında Azərbaycan mədəniyyətinin, tarixinin, idman təcrübəsinin dünyaya təqdimatı baxımdan bir fürsət olacaq

1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. Bu qərarlar müsbət nəticələr verir, Olimpiya Oyunlarında və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artır. Qazanılan qələbələr və medallar Azərbaycanın idman ölkəsi olduğunu bir daha təsdiqləyir. Təsadüfi deyil ki, ötən il beynəlxalq yarışlarda ümumilikdə 1718 medal əldə etməklə Azərbaycan idmançıları rekorda imza atdılar. Dördilliyin ən mötəbər yarışı olan “Paris-2024” Yay Olimpiya Oyunlarında ölkəmizi 15 növ üzrə təmsil edən 48 idmançı iki qızıl, iki gümüş, üç bürünc mükafat əldə edərək 204 ölkə arasında 30-cu yeri tutdu və bununla da Azərbaycanın yeni Olimpiya rekorduna imza atıldı. Yay Paralimpiya Oyunlarında isə 18 idmançı ilə təmsil olunan komandamız dördü qızıl, ikisi gümüş və beşi bürünc olmaqla, Vətənə ümumilikdə 11 medalla döndü.

İdman yarışlarının keçirilməsində böyük təcrübəyə malik olan Azərbaycanda yerli və beynəlxalq turnirlər yüksək səviyyədə təşkil olunur. Ölkəmiz nüfuzlu yarışları yalnız paytaxt Bakıda deyil, idman infrastrukturu olan regionlarda da qəbul etməyə tam hazırdır. İdman sahəsində əsl yüksəliş dövrünü yaşayan Azərbaycanda mükəmməl idman infrastrukturu yaradılıb. Bütün bunlar ölkəmizi beynəlxalq nüfuzlu yarışların keçirilməsi üçün əlverişli məkana çevirib. İndi nəinki Bakıda, ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman kompleksləri uğurla fəaliyyət göstərir. Otən il işğaldan azad olunmuş ərazilərimizdə də beynəlxalq turnirlərin təşkili uğurla həyata keçirildi. Xankəndidə Xankəndi - Bakı ultramarafonu, Şuşada Vüqar Həşimov Memorialı və beynəlxalq şahmat turniri, Füzulidə beynəlxalq avarçəkmə reqatası ilin əlamətdar idman hadisələri kimi yaddaşlarda qaldı. Bu yarışlar işğaldan azad olunmuş ərazilərdə idman infrastrukturunun qısa zaman kəsiyində əlverişli vəziyyətə gətirildiyini göstərməklə yanaşı, Qarabağda idmanın inkişafına xüsusi diqqət yetirilməsinin bariz nümunəsinə çevrildi.

Qarşıda ölkəmizi mötəbər idman tədbirləri gözləyir. Azərbaycanın bu il ev sahibliyi edəcəyi III MDB Oyunları 23 idman növü üzrə təşkil edilməklə, “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” olan Gəncə şəhərində və ölkəmizin digər 6 şəhərində sentyabrın 28-dən oktyabrın 8-dək müddətdə keçiriləcək. Gəncədə 8, Mingəçevirdə 4, Qəbələdə 4, Şəkidə 3, Göygöldə 2, Yevlaxda 1 və Xankəndidə 1 idman növü üzrə yarışlar təşkil ediləcək. Oyunlarda iştirak etmək üçün MDB ölkələrinin idman heyətləri ilə yanaşı, bir sıra digər ölkələrin idmançılarının da Azərbaycan Hökumətinin dəvəti əsasında iştirakları gözlənilir. Bu hadisə ilə həm də tarixi Azərbaycan şəhəri olan Gəncənin timasalında Azərbaycan mədəniyyətini, tarixini, ölkəmizin idman təcrübəsini təqdim etmək üçün fürsət yaranmış olacaq. Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bununla bağlı demişdir: "Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq. Gəncədə yeni stadion inşa edilir və Oyunlara qədər istismara verilməlidir. Eyni zamanda, bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin böyük Olimpiya İdman Kompleksi açılıb. Hətta Bakı şəhərində bu boyda və bu qədər funksional standartlara cavab verən Olimpiya Kompleksi olmayıb. Üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir. Əgər biz 2015-ci ilin Avropa Oyunları ilə müqayisə etsək, o vaxt təqribən 5000-5500 iştirakçı var idi".

Dövlət başçısının sözlərinə görə, Gəncə şəhərində 7000 iştirakçını, onların komandalarını, heyətlərini qəbul etmək üçün şərait yaradılmalıdır və müvafiq göstərişlər verilib: "…Gəncə şəhərində çox böyük təmir-bərpa işləri aparılacaq. Həm şəhər infrastrukturu yenilənəcək, şəhər nəqliyyatı tamamilə yenilənəcək, tarixi binaların bərpası və digər infrastruktur layihələrimiz icra ediləcək ki, bizim qədim şəhərimiz olan, Nizami yurdu olan Gəncə bütün MDB məkanına və daha geniş coğrafiyaya öz gözəlliyini, eyni zamanda, tarixi simasını və müasirliyini təqdim etsin. Əlbəttə ki, biz təbii olaraq bu Oyunlara da hazırlaşırıq. Əminəm ki, bu Oyunların ev sahibi kimi Azərbaycan idmançıları, gənc idmançılar yaxşı nəticələr göstərəcəklər".

Qeyd edək ki, bu oyunlar Müstəqil Dövlətlər Birliyi ölkələrinin idmançıları arasında keçirilən idman yarışıdır. Yarış ilk dəfə 2021-ci ildə Rusiyanın Kazan şəhərində keçirilib. İkinci dəfə Belarusun paytaxtı Minskdə keçirilmiş yarışda MDB ölkələrindən əlavə olaraq başqa ölkələr də dəvət edilib.

III MDB Oyunlarına həsr olunmuş ilk mətbuat konfransında tədbirə hazırlıq mərhələsi haqqında media nümayəndələrinə ətraflı məlumat verilərkən qeyd olunub ki, oyunlar “Hər qəlbdə bir qələbə!” şüarı altında keçiriləcək. Açılış və bağlanış mərasimi isə Gəncə şəhər stadionunda baş tutacaq. Ümumilikdə 23 idman növü üzrə 12 idman obyektində yarışlar keçiriləcək. Oyunlarda 5500-ə yaxın iştirakçı gözlənilir. Artıq III MDB Oyunlarının maskotları - enerjili, mehriban Bəbir və Leyla ictimaiyyətə təqdim olunub. Onların Qafqaz bəbirinin obrazında yaradılmaqla, sadəcə simvol deyil, həm də Azərbaycanın zəngin təbiətini, gücünü və qonaqpərvərliyini parlaq şəkildə təcəssüm etdirildiyi qeyd edilir. III MDB Oyunlarının rəsmi internet saytı da artıq təqdim olunub. İstifadəyə verilən www.cisgames2025.com saytında tədbirlə bağlı hazırlıq prosesi, yarış cədvəlləri, idman məkanları, könüllü və media qeydiyyatı ilə bağlı ən son yenilikləri əldə etmək mümkün olacaq.

Bir mühüm məsələni xatırladaq ki, ötən ilin ən mühüm hadisələrindən biri də Bakının Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası tərəfindən 2026-cı il üçün dünyanın “İdman paytaxtı” seçilməsi oldu. Bu qərar Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi, yüksək standartlara uyğun mövcud idman infrastrukturu və idmanın təbliği üçün görülən nümunəvi fəaliyyətin yüksək qiymətləndirilməsi nəticəsində verildi. Heç şübhəsiz ki, hər il olduğu kimi, 2026-cı ildə də bütün dünyanın idman nəbzi Bakıda döyünəcək.

Sevinc Azadi, “İki sahil”