Latviya Prezidenti Edqars Rinkeviçs cümə axşamı günü ölkənin piyada əleyhinə minaların istifadəsini, yığılmasını və istehsalını qadağan edən Ottava Konvensiyasından çıxması ilə bağlı qanunu təsdiqləyib.
“İki sahil” xəbər verir ki, bu qərar regionda artan təhlükəsizlik təhdidləri fonunda qəbul olunub.
Qanunun izahatında vurğulanır ki, hazırkı geosiyasi şəraitdə Latviyanın öz hərbi imkanlarını məhdudlaşdırmaması və deterrent qabiliyyətini artırmaq üçün müxtəlif silah sistemlərindən istifadə etmə imkanı önəmlidir. Rəsmi Riqa idarə olunmayan piyada əleyhinə minaların müəyyən hallarda əvəzolunmaz müdafiə vasitəsi olduğunu hesab edir.
Bununla belə, Latviya beynəlxalq humanitar hüquq normalarına sadiq qalacağını və hərbi əməliyyatlar zamanı mülki əhalinin qorunmasına xüsusi diqqət yetirəcəyini bəyan edib.
Qeyd edək ki, 16 aprel tarixində Latviya Seymi bu qərarı yekun oxunuşda qəbul edib – 66 deputat lehinə, 14-ü isə əleyhinə səs verib.
Latviyanın bu addımı Estoniya ilə paralel həyata keçirilib. Eyni zamanda, Litva, Polşa və Finlandiya da Ottava Konvensiyasından çıxmaqla bağlı prosedurlara start veriblər. Bu, regionda təhlükəsizlik yanaşmalarının ciddi şəkildə yenidən nəzərdən keçirildiyinin göstəricisidir.