25 aprel 2025 14:29
103

Apple ABŞ bazarı üçün iPhone-ların yığılmasını Çindən Hindistana köçürür

Apple korporasiyası gələn ilin əvvəlində ABŞ üçün nəzərdə tutulan iPhone-ların yığılmasını Çindən Hindistana köçürməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki,  bu barədə “Financial Times” mənbələrə istinadla yazır.

2026-cı ilin sonuna qədər şirkət ABŞ üçün bütün iPhone-ları Hindistanda istehsal etməyi planlaşdırır. Apple məlumatı şərh etməkdən imtina etdi.

İstehsalın Hindistana köçürülməsi ABŞ prezidenti Donald Trampın Çin mallarına tətbiq etdiyi 145 faizlik idxal tariflərinə Apple-ın cavabıdır. Bloomberg-in xəbər verdiyi kimi, ABŞ indiyədək smartfon və kompüterləri qarşılıqlı rüsumlardan azad edib, lakin hadisələrin bundan sonra necə inkişaf edəcəyi məlum deyil.

IDC-nin məlumatına görə, ABŞ-da hər il təxminən 60 milyon iPhone satılır ki, bu da qlobal satışın 28%-ni təşkil edir. Apple-ın yeni planları o deməkdir ki, gələn ilin sonuna qədər Hindistanda istehsalı iki dəfə artıracaq. Hindistan artıq şirkətin avadanlıq istehsalının təxminən 20%-ni təşkil edir. Apple-ın smartfon və planşetləri üzrə əsas podratçısı Foxconn da Hindistanda nəhəng zavod tikir.