Almaniyanın gələcək kansleri Fridrix Merç rəhbərlik etdiyi Xristian Demokrat İttifaqından (CDU) yeni hökumətin tərkibində olacaq namizədlərlə bağlı qərar verib. 60 ildə ilk dəfə olaraq partiya nümayəndəsi Xarici İşlər Nazirliyinə nəzarət edəcək. Nazirliyin rəhbəri vəzifəsinə namizəd Ukraynaya “Taurus” qanadlı raketlərinin tədarükünün tərəfdarı olan Yohan Vadefuldur.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Bildirilir ki, Annalena Baerboku xarici işlər naziri postunda əvəzləyəcək 62 yaşlı vəkil Yohan Vadeful 2017-ci ildən parlamentin xarici və müdafiə siyasəti üzrə qrup rəhbərinin müavinidir. Son illərdə o, Fridrix Merçin beynəlxalq məsələlər üzrə əsas məsləhətçisi olub. Vadeful, xüsusilə, Ukraynaya Qərb silahları ilə Rusiya ərazisinin dərinliklərinə zərbə endirməsinə icazə verməyə çağırıb.
Fridrix Merçin sözlərinə görə, ekologiya və nəqliyyat nazirinin keçmiş müavini Katerina Reyx İqtisadiyyat və Energetika naziri olacaq. Rəqəmsallaşma və modernləşdirmə üzrə yeni departamentə MediaMarkt konserninin rəhbəri Karsten Uayldberqer rəhbərlik edəcək. Hüquqşünas Nina Uorken Səhiyyə Nazirliyinə, Şlezviq-Holşteyn təhsil naziri Karin Prien Təhsil Nazirliyinə, Bundestaqın Reynland-Pfaltsdan olan deputatı Patrik Şnayder isə Nəqliyyat Nazirliyinə rəhbərlik edəcək.