19 may 2025 08:59
100

ABŞ-də qatar piyadaları vurub, ölənlər var

ABŞ-nin Ohayo ştatının şimalındakı Fremont şəhərində qatarın piyadaları vurması nəticəsində azı iki nəfər ölüb, bir yaşlı körpə yaralanıb, daha bir azyaşlı isə itkin düşüb.

“İki sahil” xəbər verir ki, bu barədə CBS telekanalının yerli bölməsi məlumat yayıb.

Məlumata görə, hadisə Sandaski çayı üzərindəki körpüdə baş verib. İndiana ştatının Fort Ueyn şəhərindən olan ailə körpünün üstündə balıq tutarkən sürətlə gələn qatar onları vurub. Hadisə nəticəsində 58 yaşlı qadın və onun 38 yaşlı qızı ölüb, sonuncunun bir yaşlı körpəsi müxtəlif xəsarətlərlə xəstəxanaya aparılıb, 5 yaşında olduğu ehtimal edilən daha bir uşağın axtarışları davam edir.

Xilasedicilər hadisədən sonra uşağın suya düşdüyünü ehtimal edir və Toledo Yanğın və Xilasetmə İdarəsinin dalğıc qrupu hadisə yerindədir.

Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.