19 may 2025 13:57
111

Vaşinqtonda Suriya üzrə Türkiyə-ABŞ işçi qrupunun iclası keçiriləcək

Mayın 20-də Vaşinqtonda Suriya üzrə Türkiyə-ABŞ işçi qrupunun iclası keçiriləcək.

“İki sahil” xəbər verir ki, müzakirələrdə Ankaranı xarici işlər nazirinin müavini Nuh Yılmaz, Amerika tərəfini isə dövlət katibinin müavini Kristofer Landau təmsil edəcək.

İclasda Ankara və Vaşinqtonun Suriya siyasətinin prioritetləri, bu ölkədə təhlükəsizlik və sabitliyin təmin edilməsi istiqamətində birgə addımlar ətrafında fikir mübadiləsi aparılacaq.

Terror təşkilatları, o cümlədən İŞİD ilə mübarizəyə xüsusi diqqət ayrılması planlaşdırılır.

Ankara Vaşinqtonun ABŞ qoşunlarının Suriyadakı fəaliyyəti ilə bağlı məlumat verməsini gözləyir.

Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr ABŞ və Suriya prezidentlərinin Ər-Riyad görüşü fonunda qarşıdan gələn iclası, həmçinin Ağ evin rəhbəri Donald Trampın anti-Suriya sanksiyalarının ləğvi zərurəti ilə bağlı bəyanatını “xüsusilə əlamətdar hadisə” adlandırıblar.