Cəsarət Hüseynzadə: Azərbaycan İslam həmrəyliyi ideyasını yalnız siyasi bəyanatlarla deyil, konkret addımlar, təşəbbüslər və qlobal tədbirlərlə dəstəkləyir
Azərbaycanın beynəlxalq arenadakı mövqeyi son illərdə əhəmiyyətli dərəcədə yüksəlib və ölkəmiz İslam həmrəyliyi sahəsində lider dövlətlərdən birinə çevrilib. Bu, təkcə regional deyil, həm də qlobal səviyyədə İslam dünyasının birliyi və əməkdaşlığı üçün vacib bir mesajdır. Tarixi-mədəni dəyərləri, diplomatik təşəbbüsləri və strateji layihələri ilə Azərbaycan müsəlman ölkələrinin maraqlarını fəal şəkildə müdafiə edir, İslam mədəni irsinin qorunması və təbliği sahəsində mühüm addımlar atır. 2026-cı ildə ölkəmizdə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə görüşü Azərbaycan üçün həm milli, həm də beynəlxalq səviyyədə böyük strateji əhəmiyyət daşıyır. Bu tədbir Azərbaycanın İslam həmrəyliyindəki mövqeyini daha da gücləndirəcək, regionda sülh, inkişaf və əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.
“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Azərbaycanın İslam dünyasındakı mövqeyi güclənir: “Müasir dövrdə beynəlxalq münasibətlər sistemində regional təşkilatların rolu durmadan artır. Bu kontekstdə Azərbaycan İslam dünyasında həm diplomatik fəallığı, həm də mədəni-mənəvi irsə verdiyi dəyər ilə seçilir. Ölkəmiz İslam həmrəyliyi ideyasını yalnız siyasi bəyanatlarla deyil, konkret addımlar, təşəbbüslər və qlobal tədbirlərlə dəstəkləyir. Azərbaycan coğrafi baxımdan Avrasiya qovşağında yerləşsə də, tarixi-mədəni baxımdan İslam sivilizasiyasının ayrılmaz parçasıdır. VIII əsrdən bəri İslam dini bu torpaqlarda kök salmış, mədəniyyətin, elmin, memarlığın və hüququn inkişafına güclü təsir göstərmişdir. Şuşa, Gəncə, Naxçıvan, Bakı və digər şəhərlərdəki məscidlər, mədrəsələr və türbələr bu irsin canlı şahidləridir. Bu zəngin irsi qorumaq və dünyaya təqdim etmək dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib”.
İctimai Birliyin sədri qeyd etdi ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması bu istiqamətdə atılmış önəmli addımlardan biridir: “Həmin il ərzində təşkil edilən onlarla beynəlxalq tədbir, konfrans və mədəni proqram Azərbaycanın İslam dünyasında həmrəyliyin gücləndirilməsində fəal rol oynadığını nümayiş etdirdi. Ən diqqətçəkən hadisə isə IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi oldu. 54 ölkədən 3 mindən çox idmançının qatıldığı bu oyunlar idman vasitəsilə İslam ölkələri arasında dostluq və birliyin möhkəmləndirilməsinə xidmət etdi.
Azərbaycanın İslam həmrəyliyi siyasətində mədəni irsin bərpası xüsusi yer tutur. Ermənistanın işğalı dövründə Qarabağ və Şərqi Zəngəzur bölgələrində yüzlərlə məscid dağıdılmış, dini abidələr təhqir edilmişdi. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) bu faktı rəsmi sənədlərdə qeyd etmiş və Ermənistanın hərəkətlərini pisləyən qətnamələr qəbul etmişdir. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri təkcə milli deyil, eyni zamanda, İslam dünyası üçün əhəmiyyətli hadisədir. Şuşadakı Yuxarı Gövhər Ağa və Saatlı məscidlərinin bərpası bu baxımdan mühüm əhəmiyyət daşıyır”.
Cəsarət Hüseynzadə vurğuladı ki, İslam Əməkdaşlıq Təşkilatı 57 üzvü ilə dünyanın ikinci ən böyük hökumətlərarası təşkilatıdır. Zirvə görüşü isə bu qurumun ən ali qərarverici platformasıdır. Belə bir tədbirin 2026-cı ildə Azərbaycanda keçirilməsi bir neçə baxımdan strateji hadisədir: “Əvvəla, bu, Azərbaycanın İƏT daxilində artan nüfuzunun göstəricisidir. Eyni zamanda, bu görüş ölkəmizə İslam dünyası ilə iqtisadi, humanitar, siyasi və texnoloji əməkdaşlıq sahələrini genişləndirmək imkanı verəcək. Azərbaycan bu Zirvə çərçivəsində bir sıra qlobal və regional problemləri gündəmə gətirə bilər. İqlim dəyişikliklərinə uyğunlaşma, ərzaq və enerji təhlükəsizliyi, İslam mədəni irsinin qorunması, müsəlman ölkələri arasında təhsil və innovasiya sahəsində əməkdaşlıq kimi mövzuların prioritet olacağı gözlənilir. Həmçinin Azərbaycanın təşəbbüsü ilə formalaşan “yaşıl enerji zonası” modeli və Zəngəzur dəhlizi layihəsi də Zirvə gündəminin diqqət mərkəzində ola bilər.
Azərbaycan İƏT çərçivəsində hər zaman prinsipial və ədalətli mövqe sərgiləyib. Bu, Qarabağ məsələsində özünü daha qabarıq göstərmişdir. İƏT çərçivəsində qəbul edilmiş sənədlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə olunub. Ölkəmiz, eyni zamanda, digər müsəlman dövlətlərinin də beynəlxalq səviyyədə haqlı mövqelərinə dəstək verir, İslamofobiya ilə mübarizə və İslam ölkələrinin inkişaf problemlərində həmrəylik nümayiş etdirir”.
Həmsöhbətimizin sözlərinə görə, Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsində yalnız İslam Əməkdaşlıq Təşkilatı deyil, eyni zamanda Qoşulmama Hərəkatı (QH) da mühüm rol oynayır: “120-dən artıq üzvü olan bu təsisat dünya miqyasında BMT-dən sonra ən böyük hökumətlərarası platformadır. Azərbaycan 2019–2023-cü illərdə Hərəkatın sədri olmuş və bu dövrdə İslam ölkələrinin maraqlarını da qlobal səviyyədə müdafiə etmişdir. Xüsusilə QH-yə sədrliyi dövründə Azərbaycan İslam dünyasının aktual problemlərini daim gündəmdə saxlamış, müsəlman ölkələrinin inkişaf problemlərinə dair qlobal çağırışlarla çıxış etmişdir. Bu, Azərbaycanın yalnız regional deyil, həm də qlobal İslam həmrəyliyinə töhfə verdiyini göstərir. 2020-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə dəstək bəyanatının qəbulu Hərəkat daxilində İslam ölkələrinin Azərbaycana göstərdiyi həmrəylik nümunəsi kimi qiymətləndirilə bilər. Azərbaycan həm də 2020–2023-cü illərdə QH çərçivəsində humanitar və səhiyyə sahəsində bir sıra təşəbbüslərlə çıxış edərək, inkişaf etməkdə olan İslam ölkələri üçün COVID-19 pandemiyası dövründə yardımçı oldu. Bu isə həm İslam həmrəyliyi, həm də qlobal ədalət prinsipinə bağlılığın real təzahürü idi. Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2022-ci ildə Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Gənclər Sammiti çərçivəsində Hərəkatın Gənclər Təşkilatı təsis edilmişdir. 2023-cü ildə isə Bakı Təşəbbüsü çərçivəsində Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması təşəbbüsü irəli sürülmüş və bu istiqamətdə fəaliyyətə başlanılmışdır. Hər iki təşəbbüs, müsəlman ölkələrində gənclərin və qadınların gücləndirilməsi istiqamətində beynəlxalq əməkdaşlığa mühüm töhfə vermişdir”.
Cəsarət Hüseynzadə diqqətə çatdırdı ki, Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfələr konkret və dərin əsaslara söykənir: “Ölkəmiz yalnız İslam mədəniyyətinin qorunması və tanıdılması ilə deyil, həm də müasir çağırışlara cavab verən təşəbbüsləri ilə də fərqlənir. 2026-cı ildə keçiriləcək İƏT-in Zirvə görüşü Azərbaycanın bu sahədəki liderlik iddiasını bir daha sübut edəcək. Bu, təkcə diplomatik nailiyyət deyil, həm də milli kimliyə və qlobal məsuliyyətə əsaslanan strateji vizyonun göstəricisidir”.
Nigar Orucova, “İki sahil”