30 may 2025 13:30
286

Milli Qəhrəman Yuriy Kovalyovun 60 illik yubileyi münasibətilə tədbir keçirilib

Azərbaycanda Rus İcmasının Respublika Şurasının və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Yuriy Kovalyovun 60 illik yubileyi münasibətilə tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdən öncə Milli Qəhrəman Yuriy Kovalyovun Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Beynəlxalq Muğam Mərkəzində davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə İctimai Televiziya və Radio Yayımları Şirkətindən çəkiliş qrupunun rəhbəri Əlövsət Sadıqov çıxış edərək Azərbaycanın Milli Qəhrəmanı Yuriy Kovalyov haqqında çəkilmiş “Kəşfiyyatçı Yura” adlı film barədə məlumat verib. Sonra film nümayiş etdirilib. Filmdə Milli Qəhrəmanın keçdiyi döyüş yolu, onun iştirakı ilə azad edilmiş ərazilər barədə məlumat verilib.

Filmin nümayişindən sonra Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Mixail Zabelin, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Azərbaycanın Milli Qəhrəmanı Yuriy Kovalyovun döyüş yoldaşı ehtiyatda olan polkovnik Elmar Hüseynov və başqaları çıxış ediblər.

Azərbaycanın Milli Qəhrəmanının ailəsi adından çıxış edən Yuriy Kovalyovun qızı Regina Kovalyova isə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini çatdırıb.

Çıxışlardan sonra tədbirin bədii hissəsi olub, Azərbaycan Respublikasının xalq artisti, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Samir Cəfərov, Azərbaycan Respublikasının əməkdar artisti, Prezident Mükafatçısı Anton Ferştandt və Azərbaycan Opera və Balet Teatrının solisti Nina Makarova vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər.