31 may 2025 09:42
197

Göycə Festivalında Naxçıvan şəhər stendinə böyük maraq göstərilib

Mayın 30-da Naxçıvan şəhərindəki Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Göycə Festivalı”nın açılış mərasimi olub.

İki sahil”in məlumatına görə, açılış mərasimində Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış stend ziyarətçilərin, turistlərin və Naxçıvanda qonaq olan ölkənin media nümayəndələrinin böyük marağına səbəb olub.

Stenddə Naxçıvan bölgəsinə məxsus göycə məhsulları və göycədən hazırlanmış əl işləri nümayiş etdirilib, müxtəlif növ təamlar, içkilər və şirniyyatlar ziyarətçilərə təqdim olunub. Xüsusilə göycədən hazırlanan milli mətbəx nümunələri festival iştirakçıları tərəfindən maraqla qarşılanıb və tədbir iştirakçıları bu məhsulların dadına baxıb.

Naxçıvan mətbəxinin zənginliyi və yerli məhsullardan hazırlanan təamların təqdimatı festivala rəng qatıb, qonaqlarda xoş təəssürat yaradıb.

Qeyd edək ki, festival may ayının 31-i saat 14:00-dək davam edəcəkdir.