Vəli İlyasov |
Mübaliğəsiz demək olar ki, 1993-cü ildən keçən iyirmi dörd ildə Azərbaycan bəlkə də yüz illik bir inkişaf yolu keçib. Dediklərimizi əsaslı faktlarla da sübut edə bilərik. Ancaq sübut etməyə heç bir ehtiyac yoxdur, çünki hər şey göz qabağındadır. Bakıdan başlamış ən ucqar kəndlərə qədər hər yerdə yüksəlişin şahidi oluruq. Bu titanik inkişafı yalnız korlar görməyə bilərlər.
Bu günlərdə Prezident İlham Əliyevin Balakən, Zaqatala və Qax rayonlarına səfərini izləyərkən şahidi olduq. Həmin rayonlarda müxtəlif yeni istehsal sahələrinin açılışı, aparılan geniş tikinti-quruculuq və abadlıq, rahat asfalt yollar, yaşıllaşdırma, rayon mərkəzlərinin və kəndlərin gözəl mənzərələri, saysız-hesabsız yeniliklər ürəkaçandır.
Prezident Balakənə səfərində deyib: “Çox məmnunam ki, növbəti dəfə Balakənə səfər etmişəm. Bu, mənim sayca beşinci səfərimdir. Bu, özlüyündə onu göstərir ki, Azərbaycan dövləti Balakən rayonunun inkişafına çox böyük diqqət göstərir. Bu diqqət və qayğı nəticəsində Balakən rayonunda işlər yaxşı gedir, rayon inkişaf edir, bir çox önəmli sosial, iqtisadi layihələr, biznes, infrastruktur layihələri icra edilir. Bir sözlə, Balakəndə hərtərəfli inkişaf təmin olunur və əlbəttə ki, gələcək illərdə bu inkişaf daha da sürətlə gedəcək.” Bununla bərabər dövlət başçısı yada salıb ki, indi müxalifətdə olan o zamankı iqtidar bir il ərzində heç bir iş görmədi. Əksinə, 1993-cü ilin yarısına qədər Azərbaycana rəhbərlik edən səriştəsiz AXC-Müsavat cütlüyü ölkədə anarxiya və xaos yaratdı. Sənaye və kənd təsərrüfatı tənəzzülə uğradı, torpaq islahatı gecikdirildi, inflyasiya min faizlərlə tüğyan etdi, ölkə tamamilə bərbad vəziyyətə düçdü. Azərbaycan geniş miqyaslı vətəndaş müharibəsinin bir addımlığına gətirilib çıxarıldı. Yalnız ümummilli lider Heydər Əliyev xalqın dəfələrlə təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələndən sonra ölkədə qanun-qayda yaradıldı, iqtisadiyyat qısa müddətdə ölü nöqtədən çıxarıldı.
2003-cü ildən sonra ulu öndər Heydər Əliyevin uğurla davam etdirilən kursu Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxardı, ölkəmiz Cənubi Qafqaz regionunun güclü dövləti oldu. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2004-cü ildən indiyədək Azərbaycan regionlarının sürətli inkişafına təkan verən Dövlət Proqramı həyata keçirildi, hazırda üçüncü proqram uğurla icra edilir.
Rayonlara səfərində dövlət başçısının bölgələrin inkişaf tempindən razı qalması və yerli sakinlərin dövlətin qayğısından məmnun qaldıqlarını bildirmələri hər birimizdə qürur hissi oyadır. Lakin təəssüflər olsun ki, xalqın içindən çıxan, ancaq onu bəyənməyən naşükür və şəkkaklar ölkəmizin bu yüksəlişini gözləri götürmür. Belələri hər vasitə ilə görülən işləri, inkişafı danmağa çalışırlar. Balakənin, Zaqatalanın, Qaxın və eləcə də digər rayonların inkişafını dana bilməyən müxaliflər indi susmağa qərar veriblər. Elə susublar ki, sanki qurbağanın gölünə daş atılıb. Ancaq aralarında elələri də var ki, artıq öz gücsüzlüklərini və heç nəyə qadir olmadıqlarını etiraf etməyə başlayıblar.
Buna ən bariz nümunə kimi Ağ Partiyanın sədri Tural Abbaslının açıqladığı fikirləri göstərmək olar. “Amma təəssüf ki, süstlük davam edir, siyasi fəallıq sıfır dərəcəsindədir. Prezident seçkiləri yaxınlaşdıqca qruplar arasındakı savaş daha da şiddətlənir...Uzun illər yürüdülən siyasətin nəticəsində xalqa eyni vədlər verməsinə, eyni sözləri deməsinə baxmayaraq ənənəvi müxalifət nəinki hansısa uğura imza atıb, əksinə tutduğu mövqeləri, əlində olan resursları da tam itirib.” Partiya sədrinin daha bir fikri də diqqəti cəlb edir. O, deyib ki, iyirmi ildən də çox müxalfətdə qalıb saç ağardan, lakin xalqa yaxın getməyən və yalnız onun adından sui-istifadə etmək niyyətində olanlar yanılıblar. Onlar siyasətlə deyil, siyasətbazlıqla məşğul olurlar. Üzünü həmfikirlərinə tutan Tural Abbaslı onlara xitabən söyləyib : “Xalq səndə özünün bir parçasını görməlidir. Hazırda bizdə ənənəvi müxalifətin hansı siyasi liderinin xalqdan xəbəri var? O adamlardan hansı maldarın, əkinçinin, fəhlənin, müəllimin problemlərindən xəbərdardır? Xalq hər şeyi yaxşı görür.”
Abbaslıdan başqa daha bir neçə müxalifət rəhbəri və funksionerləri də fərsizliklərini və xalqdan ayrı düşdüklərini açıqca etiraf etməli olublar. Bütün bunlar şübhəsiz, iqtidarın apardığı nəhəng quruculuq işləri ilə müxalifət üzərində qələbəsidir.